Ərdəbil imamı “Dünya Müsəlman Azərilər Günü” adlı növbəti tədbir keçirib

Dünən, 15:23           
Ərdəbil imamı “Dünya Müsəlman Azərilər Günü” adlı növbəti tədbir keçirib
Ərdəbilin cümə imamı və İranın ali liderinin Ərdəbil vilayətindəki nümayəndəsi Ayətullah Seyyid Həsən Amili bazar günü Ərdəbildə “Dünya Müsəlman Azərilər Günü” adlı növbəti tədbir keçirib.

Yarı-rəsmi Mehr və Tasnim kimi xəbər agentliklərinə istinadən, Ərdəbil imamının təqribən 10 il əvvəl başlatdığı Dünya Müsəlman Azərilər Günü tədbiri bu il “Din, Dil, Torpaq” şüarı altında Ərdəbilin Şeyx Səfi Kompleksinin Xətayi zalında təşkil olunub.

Amili həmin mərasimdə 1990-cı ilin yanvar ayında Azərbaycan SSR–də baş verən olaylara işarə edərək “19 yanvar günündə ‘Azərilərin’ İrani kimliyinin tamamən aşkar olunduğunu” iddia edib.
“Dünya Müsəlman Azərilər Günü” adı altında tədbirlər təqribən 10 il əvvəldən hər il Ərdəbil və bəzi digər şəhərlərdə qeyd edilir. 19 yanvarın müsəlman azərilər günü adlandırılmasını təklif edən də elə İranın ali ruhani liderinin Ərdəbildəki nümayəndəsi Seyyid Həsən Amilidir.

2015-ci ildə keçirilən ilk tədbirdə “Azərbaycanda yaşayan əhalinin türk deyil, bəlkə İrani kimliyə malik olan azəri xalqından ibarət olduğu” vurğulanaraq, bunu isbatlamaq üçün lazımi layihələrin həyata keçiriləcəyi bildirilmişdi.
Ayətullah Amili builki tədbirdə isə deyib ki, “19 yanvarda Azərilən İrani kimliyi tamamən aşkar oldu. Elə ki, onlar öz dinlərinə və dərin inanclarına qalıcı bir qayıdış sərgilədilər.”

O, Azərbaycanla bağlı tarixin təhrif olunduğunu irəli sürərək əlavə edib: “Ərdəbildə azəri dili və tarixinin ensiklopediyasını yazmaq üçün bir tarix tədqiqat qrupu təşkil olunub. Bizim bütün səyimiz azəri xalqının tarixini ətraflı, dəqiq və sənədləşdirilmiş tərzdə tərtib etməkdir. Bunun ardınca, dövlət və məsulların dəstəyi ilə Şah İsmayıl filmi və serialını da hazırlayıb yayımlayacağıq.”
Ayətullah Amilinin adı keçən bir neçə həftə ərzində sıx-sıx İran, Azərbaycan Respublikası və Türkiyə mediasının gündəmində olub. Onun dekabrın 29-da Ərdəbilin böyük məscidində təşkil etdiyi “Aşuradan Çaldırana, Çaldırandan Zühuradək Müqavimət” adlı mərasimdə Azərbaycan və Türkiyə prezidentlərinə qarşı təhqiredici ifadələrin səsləndirilməsi İran-Azərbaycan münasibətlərində gərginliyə yol açıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.