Türk qatili “Yəhudi ovçusu”na necə çevrildi?

22-08-2017, 20:26           
Türk qatili “Yəhudi ovçusu”na necə çevrildi?
O, diaspor erməniləri arasında “general Dro” ləqəbi, ermənilər arasında “milli qəhrəman” kimi məşhurdur, hərb tarixçilərinin əsərlərində isə “ömrünü türklərin kökünü kəsməyə həsr etmiş əqidəli faşist” adlandırılır.

Əslində isə Dro ləqəbi altında Faşist Almaniyasının 114 saylı abverqrupunun rəisi Drastamat Martirosoviç Kanayan gizlənir. 1884-cü ildə Çar Rusiyasında anadan olan Drastamat Kanayan uşaqlıqdan müsəlmanlara nifrət ruhunda böyüdülmüşdü. Türk köklü soyadına uyğun şəkildə qan içində bir həyat yaşadı. Birinci Dünya müharibəsi zamanı Ərzurum, Qars, Ərzincan və Van vilayətlərində bir-birindən iyrənc, insanlığa layiq olmayan qətllər törətdi. Hesablamalara görə, 200 min müsəlmanın qətlinin səbəbkarıdır.

ABŞ-ın Osmanlı dövlətindəki səfiri Mark Bristolun müharibə gündəliyində Dro belə xatırlanır: “Müharibə dövründə general Dronun yaxınlığında olan səfirlik nümayəndəsinin hazırladığı raportlardan onun müdafiəsiz müsəlman kəndlərini işğal etdiyini, bir nəfəri belə sağ buraxmadan kəndliləri vəhşicəsinə öldürdüyünü yaxşı bilirəm. Dro və adamları girdikləri kəndlərdə evləri yağmalayır, heyvanları müsadirə edir, insanları toplu halında qətlə yetirir, işini bitirdikdən sonra isə kəndi yandırırdı. Bu, heç şübhəsiz ki, həmin bölgədə müsəlmanlara qarşı yürüdülən etnik təmizləmə əməliyyatı idi”.

Rəhbəri olduğu qatillər ordusu Kazım Qarabəkir Paşanın birləşmələri tərəfindən Anadoludan qovulduqda Rusiya ərazisində peyda oldu. 1918-1920-ci illərdə “hərbi bacarıqları”na görə Ermənistan Respublikasının müdafiə naziri işlədi. Bu dəfə Dronun qətliamlarını Qarabağda və Zəngəzurda azərbaycanlılar öz üzərlərində hiss etdilər.
Ermənistan bolşeviklər tərəfindən işğal ediləndə Rusiya məhkəmələrindən qorxaraq gizlicə Almaniyaya qaçdı. Almaniyada olduğu dönəmdə nasizmin yüksəlişini diqqətlə izləyirdi, Nasional Sosialist Fəhlə Partiyası hakimiyyətə gələn kimi isə Hitlerlə tanış olmağa can atdı. Yabançı irqlərdən olan şəxslərə güvənməyən Hitler qətliam törətmək sahəsində zəngin təcrübəsi ilə tanış olduqdan sonra, onu general rütbəsinə layiq gördü və SS qoşunlarına bağlı “812-ci erməni batalyonu”nu qurmağa təşviq etdi. Ermənilərdən ibarət olan, sonralar isə “erməni legionu” kimi məşhurlaşan bu batalyonun ilk vəzifəsi Almaniya daxilində yəhudiləri və qaraçıları qırmaqdan, növbəti mərhələdə isə Şərq cəbhəsində ruslara qarşı vuruşmaqdan və Bakı uğrunda döyüşlərdə azərbaycanlılara qarşı döyüşlərə hazırlaşmaqdan ibarətdi.

Birinci Dünya müharibəsində işgəncə və kütləvi qətliam törətməkdə ad çıxaran bu erməni faşisti az müddət ərzində “məharəti” ilə nasistləri də özünə heyran etdi və SS-çilər arasında “Yəhudi ovçusu” adı ilə şöhrət qazandı. Almaniya daxilindəki etnik təmizlik əməliyyatını başa çatdırandan sonra Dro, Krım və Şimali Qafqazın işğal edilmiş bölgələrində qətliamlar düzənlədi.

1945-ci ildə Faşist Almaniyası təslim olunca, minlərlə insanın qətlində bilavasitə iştirak edən Dro yeni vətən axtarışına çıxdı. SSRİ onu vətən xaini elan etmişdi və müharibə canisi hesab olunurdu. Amma bunlar Dronu bir o qədər də narahat etmirdi, çünki o, yaşadığı bütün ölkələrə xəyanət etməyi həyat tərzinə çevirmiş insandı.
Həm SSRİ, həm İsrail, həm də ABŞ xüsusi xidmət idarələri müharibə canisi kimi axtarsalar da, bu əliqanlı qatil erməni diasporunun yardımı ilə bütün maneələri aşaraq ABŞ-da “qaçqın” kimi yaşamağa başladı. Müharibə dövründə qəsb etdiklərini də götürərərək Massaçusets ştatında məskunlaşdı.

ABŞ-da kral kimi yaşadığı 11 il boyunca keçmiş “Yəhudi ovçusu” bütün dünyada Xolokost canilərini axtaran yəhudi agentləri tərəfindən bir dəfə də narahat edilmədi və 1956-cı ildə 72 yaşında gəbərdi və Bostonda basdırıldı.

1990-cı illərin sonlarında Ermənistan dövləti “bu böyük milli qəhrəmanın məzarının ABŞ-da olmasının bütün vətənpərvərləri ağrıtdığını” bildirərək, erməni diasporunu yardım göstərməyə çağırdı. ABŞ erməniləri iki gün içərisində bu məqsəd üçün bir milyon dollar topladı. Dronun sümükləri 29 may 2000-ci ildə təntənəli dövlət mərasimi ilə doğulduğu Aparan kəndində piramida formasında inşa edilmiş məqbərədə basdırıldı. Elə buradaca başqa bir faşistin- Qaregin Njdenin də sümükləri çürüyür. O Njdenin ki, NKVD əməkdaşlarına istintaqda söyləmişdi: “… Mən vətən xaini Dronun Ermənistana qarşı bütün pis işlərinin qarşısını almışam. Mən onu hazırladığı təxribatçıları Sovet Ermənistanına göndərilməsi fikrindən daşındırmışam”. Erməni “qəhrəmanları” belədir: quyruqları qapı arasında qalan kimi bir-birilərini keçi qiymətinə satırlar.

P.S. Dro və Njdenin “xatirələrini” yad etmək üçün Rusiya nümayəndələrini, Böyük Vətən müharibəsində nasistlərlə döyüşmüş insanların nəvə-nəticələrini də buraya gətirirlər. Tarixin ironiyasıdır: Faşizmdən ən çox zərər çəkmiş və ona qalib gəlməyi bacarmış Rusiyada faşizm haqqında məlumatsızlığa təsadüf etmək təəccüblüdür.

Gündüz Nəsibov
http://karabakhmedia.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.