Paşinyan: "İrəvan Avropaya inteqrasiya kursunu davam etdirməyə hazırdır"
Bu gün, 10:38

Ermənistanın baş naziri Nikol Paşinyan Albaniyanın paytaxtı Tiranada keçirilən "Avropa Siyasi Birliyi"nin 6-cı Zirvə toplantısı çərçivəsində Avropa İttifaqı (Aİ) Şurasının prezidenti Antonio Koşta və Avropa Komissiyasının sədri Ursula fon der Lyayenlə görüşdə ölkəsinin Aİ ilə əməkdaşlığı bundan sonra da dərinləşdirməyə hazır olduğunu bəyan edib.
TASS xəbər verir ki, bu barədə Ermənistan hökumətinin Mətbuat Xidməti məlumat yayıb
"Nikol Paşinyan Avropa İttifaqının Ermənistanda həyata keçirilən islahatlara ardıcıl dəstəyini yüksək qiymətləndirib və Ermənistan hökumətinin Aİ ilə əməkdaşlığın dərinləşdirilməsini davam etdirməyə, qarşılıqlı əlaqənin yeni və səmərəli mərhələsini təmin etməyə hazır olduğunu vurğulayıb", - deyə məlumatda bildirilir.
Qeyd olunur ki, Koşta və Fon der Lyayen Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında qanunun qəbulunu alqışlayıb və mühüm addım hesab ediblər, həmçinin viza rejiminin liberallaşdırılması prosesinin ikitərəfli sürətləndirilməsinin vacibliyini vurğulayıblar. Avropalı məmurlar Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətninin razılaşdırılmasını da alqışlayıblar.
Onlar Aİ-nin sülh prosesini dəstəkləməyə və regionda uzunmüddətli sabitliyə yardımın göstərilməsinə davam etməyə hazır olduğunu vurğulayıblar.