İstiqlalçı deputatlar bir araya gəldilər və tədbir keçirdilər - FOTOLAR

16-10-2016, 10:03           

Bu gün Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə Azərbaycan respublikasının müstəqilliyi haqqında Konstitusiya aktının qəbul olunmasının 25 illiyi münasibəti ilə “İstiqlal-25” adlı tədbir keçirilib.

Musavat.com-un məlumatına görə, BAO-nun qərargahında baş tutan tədbirə bir neçə istiqlalçı millət vəkili, partiya sədrləri və digər ictimai fəallar qatılıblar.

Tədbirdə ilk olaraq çıxış edən Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər bildirib ki, bir millətin istiqlalının əldə olunması onun tarixində ən işıqlı və gözəl günlərdir:

“Bizim nəsil də xoşbəxtdir ki, o dövrdə yaşamaq, proseslərdə iştirak etmək bizə qismət olub. İstiqlalçı millət vəkillərinin hər biri hörmətə layiqdir və onların xidmətləri böyükdür. Sadəcə olaraq onu qeyd etmək istəyirəm ki, istiqlalı təkcə istiqlalçı millət vəkilləri qazanmayıb. Doğrudur, burada əyləşən millət vəkillərinin də bu məsələdə rolu böyükdür və mən onların hər birindən saatlarla danışa bilərəm. Ancaq istiqlalı qeyd etdiyim kimi təkcə onlar deyil, Əbülfəz Elçibəy başda olmaqla Azərbaycan xalqı qazanıb. Bu mübarizənin Elçibəy kimi bütün dünyada tanınan qəhrəmanlarından başlamış, çox az adamın tanıdığı adsız qəhrəmanları da çoxdur. Ona görə də bu istiqlalın əldə edilməsi Azərbaycan xalqının xidmətidir”.

İ. Qəmbər bildirib ki, xalqların müstəqillik uğrunda mübarizəsi olmasaydı, SSRİ dağılmazdı:
“Deyirlər ki, istiqlal böyük bir hadisə deyildi, SSRİ onsuz da dağılırdı və Azərbaycanın müstəqilliyi qaçılmaz idi. Bu yalanlara inanmayın. Xalqlar müstəqillik uğrunda mübarizə aparmasaydılar, SSRİ hansısa şəkildə həmin böhranı adlaya bilərdi. Xüsusilə gürcülərin, Ukrayna və Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsi SSRİ-ni dağıdan əsas amil oldu. Bu möhtəşəm bir mübarizə idi. Burada təbii ki, Rəsulzadə və digər böyük şəxsiyyətlərimizin təsiri var idi. O cümhuriyyət qurulmasaydı, Azərbaycan da Rusiyanın bir əyaləti kimi qala bilərdi. Necə ki, indi Tatarıstan, Başqırdıstan və digərləri elədir. Bu baxımdan hər zaman Rəsulzadə və 1918-ci ildə dövləti quran digər böyük şəxslərə də minnətdar olmalıyıq”.

Daha sonra çıxış edən AMİP lideri Etibar Məmmədov söyləyib ki, 18 oktyabr bütün azərbaycanlılar üçün çox əlamətdar bir gündür:

“Təəssüf ki, bu günün lazımı qaydada, dövlət səviyyəsində qeyd olunmasına laqeyd yanaşılır. Bunun səbəbləri barədə danışmıram. Ancaq çalışmalıyıq ki, bu günün önəmini gənclərə çatdıraq. Mənim fikrimcə, Azərbaycanda istiqlal mübarizəsi fasiləsiz olub. Bu, arada zəifləyə və güclənə bilər, ancaq fasilə olmayıb. Qəlblərdə bu mübarizə hər zaman olub və nəsildən, nəsilə keçib. Bunda da böyük xidmətləri olan insanlar olub. 1918-ci ildə istiqlala nail olan nəsil nə qədər qırılsa da, mühacirətə getsə də qalanların ürəyində istiqlal mübarizəsi hər zaman yaşayıb. Bunun nəticəsidir ki, münbit şərait yaranan kimi 1980-ci illərin sonunda başlayan xalq hərəkatı, tezliklə istiqlal mübarizəsinə çevrilib. Onu da deyim ki, AXC yaranan zaman onun ilk proqramında istiqlalın əldə olunması məsələsi yox idi. Hətta istiqlalın proqrama salınması təklif edilən zaman buna etiraz edənlər də oldu. Halbuki, xalqın böyük əksəriyyəti mənim və bir çoxlarının inamına görə, buna artıq hazır idilər. Lakin bunu həmin zaman hiss etməyənlər sonradan açıq şəkildə bunun üzə çıxmasının şahidi oldular. Bunun nəticəsi idi ki, Azərbaycan xalqı istiqlalını dünyaya tanıda bildi və deyildiyi kimi, SSRİ-nin dağılmasına səbəb olan xalqlardan biri oldu”.

Sabiq daxili işlər naziri İsgəndər Həmidov da çıxış edərək, həmin dövr barədə xatirələrini danışdı. O bildirdi ki, zaman gələcək Azərbaycan insanı üçün Təbriz də əlçatan olacaq.

Sonra söz KXCP sədri Mirmahmud Mirəlioğluna verildi. O bildirdi ki, nəhayət bu il Azərbaycan hökuməti 18 oktyabrı dövlət səviyyəsində qeyd etmək niyyətindədir:
“Hesab edirəm biz indi xatirə danışmalı deyilik. Bu dövlətin qurucuları, yaradıcıları nə üçün bu gündə yaşayırlar? Bunu haqq etmişdilərmi? Məncə, bir az etmişdilər. Çünki indiki hakimiyyətin özünün gəlməsində hər birimizin bir az da iştirak və məsuliyyətimiz var. Ancaq bunu da qeyd edib üstündən tez keçim ki, bayramdır, kimsə inciməsin. Azərbaycan dili və ədəbiyyatı heç zaman susmayıb. Sovet dönəmində bizim istiqlalımız, azadlığımız, kölə olmağımız haqqında hər zaman yazılar yazılıb. Bundan əlavə, Süleyman Əliyarlını, Ziya Bünyadovu, Əbülfəz Elçibəyi xatırlamaq lazımdır. Əgər 1968-ci ildə Elmlər Akademiyasında Azərbaycanın Rusiyaya birləşdirilməsinin 150 illiyi ilə bağlı tədbirdə çıxışında Süleyman Əliyarlı bunu Azərbaycanın Rusiya tərəfindən işğalının 150 illiyi deyirsə, Ziya Bünyadov da onu müdafiə edib saxlaya bilirsə, demək ki, mübarizə hər zaman qəlblərdə, müxtəlif formalarda aparılıb”.

ADP sədi Sərdar Cəlaloğlu da çıxış edərək, istiqlal tariximizlə bağlı fikirlərini bildirib, tarixi faktlara toxunub.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.