“Rusiyanın Su-24 təyyarəsinin vurulmasında kənardan təxribat olub” - Azərbaycan prezidenti
18-10-2016, 13:16
“Bəzi qüvvələr Moskva ilə Ankaranın yaxınlaşmasını narahatlıqla müşahidə ediblər”.
APA-nın məlumatına görə, bunu Rusiyanın “Sputnik” agentliyinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev deyib.
Azərbaycan prezidenti əmin olduğunu bildirib ki, Türkiyə tərəfindən Rusiyanın Su-24 təyyarəsinin vurulması insidentində kənardan təxribat olub.
"Hesab edirəm ki, Rusiya ilə Türkiyə arasında münasibətlərin normallaşması ədalətin bərpasıdır, faciəvi anlaşılmazlığın aradan qaldırılmasıdır. Yəqin ki, səbəbləri analiz ediləcək. Bildiyim qədər artıq analiz olunub. Məlumatlarımıza görə, burada Rusiya və Türkiyənin yaxınlaşmasını narahatlıqla müşahidə edən müəyyən qüvvələrin müdaxiləsi olmamış deyil. Sadəcə mən müəyyən obyektiv müşahidələrə əsaslanan qiymətləndirməni verirəm", - deyə o vurğulayıb.
Azərbaycan prezidenti baş verən hadisədə kənar təxribatın olmasını istisna etməyib: “Hər halda bu baş verəndə, ağlımıza ilk gələn o oldu ki, bunu istisna etmək olmaz. Çünki bu, qətiyyən Türkiyənin marağında deyildi və biz kiminsə bu qeyri-dost addıma qəsdən getdiyini ehtimal edə bilməzdik. Aydındır ki, bu faciəvi hadisədən sonra emosiyalar işə düşdü, bu emosiyalar müəyyən mənada vəziyyəti bürüdü və orada baş verənləri aydınlaşdırmaq çətin idi. Artıq emosiya emosiyanın üstünə gəlirdi, bir söz cavaba səbəb olurdu, nəticədə dayandırılması çətin olan halqa yaranırdı. Bu, artıq dayandırılıb. İndi aydınlaşdırmaq lazımdır. Düşünürəm və əminəm ki, burada təxribatsız ötüşməyib. Çünki Rusiya-Türkiyə münasibətlərinin ruhu və xarakteri qətiyyən Rusiya hərbi aviasiyasının uçuşların bu cür reaksiyanı nəzərdə tutmurdu”.