İlham Əliyev icra başçılarına niyə qəzəblənib?
21-10-2016, 01:36
“Sahibkarlara bu günə qədər bir milyard manat məbləğində güzəştli kreditlər verilib. Ancaq hər bir rayonun rəhbər orqanları özləri çalışmalıdır, şərait yaratmalıdır, sahibkarları cəlb etməlidir və onların fəaliyyətinə buna görə qiymət veriləcək”.
APA-nın məlumatına görə, bunu dövlət başçısı İlham ƏliyevAğstafada “Karvan-L EKO” sənaye parkında inşası başa çatdırılan müəssisələrin və istixana kompleksinin açılışında müəssisənin işçiləri və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib. Dövlət başçısı deyib ki, indi fermer olmaq yenə də şərəfli işə çevrilir: “Xüsusilə dövlət dəstəyi, yaradılan imkanlar nəzərə alınır, subsidiyalar verilir, güzəştlər edilir. Fermerlər torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azaddırlar. Gübrə, yanacaq, texnika güzəştli şərtlərlə verilir. Bu, dövlət siyasətidir. Hər bir sahibkar məsuliyyətli olmalıdır və Vətəni sevməlidir”. Dövlət başçısının sahibkarların Azərbaycana cəlb edilməsi ilə bağlı icra başçılarının üzərinə məsuliyyət qoyması səbəbsiz deyil. Hələ bir müddət əvvəl məlumat var idi ki, icra başçılarına xaricdə, daha doğrusu Rusiyada yaşayan və bizneslə məşğul olan yaxınlarını, tanışlarını Azərbaycana gələrək burada biznes qurmağa təhrik etmək tapşırılıb. Diasporla İş üzrə Dövlət Komitəsinin də prosesə cəlb olunduğu bildirilirdi. Bakıda keçirilməsi nəzərdə tutulan biznes forum da bu planın tərkib hissəsidir. Lakin gözlənilənlər baş vermədi. Biznes forumun keçirilməsi qeyri-müəyyən müddətə təxirə salındı. İddialara görə, ölkəsi başçısı bu olanlardan hiddətlənib. Onun icra başçılarının üzərinə məsuliyyət qoyması belə qənaətə səbəb olub ki, dövlət başçısı onların məsələyə laqeyd yanaşdığını düşünür. Ehtimal olunur ki, yaxın aylarda ölkəyə investor cəlb etmək barədə tapşırığın öhdəsindən gələ bilməyən icra başçıları vəzifələrini itirə bilər. Zatən, İlham Əliyev də onların fəaliyyətinə buna görə qiymət veriləcəyini açıq şəkildə bəyan edib.