“Mən bilmirəm, Xaçaturova zəng edin...” - Oyuncaq rejimin aprel panikası
8-11-2016, 01:05
Azərbaycan prezidenti İlham Əliyev bu günlərdə Rusiyanın “Vesti 24” telekanalına müsahibəsində Bakının Qarabağ məsələsində kompromislərə və Dağlıq Qarabağa geniş muxtariyyət statusu verməyə hazır olduğunu bildirdi.
Ermənistan tərəfi Dağlıq Qarabağın muxtariyyət statusunu indi və əvvəllər istisna etsə də Azərbaycan prezidentinin bu bəyanatı ATƏT-in Minsk Qrupu həmsədrləri tərəfindən alqışlanıb. Amerikalı həmsədr Ceyms Uorlik həm Bakıda, həm İrəvanda bildirib ki, Əliyevin bəyanatı Dağlıq Qarabağın statusuna dair polemikaları başlatmaq baxımından olduqca mühümdür. Diplomat tərəfləri bu məsələyə dair ictimai müzakirələrə başlamağa çağırmışdı.
Virtualaz.org xəbər verir ki, Ermənistanda bu məsələ barədə ictimai müzakirələrə deyəsən start veriblər. Ancaq müzakirələr Dağlıq Qarabağın Azərbaycanın tərkibində muxtariyyətə malik olmasınının qeyri-mümkünlüyü və bölgənin Ermənistana birləşdirilməli olduğu barədə gedir.
Belə ki, İrəvandakı Strateji və Milli Araşdırmalar Mərkəzinin “Qarabağ probleminin beynəlxalq nizamlanması çərçivəsində Dağlıq Qarabağın statusu” mövzusunda müzakirələr təşkil edib. Müzakirələr əsasən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsinin, yoxsa “müstəqil respublika” kimi qalmasının daha məqbul olması barədə aparılıb. “Modus Vivendi” mərkəzinin rəhbəri, keçmiş səfir Ara Papyan müzakirələrdə deyib ki, Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi “ən məqbul variantdır”. Papyan bunu Dağlıq Qarabağdakı rejimin əslində oyuncaq olduğunu və heç nəyi həll etmədiyi ilə əsaslandırıb.
“Əgər Dağlıq Qarabağın müstəqilliyi tanınsa və orada dövlət formalaşdırılsa 20 il sonra bizim aramızda problem yaranacaq, bir-birimizi qıracağıq”-Ara Papyan deyib.
Qərbyönümlü erməni siyasi xadimi bildirir ki, onsuz da Dağlıq Qarabağın 160 milyon dollarlıq büdcəsinin (hərbi xərclər çıxılmaqla) 100 milyon dollarını Ermənistan verir. “Əgər pulu biz veririksə nəyə görə Dağlıq Qarabağı Ermənistana birləşdirməyək? Orada 200-300 vəzifəli şəxsdən başqa qalanlar da elə bunu istəyir”-Ara Papyan bildirib.
Papyanın sözlərinə görə Dağlıq Qarabağ Ermənistanın tərkib hissəsi olmadığına görə bu gün xalq sual edir: nəyə görə mənim övladım gedib Qarabağda ölməlidir? Nəyə görə biz cibimizdən onlara pul verməliyik?
“Aprel döyüşlərində ölən əsgərlərdən cəmi 14-ü Qarabağdan , qalanları Ermənistandan xidmətə göndərilənlər idi. Onsuz da orada bütün məsələləri Ermənistan həll edir. Ermənistan Qarabağda hərbi vəzifələrə təyinatları həyata keçirir. Dağlıq Qarabağda heç müdafiə naziri vəzifəsi də yoxdur, ancaq müdafiə ordusunun komandanı postu var. Nəhayət Bako Saakyan məsələləri həll etmir, aprel müharibəsini xatırlayın, hərbçilərdən soruşun: döyüşlər başlayanda hərbçilər Bako Saakyana zəng vurub soruşublar ki, nə edək. O isə deyib-mən bilmirəm, Yuri Xaçaturova (Ermənistan silahlı qüvvələrinin keçmiş Baş qərargah rəisi) zəng vurun. Əslində isə əmrləri guya o verməliydi. Ona görə də Qarabağın birləşdirilməsi ən yaxşı variantdır”-Ara Papyan deyib.
Xatırladaq ki, aprel döyüşləri başlayanda general Xaçaturovun İrəvanda bilyard oynadığı, generalların onu xeyli axtarandan sonra tapdığı məlum olmuşdu. Aprel döyüşləri Xaçaturova qarşı güclü tənqidlərə səbəb oldu və nəhayət o, bu yaxınlarda Qarabağdan olan general Movses Akopyanla əvəzləndi.