Nüfuzlu Fransa qəzeti erməniləri ifşa etdi
21-10-2016, 00:16
Qoşunların təmas xəttinə yaxın ərazilərdə silahlı erməni əsgərlərini müşahidə etmək mümkündür və onlar davamlı olaraq Azərbaycan tərəfinin hərbi mövqelərini və hətta mülki əhalini atəşə tuturlar. Bunu Fransanın nüfuzlu l’Opinion qəzetində “Azərbaycan-Ermənistan, hərbi əməliyyatların yenidən başlanması qorxusu arasında” adlı məqaləsində Claude Leblanc yazır. Məqalədə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə sülh danışıqlarının “Madrid prinsipləri” əsasında aparıldığı, bunun əsasını dövlətlərin ərazi bütövlüyünün təmin edilməsi və gücdən istifadə etməmə prinsiplərinin təşkil etdiyi vurğulanır, müəllifin qoşunların təmas xəttində apardığı müşahidələr öz əksini tapır. Nəşr qeyd edir ki, qoşunların təmas xəttinə yaxın ərazilərdə silahlı erməni əsgərlərini müşahidə etmək mümkündür və onlar davamlı olaraq Azərbaycan tərəfinin hərbi mövqelərini və hətta mülki əhalini atəşə tuturlar. Tərrtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov və müdafiə nazirinin müavini General-Leytenant Kərim Vəliyevin fikirlərinə toxunan müəllif, son aprel döyüşlərində Azərbaycan silahlı qüvvələrinin 2000 hektardan artıq ərazini işğaldan azad etdiyini qeyd edir. Müəllif yazır ki, tərəflər arasında son döyüşlərdə Azərbaycan ordusunun texniki üstünlüyü aşkar təsdiq olunub və iki dövlətin hərbi büdcəsi arasında 7 dəfə fərq var. Erməni silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olmuş 16 yaşlı Azərbaycanlı qızın ailəsinə baş çəkən Claude Leblanc, məqalədə kənd sakinlərinin fikirlərinə də yer ayırıb və təhlükəli olmasına baxmayaraq, mülki əhalinin evlərini tərk etmədiyini göstərib. Qeyd olunur ki, kənd təsərrüfatı rayonu olan Tərtər münaqişə nəticəsində bu potensialın 80 faizini itirib. Məqalədə münaqişə nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşdüyü, onların hazırkı yaşayış şəraiti və bu kateqoriyadan olan şəxslərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində Azərbaycan hökumətinin gördüyü işlər, o cümlədən bu məqsədlə 6 milyard dollardan artıq vəsaitin xərcləndiyi qeyd olunur. Müəllif göstərir ki, Azərbaycan iqtisadiyyatı son illər sürətlə inkişaf edib və hökumət iqtisadiyyatın şaxələndirilməsi istiqamətində çox işlər görüb. Müəllif Azərbaycana səfər edib, müvafiq dövlət qurumlarında görüş keçirib və qoşunların təmas xəttinə yaxın ərazilərdə yaşayan mülki əhalinin həyat şəraiti ilə tanış olub. Trend.az