Azərbaycan İran təhlükəsinə qarşı nə etməlidir - çıxış yolu varmı?

12-05-2017, 22:23           
Azərbaycan İran təhlükəsinə qarşı nə etməlidir - çıxış yolu varmı?
Tehranın anti-Azərbaycan siyasətini genişləndirdiyi bir dönəmdə Rusiya da bölgə ilə bağlı sürpriz plan hazırlamaqdadır; politoloq: , “İranın rəsmi strukturları və dini dairələri ilə dialoqu üst səviyyəyə qaldırmaq lazımdır”

“İranın Azərbaycana qarşı apardığı xarici siyasətdə yeni bir dəyişiklik yoxdur və olmayacaq.

Sadəcə olaraq son vaxtlar Azərbaycan rəhbərliyinin apardığı həm iqtisadi, həm də siyasi islahatlar İranı da düşdüyü iqtisadi blokadadan xilas edə bilir və məhz buna görə də Tehran bizimlə daha yumşaq siyasət aparmağa çalışır. Buna misal olaraq dəmir yolunun çəkilişi, körpünü təmiri və s. göstərmək olar”.


Politoloq Arzu Nağıyev bu fikirləri “Yeni Müsavat”a açıqlaması zamanı söylədi. Qeyd edək ki, qəzetimizin ötən sayında İranın mühafizəkar çevrələri və SEPAH təşkilatının ölkənin şimal-qərbində “separatizm” meyllərinin gücləndiyi iddiası ilə azərbaycanlı fəalları izləməsindən, onları neytrallaşdırmaq üçün bütün mümkün vasitələrdən istifadə etməyə çalışmasından yazmışdıq. Məlumata görə, azərbaycanlıların yaşadıqları əyalətlərə, xüsusilə Azərbaycanla həmsərhəd bölgələrə diqqət artırılır, ciddi təbliğat vasitəsilə fəalların gözdən salınması istiqamətində işlər təşkil olunur. Zəruri sayılan tədbirlər sırasında “Azərbaycan Dil və Mədəniyyət Fondu”nun yaradılmasının sürətləndirilməsi və onun radikal islamçıların nəzarətinə verilməsi, habelə azərbaycanlılarda türk dilinə və ədəbiyyatına maraq olmadığına dair təşviqat aparılması nəzərdə tutulur.

Çox təəssüf ki, müsəlman İran bu illərdə işğalçı siyasətinə sadiq qalan İrəvana daha çox yaxınlaşdı. Baxmayaraq ki, Ermənistan bütövlükdə Rusiya bazasına çevrilib, məntiqlə bu yaxınlaşma İrana da təhlükədir. Ermənistanda qəzalı vəziyyətdə olan Atom Elektrik Stansiyasının mövcudluğu da əlavə təhlükədir. Ancaq bunun qarşılığında İran ölkədəki milyonlarla türkə qarı diskriminasiya siyasəti yürüdür, təqibləri davam etdirir. Hətta “Traktor” futbol klubunun fanatları azərbaycanlı fəallara qarşı istiqamətləndirilir. Bundan əlavə, hesab edilir ki, azərbaycanlı fəalları gözdən salmaq üçün xüsusi KİV və saytlar yaradılmalıdır. Üstəlik, həmin plan qardaş Türkiyəyə qarşı da yönəlib. Belə ki, Azərbaycan və Türkiyədə kəşfiyyat və psixoloji əməliyyatların həyata keçirilməsi nəzərdə tutulur. Hədəf dairəsi kimi isə hər iki ölkədə milli azlıqların və etnik qrupların imkanlarından istifadə olunması, yəni separatçılığı qızışdırmaq məqbul hesab edilir.

Politoloq Arzu Nağıyev bildirdi ki, İrandakı prezident seçkilərində mübarizə yenə də Ruhaninin islahatçıları və Rəisinin mühafizəkarları arasında gedəcək: “Rəisi, Ruhani ilə müqayisədə ümumiyyətlə, öz antiazərbaycan baxışları ilə daha çox seçilir. Buna sübut kimi Urmiyədə və digər ərazilərdə apardıqları siyasət də göz önündədir”. İranın Ermənistanla əlaqələrinə gəldikdə, bu, heç də o demək deyil ki, əsas hədəf məhz Ermənistandır. Düşünrəm ki, əsas nməsələ Rusiya ilə yaxıllaşma və hərbi və iqtisadi,o cümlədən nüvə proqramı ilə bağlı tərəfdaş əldə etməkdir. Bu həm Suriya,həm də dogər məsələlərdə də görünür. Məlum məsələdir ki. Trampın ABŞ Prezidenti seçilməsindən öncə İrana qarşı başqa siyasət aparacağı haqda anonslar verilirdi. Lakin ABŞ da İrana qarşı öz siyasətini dəyişmədi. Bir sözlə İran hazırda regionda da öz siyasətini aparmağa çalışır və Azərbaycanla nə qədər normal münasibət saxlamağa çalışsa da əsas tərəfdaş kimi Rusiyanı seçib və bu işdə Ermənistandan istifadə edir.

İranın bu münasibətinin qarşılığında təbii ki, biz “qonşun pisdir, köç, qurtar” deyiminə uyğun şəkildə başqa məmləkətə köç edəsi deyilik. Həm də İranın da sahibləndiyi torpaqların tarixi Azərbaycan əraziləri olması faktı var ortada. Deməli, hansısa yollarla biz Tehranı Azərbaycanın ona təhlükə törətmədiyinə inandırmalı, həm də İranın Ermənistanla yaxınlaşmasının qarşında müsəlman ölkəsi ilə daha fəal işləməliyik. Əks təqdirdə Ermənistan daha geniş meydan əldə edəcək.


Politoloq Elxan Şahinoğlu mayın 19-da İranda keçiriləcək prezident seçkiləri ilə bağlı danışarkən dedi ki, böyük ehtimalla Həsən Ruhani ikinci dəfə prezident seçiləcək: “Həsən Ruhaninin dövründə Azərbaycan-İran iqtisadi layihələrində bir canlanma qeydə alındı, ortaq layihələrə start verildi. Buna baxmayaraq, İrandakı bir sıra dairələrin Azərbaycan əleyhinə yönələn siyasəti dəyişməyib. Bu mərkəzlər Azərbaycanın müstəqil siyasətindən, Bakının Qərb tipli paytaxta çevrilməsindən ehtiyat edirlər. Çünki istər-istəməz Azərbaycanın müstəqilliyi, dünyəvi dövlət modeli İranda yaşayan azərbaycanlıların diqqətini cəlb edir, onlar da bu cür yaşayış modelinə üstünlük vermək istəyirlər”. Ekspertin fikrincə, elə bunun nəticəsində İrandakı həmin mərkəzlər Azərbaycan əleyhinə iki növ siyasət aparırlar: “Birincisi, Tehran Ermənistana dəstəyini azaltmır. Bir dəfə eşitmədik ki, İranın yüksək rütbəli din və ya siyasi xadimi qətiyyətli şəkildə desin ki, “Ermənistan işğal altındakı rayonları boşaltmalıdır”. Əksinə, bəzən xəbərlər alırıq ki, Dağlıq Qarabağda İrana məxsus hansısa şirkət və şəxslər peyda olublar. İkincisi, Tehrandakı mühafizəkarlar İranda yaşayan azərbaycanlılar arasında müstəqil Azərbaycan əleyhinə kampaniya aparmağa çalışırlar. Ancaq o demək deyil ki, Tehranın bu istiqamətdə uğuru var. Tam tərsinə, İranın Azərbaycan əyalətlərini nəzarətdə saxlamaq mühafizəkar dairələr üçün getdikcə çətinləşir”.

E.Şahinoğlunun sözlərinə görə, biz belə vəziyyətdə diqqətli olmalıyıq: “Aydındır ki, Azərbaycan İranın daxili işlərinə qarışa bilməz. Ancaq elə etməliyik ki, İranın da Azərbaycanın daxili işlərinə qarışmasını ortadan qaldıraq və ya minimuma endirək. Buna baxmayaraq, İranın rəsmi strukturları və dini dairələri ilə dialoqu üst səviyyəyə qaldırmaq lazımdır. Birincisi, şəxsən mən İran vətəndaşlarına qarşı tətbiq edilən vizaların tam ortadan qaldırılmasının tərəfdarıyam. Qoy gəlsinlər, görsünlər və biz onlarla daha sərbəst şəkildə fikir mübadiləsi aparaq. Bu İranda yaşayan soydaşlarımızla sıx əlaqələrin yaradılması baxımından da bizim xeyrimizədir. Digər tərəfdən, biz İranın müxtəlif şəhərlərində keçirilən konfrans və seminarlarda fəal iştirak edərək mövqeyimizi İrandakı daha geniş təbəqənin diqqətinə çatdırmalıyıq. Biz yorulmadan onlara anlatmalıyıq ki, sizin Ermənistanla əlaqələriniz Azərbaycanın əleyhinədir, Tehranın Azərbaycanın işğal altındakı torpaqlara olan münasibətini dəyişməsinə ehtiyac var. Əlbəttə, İrandakı mühafizəkar dairələr bunu qulaqardına vuracaq və indiyəqədərki siyasətlərini davam etdirəcəklər, ancaq məncə bizi eşidənlərin sayı da arta bilər”.

Bu arada Azərbaycana qarşı digər nəhəng qonşumuzun təhlükəli planı barədə məlumatlar yayılıb. Məlumata görə, Rusiya Qarabağda öz hərbi bazasını yerləşdirməyi planlaşdırır. Bu barədə Ermənistanın “lragir” saytı yazıb. (Publika.az) Sayt öz mənbələrinə istinadən xəbər verir ki, Moskvanın nəzərdə tutduğu baza İranla sərhəddə olacaq: “Rusiyanın bu planı lap əvvəldən var. Belə fikirlər var idi ki, Rusiya rayonları Azərbaycana qaytarır, əvəzində İranla sərhəddə hərbi baza yaradır. Bakı buna razı olmadığı üçün məsələ təxirə düşüb. Rusiyanın eyni istəyi Ermənistanın da qarşısında qoyduğu deyilir”. Mənbələr sayta Rusiyanın planının detallarını açıqlayıb.

“Qarabağ münaqişəsi “Kazan düsturu” çərçivəsində həll olunur, rayonlar Azərbaycana qaytarıldıqdan sonra bu bölgədə - İranla sərhəddə hərbi baza qurulur. Lakin Bakı Rusiyanın bu şərtini qəbul etmir”, - deyə məlumatda bildirilir. Bu informasiyanın doğruluğu şübhə altındadır, lakin diqqət çəkən məqam Rusiyanın məhz İranla sərhəd bölgəsinə “göz dikməsi” haqda deyilənlərdir. Məlumatdan belə aydın olur ki, Moskva belə bir hərbi baza ilə İranın qarşısını almaq niyyətindədir. Xüsusilə İranın rusların forpostu olan Ermənistan üzərindən Qafqaza girmək planları fonunda bu izah məntiqli görünür. Belə görünür ki, Qərbi regiondan çıxarmaq üçün əlindən gələni edən iki böyük qonşu Qafqaz uğrunda növbəti savaşa hazırlaşırlar. Vəziyyət çox narahatedicidir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.