“Azərbaycan kənd təsərrüfatı məhsulları ixrac edən çox önəmli ölkəyə çevriləcək” - Prezident

20-10-2016, 14:19           
“Azərbaycan kənd təsərrüfatı məhsulları ixrac edən çox önəmli ölkəyə çevriləcək” - Prezident
“Hazırda dünyada böhran yaşanmasına baxmayaraq, Azərbaycanda kənd təsərrüfatı bu il 2 faizdən çox artıb”.

APA-nın məlumatına görə, bunu Azərbaycan prezidenti İlham Əliyev Qazaxda “Birinci Şıxlı” kəndli fermer təsərrüfatının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə deyib.

Dövlət başçısı bildirib ki, biz ilk növbədə öz tələbatımızı təmin etməliyik: “Taxılçılıqda hələlik tələbatımızı ödəyə bilmirik. Ona görə taxılçılığa xüsusi diqqət göstərilməlidir ki, biz yaxın bir neçə il ərzində bu sahədə də daxili tələbatımızı öz hesabımıza təmin edək. Biz çalışmalıyıq ki, təbii şəraitimizdən, münbit torpaqlardan səmərəli şəkildə istifadə edək və bu günə qədər dövriyyəyə cəlb olunmayan sahələri də əkinə cəlb edək. Bunun üçün aqrotexniki, xüsusilə suvarma ilə bağlı tədbirlər görülür, yerli icra orqanları bu işlərə qoşulublar. Fikrimiz var ki, hər il 10 minlərlə hektar torpağı dövriyyəyə gətirək, suvarma işləri təmin edilsin. Gələn il təkcə yerli icra hakimiyyətlərinin xətti ilə artıq 80-90 min hektarda əkin aparılacaq. Yaxın gələcəkdə daha da geniş proqram tutulacaq ki, hər il biz ən azı 100 min hektarda işlər görək, yəni o torpaqları dövriyyəyə cəlb edək. Beləliklə, biz nəinki regionda, dünya miqyasında kənd təsərrüfatı məhsullarını ixrac edən çox önəmli ölkəyə çevriləcəyik. Bunun üçün bütün imkanlar var. Dövlət siyasəti aparılır. Fermerlərə dəstək göstərilir, subsidiyalar ödənilir, gübrələr, yanacaq güzəştlərlə verilir. Dövlət investisiyaları qoyulur, texnikanın alınmasına aqrolizinq xətti ilə vəsait ayrılır. Son illər ərzində Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 1 milyard manat həcmində güzəştli kreditlər verilmişdir, bu proses davam etdirilir. Bu il 200 milyon manat nəzərdə tutulur, gələn il də ən azı bu qədər olacaq”.

Prezident qeyd edib ki, emal müəssisələri yaradılmalıdır: “Kənd təsərrüfatı, emal və sənaye müəssisələri bir kompleks təşkil edir. Beləliklə, bir neçə ildən sonra Azərbaycan iqtisadiyyatının neft-qaz amilindən asılılığı tamamilə azalacaq. Bizim məqsədimiz məhz bundan ibarətdir. Həm də ki, kənd təsərrüfatı minlərlə, on minlərlə insanı işə cəlb edir. İndi Azərbaycanın müxtəlif yerlərində çox böyük ruh yüksəkliyi var, insanlar torpağa qayıdırlar, görürlər ki, dövlət dəstəyi göstərilir, dövlət siyasəti aparılır. İnsanlar görürlər ki, bu, onların maddi vəziyyətini yaxşılaşdırır. Bizdə əhali artır. Hər il əhalinin sayı təqribən 100 min artır. Ona görə biz iş yerlərinin yaradılması ilə daim məşğul olmalıyıq. Kənd təsərrüfatı bu məsələdə xüsusi yer tutur. Nəzərə almalıyıq ki, bir çox torpaqlarımızda hələ suvarma işləri təşkil edilməyib. Növbəti illərdə əsas diqqət bu sahəyə göstəriləcək ki, bu gün suvarılmayan, yəni, heç bir iş aparılmayan torpaq sahələrində müasir kənd təsərrüfatı müəssisələri yaradılsın. Biz buna nail olacağıq. Gələcəkdə soyuducu anbarın da tikintisi nəzərdə tutulur. Bu da çox lazımdır ki, burada yetişdirilən məhsul xarab olmasın, daxili bazara göndərilsin. Eyni zamanda, burada məhsul artımı böyük ixrac potensialı yaradacaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.