Əvəz Zeynallının “hökumətə işləyirlər” açıqlaması aranı qatdı

4-11-2016, 09:26           

Siyasi məhbus siyahısı qalmaqalı böyüyür-94 nəfərlik siyahı müəlliflərindən əks düşərgəyə sərt cavab
Siyasi məhbuslarla bağlı hazırlanan 94 və 166 nəfərlik siyahılar ətrafında gedən müzakirələr səngimir. Hər iki siyahını hazırlayanların və bu siyahıların tərəfdarlarının bir-birilərinə qarşı olan ittihamları getdikcə artmaqdadır.

Xüsusilə AXCP və Milli Şuranın açıq dəstək verdiyi, Hollandiyada mühacir həyatı yaşayan hüquq müdafiəçisi Leyla Yunusun rəhbərliyi ilə hazırlanmış 166 nəfərlik məhbus siyahısını müdafiə edənlərin qarşı tərəfə ittihamları daha sərtdir. Onlar iddia edirlər ki, 94 nəfərlik siyahı hakimiyyətin maraqlarına xidmət edir və hökumət tərəfindən sifariş əsasında hazırlanıb.

Arqument kimi də hakimiyyətin ölkə daxilində siyasi məhbusların artmaması ilə bağlı bu həcmdə məhbusun olması kimi görüntü yaratmaq istəyi göstərilir. Bu ittihamlar L.Yunusun siyahısının tərəfdarlarından olan “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının “Yeni Müsavat”a verdiyi son müsahibədə açıq şəkildə səsləndirilmişdi. Baş redaktorun müsahibədə dedikləri günlərlə davam edən gərginliyi daha da artırıb.

94 nəfərlik siyahı müəlliflərindən bəziləri onu sərt şəkildə tənqid edirlər. Ə.Zeynalının öz feysbuq səhifəsində paylaşdığı müsahibəsinin altında 94 nəfərlik siyahının müəlliflərindən olan tanınmış vəkil Əsabəli Mustafayev ona sərt rəy yazıb. Vəkilin fikirləri bunlardır: “Məni çox təəccübləndirir ki, peşəkar jurnalist Əvəz bəy verəcəyi müsahibə barədə faktları əvvəlcədən dəqiqləşdirmir və nəticədə ölkədə insan hüquqlarının müdafiəsinin avanqardı olan şəxsləri təhqir edən fikirlər yazır. İlk növbədə 94 nəfərlik siyahını hazırlayan qrupun tərkibinə baxın: İntiqam Əliyev, Rəsul Cəfərov, Anar Məmmədli, Bəşir Süleymanov, Xədicə İsmayıl, Samir Kazımlı, vəkillərdən Fariz Namazlı, Xalid Bağırov, Fəxrəddin Mehdiyev, Yalçın İmanov, mən. Bir neçə vəkil də sənədlərin toplanması və qrupa təqdim olunması şəklində iştirak edib. Siyahının qaralama variantı hələ 2 ay qabaq hazırlanmışdır. Lakin həbslərlə bağlı situasiya hər gün dəyişdiyi üçün siyahını elan etmək mümkün olmurdu. Yekun siyahının hazırlanmasında Oqtay Gülalıyev də son günlərə qədər iştirak edirdi. Bizim heç xəbərimiz yox idi ki, o bizim qrupda iştirak etməklə yanaşı, ayrıca siyahının üzərində işləyir. Mən bunu ona görə yazıram ki, Əvəz bəy, guya 166 nəfərlik siyahıdan sonra biz siyahı tutmuşuq məlumatı yalandır. Bizim siyahı çoxdan hazır idi, lakin bəzi mübahisəli məqamlar olduğu üçün yekunlaşdırmaq olmurdu. İndi say barədə.

Oqtay bəyin və bəzi şəxslərin rəyi bu idi ki, Nardaran işi üzrə tutulanların hamısı dərhal siyasi məhbus elan olunmalıdır. Əsasən də vəkillər bunun qəti əleyhinə idi. Çünki bu şəxslər barədə bizdə heç bir məlumat, sənəd yox idi. Siyahı isə hüquqi sənəddir və onun hazırlanmasında sənədlərə istinad olunmalıdır. Bu şəxslərin çoxunun vəkilləri yox idi, hökmdən apelyasiya şikayəti verilməmişdir. Hələ yazmadığım digər məlumatlar da var idi və bütün bunlar haqqında Oqtay bəy məlumatlı idi. Ona görə bu şəxslər monitorinq altında saxlandılar və nəzərdə tutulmuşdur ki, sənədlər toplandıqca onlar əsas siyahıya salınsın. Əvəz bəy, Siz Oqtay bəydən soruşun ki, neçə nəfərin sənədlərini toplamağı və qrupa təqdim etməyi söz vermişdi və neçəsini təqdim etmişdi. Sabunçudakı hadisələrlə bağlı həbs olunanların 7-nin də apelyasiya instansiyasında müdafiəsini təmənnasız olaraq öz üzərimə götürməyi razılaşdım və Oqtay bəy həmin şəxslərin yaxınları ilə məni calaşdırmağa söz verdi. Sonrası nə oldu, ondan maraqlanın. Hər kəsin öz siyahısını tərtib etmək hüququ var. Birincisi, digər siyahı müəlliflərinə qarşı kompaniya aparmaq lazım deyil. İkincisi, dəfələrlə deyilib k, siyahının çoxluğu çox ziyanlıdır. İndi Əvəz bəy, sizin müsahibənizə görə işçi qrupunda olan və sizin yaxşı tanıdığınız bizlər hökumətə işləyirik?”

94 nəfərlik siyahının müəlliflərindən olan REAL hərəkatının idarə heyətinin üzvü Rəsul Cəfərov barələrində olan ittihamlarla bağlı xüsusi bir fikir bildirmək istəmədiyini qeyd etdi: “Əvəz bəyin müsahibəsini oxudum, kifayət qədər ümumi ifadələrə yer verilmişdi. Düşünmürəm ki, bu iddialara mən cavab verməliyəm. Siyasi məhbuslarla bağlı sənəd bir və ya bir ayın içərisində hazırlanmış sənəd deyildi. Sənəd oktyabrın 17-də elan olundu. Bu sənədin hazırlanmasına faktiki bir neçə ay əvvəldən başlanılmışdı. Bununla bağlı konkret işçi qrupu olub. Bu qrup görüşlər keçirib, araşdırma aparılıb və yekunda bu siyahı ortaya çıxıb. Bizim sənəd ancaq siyahıdan ibarət deyil. Həm də 105 səhifəlik bir hesabatdır. Həmin hesabatda biz şəxslərin işlərini vermişik. Orada biz həmin şəxsləri nəyə görə siyasi məhbus kimi qələmə verdiyimizi göstərmişik. Açığı, bizim üçün siyasi məhbusların sayının nə qədər olması o qədər də önəmli deyil. Bizim üçün əsas olan həmin siyasi məhbusların azadlığa çıxmalarına yardımçı olmaqdır. Hazırda bu istiqamətdə müzakirələr daha çox məhbusların sayı, siyahılar arasında yaranan fərqlər üzərində qurulur. Düşünürəm ki, müzakirələri hər kəs həmin məhbusların azadlığa çıxmaları üzərində qurmalıdır. Hər kəsi bu işlə məşğul olmağa dəvət edirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.