Türkiyə ordusu şəhid verdi - Afrin əməliyyatına Azərbaycan müxalifətindən tam dəstək

24-01-2018, 11:44           
Türkiyə ordusu şəhid verdi - Afrin əməliyyatına  Azərbaycan müxalifətindən tam dəstək
Tural Abbaslı: “Afrin əməliyyatı Türkiyənin haqqıdır”; Əli Əliyev: “Ərdoğan iqtidarı Türkiyənin irəliləməsinin təminatçısıdır”

“Partiya olaraq Türkiyənin bu addımını tam dəstəkləyirik. Həmçinin şanlı türk mehmetçiyinə bu əməliyyatda zəfər arzulayırıq. Afrində Türkiyənin hərbi əməliyyata başlaması çoxdan gözlənilən bir addım idi”.

AĞ Partiya başqanı Tural Abbaslı Afrin əməliyyatlarından danışarkən belə deyib. “Çünki məlum məsələ idi ki, öz təhlükəsizliyinə və suverenliyinə həssas yanaşan istənilən dövlət üçün onun sərhədlərində terrorçu ordunun yaradılmasına qəbul edilməz haldır. Hələ nəzərə alsaq ki, bu terror təşkilatı Türkiyənin ərazi bütövlüyünə də birbaşa təhlükədir, o zaman Afrin əməliyyatı Türkiyənin təbii haqqıdır. Türkiyə artıq uzun illərdir ki, əvvəlki ölkə deyil. Belə ki o artıq regionda baş verən proseslərdə tamaşaçı qismində yox, proseslərin aparıcı qüvvələrindən biri kimi çıxış edir. Zatən Osmanlı kimi bir dünya imperiyasının siyasi varisi olan bir dövlətə də bu yaraşar. Türkiyə onun maraqlarına toxunan məsələlərin həllində siyasi imkanlar tükəndikdə hərbi əməliyyatlara əl atmaqla yürütdüyü siyasətin arxasında güclü və nizamlı ordunun durduğunu nümayiş etdirir. Bu da öz növbəsində təbiidir ki, onun həm regionda, həm də dünyadakı nüfuzunu daha da artırır.

Müşahidələr onu deməyə əsas verir ki, dünya Türkiyənin sərhədlərində təhlükəsizlik əməliyyatları keçirmə haqqını tanıdı. Artıq bunu dünya da qəbul etməlidir ki, Türkiyə simasında regionda yeni, güclü və perspektivli bir siyasi oyunçu var. Bu region üzrə qurulan istənilən planlarda onun mövqeyi və maraqları nəzərə alınmalıdır. Əminəm ki, Türkiyə ordusu çox qısa zamanda Afrin əməliyyatını uğurla başa vuracaq və Türkiyənin dövlət maraqları, həmçinin təhlükəsizliyi təmin olunacaq. İstər Azərbaycan xalqı, istərsə də Azərbaycan siyasi elitası bu ağır dönəmlərdə birmənalı olaraq qardaş Türkiyəmizin yanında olmalıdır. Unutmaq lazım deyil ki, Türkiyənin regionda və dünyada gücə çevrilməsi birbaşa bizim dövlət maraqlarımıza uyğundur. Güclü Türkiyə Azərbaycanın Qarabağ probleminin bizim maraqlar çərçivəsində həllinə ancaq və ancaq müsbət təsir edər”.

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev Türkiyənin yanında olduqlarını vurğuladı: “Türkiyə silahlı qüvvələrinin, onların qətiyyətli addımlarının təminatçısı olan siyasi çevrələrin son 3 ildə gördüyü işləri yüksək qiymətləndirirəm. Əvvəl Türkiyə ərazisində PKK terrorçularına, sonra isə İraq, Suriya, Qətər və Somalidə göstərilən mövqeyə müsbət yanaşıram. PKK, PYD Türkiyə və bütün müsəlman dünyasına müxtəlif güc mərkəzləri tərəfindən formalaşdırılmış hərəkatlardır. Bu terrorçu təşkilatların kürd xalqı ilə eyniliyi mövcud deyil. Həmin qruplarda müxtəlif mənşəli insan qruplarının, o cümlədən ermənilərin xidmət etdiyi artıq sübuta yetirilib. Bunların maliyyəsinin, silahının, təlimatının haradan gəldiyi məlumdur. Bu təşkilatlar müsəlman dünyasının liderinə çevrilməkdə olan Türkiyənin inkişafdan saxladılması üçün düşünülmüş kələkdən başqa bir şey deyil. Bizə Türkiyənin güclü və qüdrətli olması lazımdır. Türkiyəni inkişafdan saxlayan istənilən əngəl bizim strateji maraqlarımıza ziddir. Ərdoğan iqtidarı isə Türkiyənin irəliləməsinin təminatçısıdır. Əgər bu gün Türkiyədə millətçi ilə ümmətçi birləşib vahid mövqe qoyurlarsa, deməli Türkiyə üçün ciddi təhlükə mövcuddur. Bu baxımdan Dövlət Baxçalının MHP-si tarixi missiya yerinə yetirir. Biz qardaş ölkəni Türkiyə millətçilərindən çox sevə bilmərik. Ona görə də hadisələrə qiymət verən zaman ”Ərdoğan Azərbaycan müxalifətinə dəsətk vermədiyindən səhvdir" fikrindənsə, Ərdoğanın İslam və Türk dünyası üçün gördüyü miqyaslı işlərə baxmaq lazımdır. Bilirəm ki, bu mövqe bizim düşərgədə sevilmir, lakin hesab edirəm ki, düz bildiyimi deməliyəm. Əlbəttə ki, Afrin, sonra isə anons edilmiş Minbic əməliyyatı Türkiyənin nüfuzuna, güvənliyinə pozitiv təsir göstərən işlərdir. Həm təhlükəsizlik, həm də təsir baxımından qardaş dövlətin imkanlarını artıran hərəkətlərdir. Təbiidir ki, Türkiyəni “nəzarətdə” saxlamağa can atanların xoşuna gəlmir. Lakin Türkiyə düzgün olduğuna əminlik nümayiş etdirdiyindən, dünya ictimaiyyati faktı qəbul etmək zorundadır. İstərdim ki, Azərbaycanın rəsmi çevrələri, siyasi elitası qardaş dediyimiz dövlətə dəstəklərini artırsınlar. Türkiyənin gücünün artması ilə nüfuzumuzun, Qarabağı azad etmək potensialımızın artması düz mütənasiblik təşkil edir. Təəssüf ki, hakimiyyətimiz kövrək mövqe nümayiş etdirir, çox diplomatik görünür. Bunu isə yanlış görürəm".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.