Birinci vitse-prezident postuna sürpriz isim gətirilə bilər

8-11-2016, 09:15           
Birinci vitse-prezident postuna sürpriz isim gətirilə bilər
Nazirlər Kabineti yenidən təşkil ediləcək; ölkənin ikinci şəxsi vəzifəsinə iddialılardan kim daha şanslıdır?
YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində bildirib ki, vitse-prezidentlərin təyinatı məsələsi prezidentin səlahiyyətində olan məsələdir və məsələ bu gün qüvvədədir, vitse-prezidentlər hər an təyin oluna bilər. Siyavuş Novruzovun hakimiyyət “mətbəxi”nə bələd məlumatlı şəxs olduğu bəllidir.

Hər kəs referendumdan sonra növbədənkənar prezident seçkilərinin təyin ediləcəyini deyəndə yalnız Siyavuş Novruzov “Yeni Müsavat”a müsahibəsində bəyan etmişdi ki, növbədənkənar prezident seçkiləri olmayacaq, seçkilər vaxtında keçiriləcək. Bir neçə həftə öncə ölkə prezidenti İlham Əliyev “Sputnik”ə müsahibəsində növbədənkənar prezident seçkilərinə zərurət olmadığını, seçkinin vaxtında keçiriləcəyini açıqladı. Prezidentin açıqlaması S.Novruzovun daha dəqiq məlumatlı YAP deputatı olduğunu isbatladı.

Odur ki, indi Novruzovun “vitse-prezidentlər hər an təyin oluna bilər” açıqlaması da təsadüfi sayılmamalıdır. Deputat dəqiq məlumata malik olmasaydı, hər halda, bu cür konkret açıqlama verməzdi və ümumi fikir bildirməklə həmkarımızın müvafiq sualından yayına bilərdi.

Deməli, vitse-prezidentlərin təyinatı məsələsi artıq həll edilmiş məsələdir; yalnız bunun rəsmiləşdirilməsi qalıb.

Hüquqi baxımdan da məsələ bitkindir; sentyabrın 26-da keçirilmiş referendumda konstitusiyaya dəyişikliklər qəbul edilib. Oktyabrın 12-də qüvvəyə minmiş referendum aktına əsasən, ana qanunda prezident seçilmək, baş nazir təyin edilmək, hakim olmaq, deputat mandatı almaq, nazir postu tutmaq üçün yaş senzi aradan qaldırılıb, prezidentin səlahiyyət müddəti 5 ildən 7 ilə artıb, dövlət başçısına növbədənkənar prezident seçkisi elan etmək, parlamenti buraxmaq hüququ verilib.

Konstitusiyada daha bir əsas yenilik isə vitse-prezident postlarının təsisidir. Birinci vitse-prezidenti və vitse-prezidentləri Azərbaycan prezidenti vəzifəyə təyin və vəzifədən azad edir, növbədənkənar prezident seçkisi zamanı dövlət başçısının səlahiyyətləri birinci vitse-prezidentə keçir.


Hüquqşünaslar bildirir ki, vitse-prezidentlik təsisatı ən uzağı 2017-ci il aprelin 12-nə qədər yaradılmalıdır. Belə ki, prezident İlham Əliyevin “2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş ”Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə" sərəncamı tam icra edildikdən sonra bu təsisat yaradılacaq və vitse-prezidentlər təyin ediləcək. Sərəncam 12 oktyabr 2016-cı ildə verilib və icra müddəti 6 aydır. Sərəncamda Nazirlər Kabinetinə altı ay vaxt verilir ki, hüquqi-aktların konstitusiya dəyişikliyinə uyğunladırılmasını təmin etsin və dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb prezidentə təqdim etsin. Bu müddətin bitməsi üçün 2017-ci il 12 aprel son tarixdir.

Müəyyən əsasnamələrin hazırlanması, vitse-prezident vəzifələrində olan şəxslərin müəyyən statuslarının dəqiqləşdirilməsi, sənədləşdirilməsi vaxt aparan işlərdir. Çox güman ki, bu məsələlərin həllindən sonra vitse-prezidentlərin təyinatı gerçəkləşəcək. Çünki dəqiq səlahiyyətlər bölgüsü aparılmalıdır ki, məsələn, bilinsin ki, baş nazirin səlahiyyətləri nədir, vitse-prezidentlərin səlahiyyətləri nədir.

Səlahiyyət bölgüsü aparılmasa, müəyyən prosedur və idarəetmə problemləri yarada bilər. Bu məsələlər həllini tapandan sonra prezident istənilən vaxt birinci vitse-prezident və vitse-prezidentlər təyin eləyə bilər. Qanunda konkret tələb qoyulmayıb ki, dəqiq filan vaxtda və ya filan vaxta qədər bu təyinatlar həyata keçirilməlidir.

İstiqlal.az isə dünən məlumat yayıb ki, vitse-prezident təyinatlarından sonra Nazirlər Kabineti yenidən təşkil ediləcək. Baş nazirin müavini postları ləğv ediləcək, onların funksiyaları vitse-prezidentlərə ötürüləcək. Yalnız baş nazir və onun köməkçiləri ştatları saxlanılacaq. Nazirlər Kabinetindən fərqli olaraq vitse-prezidentlik təsisatı işlək institut olacaq və cari idarəetmə ilə məşğul olacaq. Bundan başqa, bir neçə nazirlik və dövlət komitəsinin yenidən təşkili və birləşdirilməsi nəzərdə tutulur. Bu məsələlər iqtisadi islahatlarla bağlı yol xəritəsində əksini tapıb.

Hazırda baş nazirin biri birinci müavin (Yaqub Eyyubov) olmaqla, 6 müavini (Elçin Əfəndiyev, Əli Həsənov, Abid Şərifov, Əli Əhmədov və İsmət Abasov) var. Mənbə qeyd edib ki, hazırkı baş nazir müavinlərinin çoxu pensiyaya göndəriləcək, bəziləri isə (Əli Əhmədov və Əli Həsənov) yeni kabinetdə yer alacaq.

Onu da qeyd edək ki, konstitusiyaya görə, artıq ölkədə hakimiyyət iearxiyasında ikinci rəsmi şəxs baş nazir yox, birinci vitse-prezidentdir. Bu baxımdan, birinci vitse-prezident postuna kimin təyin ediləcəyi hər kəsin diqqət mərkəzindədir.


Referendum təyin ediləndən sonra vitse-prezident vəzifələrinə, əsasən də birinci vitse-prezident postuna kimin təyin ediləcəyi barədə mediada müxtəlif informasiyalar, versiya və ehtimallar irəli sürülüb. İndiyə qədər daha çox Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun, baş nazir Artur Rasi-Zadənin, baş nazirin birinci müavini Yaqub Eyyubovun, baş nazirin müavini Əli Əhmədovun, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun adı birinci vitse-prezident postuna təyin edilə biləcək şəxs olaraq hallanıb. Nə bu şəxslər, nə də hansısa hakimiyyət rəsmisi tərəfindən məsələyə reaksiya verilməyib.


Maraqlıdır ki, qeyd olunan siyahıda daha şanslı namizəd kimi Artur Rasi-Zadənin adı mediada hallanıb.

Ölkə başçısının Artur Rasi-Zadəyə üstünlük verməsinə gəlincə, mediada dəfələrlə qeyd olunub ki, baş nazir hakimiyyətdəki digər fiqurlardan daha etibarlıdır, sınaqdan dəfələrlə çıxmış iddiasız, adı korrupsiya qalmaqallarında hallanmayan şəxsdir. Prezident İlham Əliyev ölkənin ikinci şəxsinin iddialı, adı qalmaqallarda, korrupsiyada hallanan fiqur olmasını istəməz. Hazırkı baş nazir isə üzərində bu parametrləri cəmləşdirməyən fiqur imicini illərdir yarada bilib.

Amma biz zaman-zaman İlham Əliyevin sürpriz təyinatlarının da şahidi olmuşuq. Mümkündür ki, adı heç vaxt birinci vitse-prezidentliyə iddialılar sırasında çəkilməyən bir şəxs bu posta təyin olunsun...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.