Tofiq Yaqublu haqqında 9 illik həbs hökmü qüvvəyə mindi: apellyasiya məhkəməsi siyasətçinin şikayətini təmin etmədi

Bu gün, 10:24           
Tofiq Yaqublu haqqında 9 illik həbs hökmü qüvvəyə mindi: apellyasiya məhkəməsi siyasətçinin şikayətini təmin etmədi
Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun 9 il azadlıqdan məhrum edilməsi barədə hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirilib.
Bizimyol.info xəbər verir ki, mayın 20-də hakim Zamin İbrahimovun sədrliyilə keçirilən məhkəmə prosesində Tofiq Yaqublu özü də iştirak edib.

Məhkəmədə Tofiq Yaqublunun vəkilləri apellyasiya şikayətinə məhkəmə istintaqı aparılmaqla baxılması, şahidlərin dindirilməsi barədə vəsatətləri qaldırıblar.

Vəkillər siyasətçi haqqında Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmün əsassız olduğunu bildirib, onun ləğv edilməsini, Tofiq Yaqubluya bəraət verilməsini məhkəmədən xahiş ediblər.

Tofiq Yaqublu da təqsirsiz olduğunu bildirib, məhkəmədən bəraət istəyib.

Dövlət ittihamçısı isə hökmün dəyişməsinə əsas olmadığını söyləyib.

Bakı Apellyasiya Məhkəməsi müşavirədən sonra şikayətin təmin olunmaması və hökmün qüvvədə saxlanması barədə qərar çıxarıb.

Qeyd edək ki, apellyasiya məhkəməsinin qərarından sonra hökm qüvvəyə minmiş hesab edilir.

Tofiq Yaqublunun vəkili Nemət Kərimli Bizimyol.info xəbər portalına bildirib ki, qərarla razılaşmırlar və Ali Məhkəməyə kassasiya şikayəti verəcəklər.

Tofiq Yaqublu 2023-cü ilin dekabrında həbs olunub. O, Almaniyaya getmək istəyən Elşən Hüseynov adlı şəxsdən Elnur Məmmədov adlı biri vasitəsilə 25 min avro və 10 min manat alıb, onu aldatmaqda ittiham olunur. Siyasətçi mart ayında çıxarılan hökmə əsasən, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 320.1 (saxta sənəd hazırlama) maddələrilə 9 il azadlıqdan məhrum edilib.

Tofiq Yaqublu özünü təqsirli bilmir, bu ittihamların yalan olduğunu, siyasi sifarişlə həbs olunduğunu bildirir.

Siyasətçi bundan əvvəl də bir neçə dəfə uzunmüddətli və qısamüddətli həbs həyatı yaşayıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.