Rusiya üçün maksimalist tələbləri əks etdirən sənəd yayımlandı - bu əslində Ukraynanın ÖLÜM KAĞIZIDIR

Bu gün, 10:06           
Rusiya üçün maksimalist tələbləri əks etdirən sənəd yayımlandı - bu əslində Ukraynanın ÖLÜM KAĞIZIDIR
Beynəlxalq media Rusiya ilə ABŞ arasında Ukrayna müharibəsinin dayandırılması ilə bağlı mümkün danışıqlar üçün hazırlanan maksimalist tələbləri əks etdirən sənədi dərc edib.

Musavat.com xəbər verir ki, The Washington Post nəşri tərəfindən yayımlanan sənəd Avropanın kəşfiyyat xidməti tərəfindən əldə edilib və Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) ilə sıx əməkdaşlıq edən bir analitik mərkəz tərəfindən 18 fevralda Ər-Riyadda keçirilən Rusiya-ABŞ danışıqlarından bir həftə əvvəl hazırlanıb.

Sənəddə Rusiyanın mövqeyini gücləndirmək üçün təklif olunan addımlar, o cümlədən ABŞ və Çin arasında gərginliyin artırılması, Avropa İttifaqında parçalanmaların təşviqi və Rusiyanın zəbt etdiyi Ukrayna ərazilərindəki təbii sərvətlərə ABŞ-ın çıxış əldə etməsi kimi məsələlər yer alır.

Əsas məqamlar bunlardır:

Trampın 100 gün ərzində sülh sazişi əldə etməklə bağlı planları "reallaşdırılması mümkün olmayan" adlandırılıb və Ukrayna böhranının 2026-cı ildən tez həll olunmayacağı bildirilib.

Ukraynanın şimal-şərqində yeni "bufer zonası" və cənubda, o cümlədən Odessa vilayətində "demilitarizasiya zonası" yaradılması təklif olunub.

Vaşinqton-Moskva münasibətlərinin normallaşdırılması üçün Rusiya səfirliyinin tam bərpası və Aleksandr Darçiyevin ABŞ-da Rusiya səfiri təyin edilməsi təklif edilib.

Rusiya orta mənzilli "Oreshnik" ballistik raketlərini Belarusda yerləşdirməməyə razı ola bilər, lakin ABŞ da Avropada yeni raket sistemlərini yerləşdirməməlidir.

Rusiya ABŞ-ın "düşmən" hesab etdiyi ölkələrə silah tədarükünü dayandıra bilər, lakin bu, Moskvaya müttəfiq ölkələrə silah göndərməyi dayandırmağı çətinləşdirəcək.

Rusiya tərəfindən işğal edilən Ukrayna ərazilərinin rəsmi tanınmaması gələcəkdə – məsələn, ABŞ-da administrasiya dəyişdikdən sonra – müharibənin yenidən alovlanmasına səbəb ola bilər.

Ukraynanın NATO-dan imtina etməsi və ya ölkədəki seçkilərə Rusiyapərəst partiyaların buraxılması kimi güzəştlər yetərli hesab edilmir. Sənəddə açıq şəkildə qeyd olunur ki, mövcud Kiyev rejimi daxildən dəyişdirilə bilməz, tamamilə dağıdılmalıdır.

Ukraynada beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi "lazımsız" hesab edilir, çünki onlar "Qərbin ciddi təsiri altında olacaqlar".

Moskvanın üzərindəki sanksiyaların qismən yüngülləşdirilməsi müqabilində Rusiyanı sülh sazişinə məcbur etmək cəhdləri qəbuledilməz sayılıb. Sənəddə qeyd olunur ki, Rusiyanın sanksiyalardan real zərər görüb-görmədiyi sual altındadır və onların əhəmiyyəti şişirdilib.

Sənədin Kremlin real mövqeyini tam əks etdirib-etdirmədiyi bilinmir, lakin onun Moskvanın danışıqlarda tələb edəcəyi şərtləri öncədən müəyyən etmək üçün hazırlandığı ehtimal edilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.