Hakimiyyət ATƏT-lə əməkdaşlığı bərpa edir
14-10-2016, 09:38
Münasibətlərin bərpasının arxasında dayanan ilginc səbəblər
ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun (DTİHB) direktoru Mixael Link oktyabrın 12-13-də Azərbaycanda səfərdə olub. Səfər çərçivəsində Mixael Link Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla, Milli Məclisin sədr müavini, İnsan Hüquqları Komitəsinin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslərlə görüşlər keçirib.
Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsindən verilən məlumata görə, ATƏT/DTİHB-nin direktoru MSK ilə qarşılıqlı faydalı əməkdaşlığı davam etdirmək və daha da inkişaf etdirmək istədiklərini bildirib. M. Pənahov diqqətə çatdırıb ki, MSK beynəlxalq qurumlarla əməkdaşlığa hər zaman açıqdır və bu münasibətlər Azərbaycanda seçki praktikasının daha da təkmilləşdirilərək hazırkı inkişaf səviyyəsinə çatmasında mühüm əhəmiyyət kəsb edir. O, Azərbaycanda hazırda mövcud olan hərtərəfli şərait və demokratik mühitin seçkilərin də azad, ədalətli və şəffaf keçirilməsinə geniş imkanlar yaratdığını söyləyib.
M.Link M. Pənahovu bu ilin noyabr ayında Vyanada keçiriləcək seçki məsələlərinə həsr olunan tədbirə dəvət edib.
ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun direktorunun Bakıya səfəri və keçirilən görüşlərdə seçki məsələlərində əməkdaşlığı daha da gücləndirmək, əlaqələri artırmaq istəyində olduğunu deməsi, Azərbaycan rəsmilərinin də əməkdaşlığa hazır olduqlarını bildirməsi son illərdə qırılan münasibətlərin bərpa olunacağı ehtimalını artırıb.
Xatırladaq ki, ATƏT DTİHB ilə Azərbaycan hökumətinin münasibətlərində gərginlik 2010-cu ilin 7 noyabr parlament seçkilərindən sonra başlanmışdı. Qurumun seçkilərin nəticələrini şübhə altına alan hesabat yayması rəsmi Bakının narazılığına səbəb olmuş və müşahidə missiyası qərəzdə ittiham olunmuşdu. Başlanan gərginlik ATƏT/DTIHB-nin 2015-ci ildə keçirilən parlament seçkilərinə müşahidəçi göndərməkdən imtina etməsi ilə nəticələndi.
Büronun direktoru Mixael Link bildirmişdi ki, Azərbaycan tərəfdən tətbiq edilən məhdudiyyətlərə görə bu addımı atmağa məcbur olublar: “Müşahidəçilərin sayına Bakının qoyduğu məhdudiyyətlər effektiv və etibarlı seçki müşahidəsi aparmağa imkan vermir. Ona görə də təəssüf ki, biz ümumilikdə bu seçkiyə müşahidəçi göndərməmək qərarına gəldik. Azərbaycan hakimiyyətinin müşahidəçilərin sayına qoyduğu inadlı məhdudiyyətlər bu ölkənin ATƏT qarşısında öhdəliklərinə və Büronun müşahidə missiyasının mandatına ziddir”.
2015-ci ilin iyunun 4-də isə Azərbaycan hökuməti ATƏT-in Layihələr Koordinatorluğunun Bakıda fəaliyyəti üçün zərurət olmadığını əsas göstərərək ATƏT arasında bağlanmış “ATƏT-in Bakıda Layihələr Koordinatoru haqqında qarşılıqlı anlaşma Memorandumu”nu qüvvədən düşmüş elan etdi. Ardınca da ATƏT-in Bakı ofisinin fəaliyyəti dayandırıldı.
ATƏT DTİHB direktorunun bugünlərdə Bakıya səfəri və verilən bəyanatlar isə münasibətlərin bərpası istiqamətində çalışmalara başlandığını deməyə əsas yaradır.
“Turan” informasiya agentliyinin direktoru Mehman Əliyev hesab edir ki, hakimiyyət son illərdə münasibətlərə son qoyulan beynəlxalq təşkilatlarla münasibətlərin bərpasına çalışır. Qərbin yardımını əldə etmək üçün ATƏT kimi qurumlarla münasibətlərin bərpası zərurəti meydana çıxıb: “Avropa Parlamentinin nümayəndə heyəti referendumdan öncə Bakıya səfər etdi və Azərbaycan prezidenti onları qəbul elədi. Keçirilən görüşlərdə Azərbaycanın nümayəndə heyətinin Avropa Parlamentində fəaliyyətinin bərpası məsələsi müzakirə olundu. Azərbaycan hakimiyyətinin Avropa Parlamenti və ardınca da ATƏT-lə münasibətləri bərpa etmək istəyində olduğu son vaxtlar müşahidə edilir. Bu da ondan irəli gəlir ki, hökumət ağır vəziyyətdədir, Qərbdən yardımlar istəyirlər. Qərb də bu yardımları ancaq ölkədə demokratik prosesin getməsi çərçivəsində mümkün sayır. ATƏT-in Bakı ofisinin bərpası, ATƏT-lə normal münasibətlərin qurulması da şərtlər kimi Azərbaycan hökumətinin qarşısında qoyulub. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbərinin gəlişi də Azərbaycan tərəfinin təşəbbüsüdür. Çünki münasibətləri yaxşılaşdırmaq istəyirlər. Hökumət yardım almaq istəyir, bu istəyini həyata keçirməkdən ötrü Qərblə, beynəlxalq təşkilatlarla yenidən münasibətləri bərpa etməyin vacibliyini bilirlər”.
M.Əliyev vurğuladı ki, hökumət ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu ilə münasibətlərin bərpasını növbədənkənar seçkilərdə bu qurumun müşahidəçilərinin iştirakını təmin etmək üçün istəmir: “Azərbaycan hakimiyyəti əgər növbədənkənar seçkilərə gedəcəklərsə, bu seçkiləri də referendum kimi sakit, mümkün qədər az beynəlxalq müşahidəçilər olmadan keçirməyə çalışacaq. Mən hesab eləmirəm ki, hakimiyyətə ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının gəlib burada prezident seçkilərini izləməsi lazımdır. İndiki vəziyyətdə hakimiyyətə bu lazım deyil. Gələcəkdə isə bu lazım olacaq. Gözlənilir ki, yaxın aylarda növbədənkənar seçkilər olacaq. Qərb də bu seçkilərə çox aktiv şəkildə müdaxilə eləməkdə, seçki prosesini ciddi nəzarətdə saxlamaqda maraqlı deyil. Qərb hətta maraqlıdır ki, növbədənkənar seçkilər texniki bir seçki kimi tez keçirilsin və məsələ sakit həll olunsun və bundan sonra islahat prosesləri başlansın. İslahatlar isə siyasi və iqtisadi sahədə olacaq. Odur ki, ATƏT-in müşahidəçiləri bu seçkilərdən sonrakı dövrlərdə keçiriləcək seçkiləri izləyəcək”.