Cahangir Hacıyevin maliyyə nazirini hədəf almasının daha bir səbəbi-qısasçılıq...

12-10-2016, 11:13           
Cahangir Hacıyevin maliyyə nazirini hədəf almasının daha bir səbəbi-qısasçılıq...
Ekspert: “Samir Şərifova qarşı ittihamları sənədlərlə sübut etməlidir”
Həbsdə olan sabiq bankir Cahangir Hacıyev məhkəmədə son sözündə də hədəfində maliyyə naziri Samir Şərifov oldu. Belə ki, C. Hacıyev iddia etdi ki, Samir Şərifov təkcə “Azərinşaat”a ayrılan vəsaitdən 350 milyon mənimsəyib: “Buna cinayət deyilmir. Niyə? Bu işi araşdırmaq üçün niyə Bülənt Karanı gətirmədiniz? Ola bilsin ki, bu gün kimsə toxunulmazdır. Amma sabahı bilmək olmaz.

Məhkəmədən xahiş etmirəm, tövsiyə edirəm ki, hamıya bəraət verilsin, iş geri qaytarılsın, müstəntiq və prokuror haqqında xüsusi qərar çıxarılsın. Əgər bunlarda zərrə qədər vicdan varsa, üzr istəsinlər. Nə qərar çıxaracaqsınızsa, o sizin işinizdir. Amma bu günün sabahı da var”.

C. Hacıyev daha öncəki məhkəmə proseslərində də israrla Samir Şərifovun adını hallandıraraq, onun da istintaqa cəlb olunmalı olduğunu bildirirdi.

Maraqlısı budur ki, təkcə C. Hacıyev deyil, onun bacısı Əminə Hacıyeva da Samir Şərifova qarşı ittihamlar səsləndirib.

Bəs C.Hacıyevin Samir Şərifova qarşı ittihamları gerçəkliyi əks etdirirmi?

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov “Yeni Müsavat”a mövzu ilə bağlı bildirib ki, bu ittihamlar kənardan şəxsi məsələlərlə bağlı görünür: “Cahangir Hacıyev məhkəmə prosesi əsnasında bir neçə dəfə Samir Şərifov haqqında mənfi fikirlər səsləndirib, ancaq ortaya hər hansı bir sənəd, fakt qoymayıb. Hətta deyib ki, guya onun təqdim etdiyi bəzi faktları məhkəmə qəbul etməyib. Cahangir Hacıyevə nə mane olur? Əgər onun əlində faktı varsa, heç olmasa bunu ictimaiyyətə ötürsün, mətbuatda yaysın. Doğrudanmı onun ittihamları əsaslıdır? Hesab edirəm ki, burada daha çox şəxsi motivlər ön plandadır. Hamımız bilirik ki, uzun illər idi Samir Şərifov Beynəlxalq Bankın Müşahidə Şurasının sədri olsa da, banka təsir göstərə bilmirdi. Cahangir Hacıyev isə istədiyini edirdi. Cahangir Hacıyevin həbs olunmasından sonra Samir Şərifov nəhayət ki, səlahiyyətlərindən istifadə edərək, bankdakı özbaşınalıqlara son qoydu. Onun qanunsuz fəaliyyətini Samir Şərifov üzə çıxardı. Buna görə də məsələni şəxsi xarakterli hesab edirəm. Doğrudur, Beynəlxalq Bankdakı hadisələrə görə Samir Şərifovun da ən azı peşəkar və siyasi məsuliyyəti var. Lakin hesab edirəm ki, hüquqi məsuliyyətdən söhbət gedə bilməz. Çünki Samir Şərifov Beynəlxalq Bankın fəaliyyətinə qətiyyən müdaxilə edə bilmirdi”.

Ekspert bildirib ki, Beynəlxalq Bankın bütün kreditlərini Cahangir Hacıyev verib: “Bu isə Samir Şərifovun icazəsi olmadan aparılıb. Necə ola bilər ki, Cahangir Hacıyevin söylədiyi kimi, vəsait gedib Samir Şərifova çıxıb? Əgər belə fakt varsa, bunun da sənədlərini göstərib, sübut etsin. Bu, sadəcə olaraq ona bənzəyir ki, pis işin üstü açılır, bu işi görən adam da qarşı tərəf haqqında pis nələrsə söyləyir. Bəlkə doğrudan da əsas var. Ancaq varsa, bu, sözlə sübut oluna bilməz. Samir Şərifovun fəaliyyətində ola bilər ki, qüsurlar var. Ancaq bu, Beynəlxalq Bankla bağlı ola bilməz. Çünki orada qərarları bir nəfər qəbul edirdi, o da Cahangir Hacıyev olub. Eyni zamanda Samir Şərifovu Cahangir Hacıyevin bacısının da ittiham etməsi, məsələnin şəxsi olması qənaətinə gəlinməsinə şərait yaradır”.

Ekspert C. Hacıyevin Şərifova qarşı devalvasiya ilə bağlı səsləndirdiyi ittihamlara da münasibət bildirib:

“Qəbul edirəm ki, devalvasiya haqqında qərarı Cahangir Hacıyevin söylədiyi kimi, Samir Şərifov verə bilər. Hətta bu qərarı o veribsə belə, hesab edirəm ki, bunu doğru edib. 2015-ci ilin fevral ayını xatırlayaq ki, açıqlanan məlumatlara görə, bəzən həmin günlərdə 500 milyona qədər dollar alınıb. Bunu isə aydın məsələdir ki, bankirlər alırdılar. Söhbət elə başda Cahangir Hacıyev və Mərkəzi Bankın sədri Elman Rüstəmovdan gedir. Bu şəxslərin bərbad fəaliyyəti nəticəsində banklar dolları alıb, milli valyutamızı sarsıdırdılar. Devalvasiyadan qaçmaq mümkün deyildi”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.