Milli Şura İlqar Məmmədova qarşı: - “Emin Hüseynov aranı qatır”

23-01-2018, 18:30           
Milli Şura İlqar Məmmədova qarşı: - “Emin Hüseynov aranı qatır”
Milli Şura İlqar Məmmədova qarşı:
AXCP ilə REAL hərəkatı arasında davam edən qalmaqala Milli Şura üzvləri də qoşulub. Sözsüz ki, Əli Kərimlinin müdafiəçiləri qismində çıxış edən MŞ-nın bir ovuc tərəfdarı sosial şəbəkələrdə İlqar Məmmədovu hədəf seçiblər.

Milli Şuranın koordinasiya mərkəzinin üzvü Eldəniz Quliyev hesab edir ki, İ.Məmmədovun virtual seçkidə Əli Kərimliyə qalib gəlməsi cəbhəçiləri qıcıqlandırıb.

E.Quliyev iki qurum arasında davam edən qalmaqalla bağlı AzVision.az-a açıqlamasında deyib: “Əgər obyektiv və səmimi olsaq, belə yarışlarda Əli Kərimli birinci yerdə olmalı idi. Kiminsə vasitəsi ilə və ya texniki səbəblərdən bunun baş verdiyini deyə bilmirəm. Amma nəticələr cəbhəçilərin acığına gəldi. Ona görə də sosial şəbəkələrdə sərt mövqe nümayiş etdirdilər. Bu isə qarşı tərəfdən etikadan kənar fikirlərin və söyüşlərin işlədilməsi kimi qəbul edildi”.

E.Quliyev hesab edir ki, belə “seçki”lər lazımsız və vaxt aparan işdir: “Praymerizlərin keçirilməsini klas-klas oynayan uşaqların sevinci və ya kədərinə bənzədirəm. Hesab edirəm ki, lazımsız və vaxt aparan işdir. Əli Kərimlinin İlqar Məmmədova uduzdurulması düşünülmüş bədxahlıqdır. Milli Şura mitinqlər keçirir, fəaliyyət göstərir. Amma REAL sadəcə virtual fəaliyyət göstərir”.

E.Quliyev praymerizmi keçirən müxalif bloqqer Emin Hüseynovu müxalifət daxilində qarşıdurma yaratmaqda günahlandırıb: “Emin Hüseynovun keçirdiyi praymerizə birmənalı yanaşmaq olmaz. Bu hal müxalifəti bir-birinə qarşı qoyur. Deyilənə görə, onun 500 səs məsələsində əli olub. Özü deyir ki, texniki qüsur olub. Əgər belədirsə, dərhal düzəltsin. Biz o zaman biləcəyik ki, bu adam obyektivdir. Yəni, subyektiv şübhələrdən qurtulaq.

Ümumilikdə isə müxalifət daxilində çox kövrək münasibətlər var. Bu müxalifət “liderləri”nin öz keyfiyyətləridən, xüsusiyyətlərindən irəli gələn məsələlərdir. Müxalifət daxilində birincilk uğrunda mübarizə gedir. Bizim ən böyük səhvimiz budur. Biz yalnız öz daxilimizdə birinci olmaq üçün mübarizə aparırıq”, - E.Quliyev vurğulayıb.

Qeyd edək ki, Emin Hüseynov "Facebook"da "kimin prezident olmasını istərdiniz?" sualı ilə onlayn "seçki" keçirir. Səsverməyə müxalifəti təmsil edən partiya sədrləri və birlik rəhbərləri çıxarılır.

Müsavatın keçmiş başqanı İsa Qəmbər "yarımfinal"da mübarizəni dayandırdığından, növbəti mərhələdə AXCP sədri Əli Kərimli REAL-ın həbsdə olan rəhbəri İlqar Məmmədovla yarışmalı olub. Nəticədə Əli Kərimli İlqar Məmmədova onlayn seçkidə uduzub. Bu isə iki qurum arasında qarşıdurmaya səbəb olub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.