III Dünya Müharibəsi artıq başlayıb: Qorxunc fəlakət ssenarisi reallaşır
2-11-2016, 23:17
Məqsədyönlü mutasiyaya uğradılmış qlobal savaş hələ onilliklər boyu davam edə və bəşəriyyəti dəhşətli kataklizmlərə sürükləyə bilər
Dünya qarışıb. Hər tərəf od tutub yanır. Ziddiyyət və maraq toqquşmalarının son həddə çatdığı regionların sayı kifayət qədərdir.
Hazırda münasibətləri real dostluq və müttəfiqlik keyfiyyətində olan dövlətlər barmaqla sayıla biləcək qədər azdır. Dünyanın əsas supergücləri isə kəskin qarşıdurma mühitində bir-biriylə mübarizə aparmaqda davam edirlər. Hətta bəzi nəhəng dövlətlər himayə etdikləri beynəlxalq terror qurumları üzərindən bir-biriylə müharibəyə də başlayıblar.
Planetin belə bir vəziyyətində tezliklə III Dünya Müharibəsinin başlaya biləcəyi ilə bağlı iddialar ortaya atılmaqdadır. Məsələn, ABŞ və Rusiya arasında tezliklə nüvə müharibəsinin başlanacağının inandırıcı iddia olduğu ehtimal edilir. Rusiyanın öz nüvə raketlərini Qərbə doğru tuşladığı vurğulanır, Kremlin yaxın aylarda Baltikyanı və Şərqi Avropa ölkələrini işğal etməyə hazırlaşdığı iddia edilir, ABŞ-ın isə bütün bunlardan əndişələnərək, NATO-dakı müttəfiqləri ilə birlikdə cavab addımlarına hazırlaşdığı bildirilir.
Bütün bu iddia və ehtimallar ilk baxışdan olduqca qorxunc və təhlükəli situasiya təsiri bağışlayır. Ancaq sadəcə, təsəvvürlər yaranır. Fikrimizcə bunun davamı, yəni reallıqla əlaqəsi yoxdur. Və III Dünya Müharibəsi ilə bağlı təsəvvürlər tamamilə yanlışdır.
Birincisi, müasir dünyanın mövcud şərtləri daxilində ənənəvi hərbi alətlərlə hər hansı dünya müharibəsinin olma ehtimalı qətiyyən inandırıcı deyil. Daha doğrusu, belə bir müharibənin hərbi alətlər vasitəsilə reallaşdırmaq mümkün deyil. Çünki bu, baş verərsə, dünyada daş-daş üstündə qalmaz və “yaşıl planet” növbəti minilliklər üçün yaşanmaz hala gələr.
İkincisi, dünyada nüvə silahına sahib olan dövlətlərin sırası lazım olduğundan da genişdir. Və onların sırasında nüvə silahını hərəkətə gətirəcək düyməni basmaq cəsarətində ola biləcək nə bir prezident, nə də bir dövlət mövcud deyil.
Çünki hələ 2000-ci illərin sonları üçün aparılan təxmini hesablamalara görə, nüvə dövlətlərinin arsenalında olan nüvə silahı ümumilikdə üzərində yaşadığımız bu planeti nə az, nə çox, düz, 20 dəfəyə qədər dağıtmağa bəs edər. Halbuki bu planeti 20 dəfə deyil, cəmisi bir dəfə dağıtmaq mümkündür. Və bu səbəbdən də ağlı başında olan heç bir dünya lideri, heç bir şərt altında barmağını nüvə düyməsinə tərəf uzatmaz.
Təbii ki, bəzi nüvə dövlətləri ara-sıra bu silahın arxasına sığınıb, rəqiblərə qarşı müəyyən təhdidvari mesajlar verirlər. Ancaq bu mesajlar heç şübhəsiz ki, blef xarakteri daşıyır. Və rəqiblər də bunu bilirlər.
Bu baxımdan, hazırda nüvə silahı artıq hərbi alət olmaqdan çoxdan çıxıb. Və indi nüvə silahı siyasi alətdir. Yəni nüvə silahı ona sahib olan dövlət üçün həm toxunulmazlığın təminatı, həm də siyasi maraqların reallaşdırılmasında rəqibə təzyiq vasitəsidir.
III Dünya Müharibəsinə gəldikdə isə, bu savaş artıq çoxdan başlayıb. Və ata Buşun prezidentliyi dövründə ABŞ-ın İraqa uğursuz hərbi müdaxiləsini bu savaşın ilkin mərhələsi hesab etmək olar. Sonrakı dövrü isə savaşın növbəti və daha önəmli mərhələsi üçün siyasi-ideoloji və maliyyə iqtisadi hazırlıq dönəmi kimi dəyərləndirmək mümkündür.
Məsələ ondadır ki, bütün dünyaya qarşı savaş açan dərin güclər bu savaşa hamının razılaşmasında maraqlı idilər. Ona görə də, əvvəlcə 11 sentyabr terror olayı böyük ustalıqla ssenariləşdirilib, səhnələşdirildi. Bütün dünya üçün yeni “düşmən obrazı” yaradılaraq, islam dövlətləri coğrafiyası israrla hədəfə çıxarıldı.
Gerisi isə hər kəsə məlumdur. Hər halda, son illərdə müasir Yaxın Şərqdə yaradılmış vəziyyətin, xüsusilə də, İraq və Suriyada baş verənlərin hansısa dərin güclərin ssenariləri olduğu qətiyyən şübhə doğurmur. Və Yaxın Şərqdə yaradılan hərbi xaos məkanının yaxın gələcəkdə ətraf regionları da öz içərisinə alma ehtimalı tamamilə realdır.
Ancaq mövcud III Dünya Müharibəsinin əhatə dairəsi yalnız bunlarla məhdudlaşmır. Belə ki, bu sıraya dünyada yaradılan maliyyə-iqtisadi böhranı da əlavə etmək vacibdir. Çünki əvvəlcədən ssenariləşdirilmiş bu böhran Avropa Birliyinin çökdürülərək, dağıdılmasına, digər beynəlxalq rəqiblərin isə maksimum səviyyədə zəiflədilməsinə hesablanıb. Və artıq müəyyən nəticələr də verməkdədir.
Hər halda, Avropa Birliyi son illərdə dağılma mərhələsinə qədəm qoymuş kimi görünür. Bu quruma üzv dövlətlərin əksəriyyətinin vəziyyəti defolt həddinə çatıb. Varlanaraq, əl-ayağa dolaşan zəngin neft ölkələrinin valyuta ehtiyatları və dövlət büdcələri boşaldılıb, maliyyə-iqtisadi böhrana düçar edilib. Və bu proses davamlı xarakter daşıyır.
Belə anlaşılır ki, Qərbdə son vaxtlar daha sıx işlədilən “hərbi iqtisadiyyat” termini boşuna ortaya çıxmayıb. Və maliyyə-iqtisadi alətlər hərbi vasitəyə çevrilib. Yəni rəqibə zərbəni artıq yalnız hərbi silah növləri ilə deyil, daha çox maliyyə-iqtisadi alətlərlə endirirlər.
Təbii ki, III Dünya Müharibəsinin artıq başlandığını sübuta yetirən belə örnəklərin sırasını daha da artırmaq olar.
Halbuki bunu etmədən də müasir dünyanın məqsədyönlü şəkildə mutasiyaya uğradılmış qlobal savaşa məruz qoyulduğu açıq-aşkar nəzərə çarpır.
Və görünən odur ki, hələ onilliklər boyu davam edəcəyi qətiyyən şübhə doğurmayan bu dünya müharibəsinin bəşəriyyəti qorxunc kataklizmlərə sürüklədiyi inkarolunmaz reallıqdır.
Elçin XALİDBƏYLİ,
Musavat.com