KEFLƏRİ BELƏ İSTƏYİR - Elxan Şahinoğlundan.....
6-06-2018, 10:34
teref.az - Rusiya XİN rəsmisi əvvəlcə dedi ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar formatının dəyişməsi qeyri-konstruktiv yanaşmadır. Bəzilərimiz bunu belə qələmə verdik ki, rusiyalı diplomat Ermənistanın baş naziri Nikol Paşinyanın “danışıqlarda Dağlıq Qarabağ təmsilçiləri də iştirak etməlidir” fikrinə etiraz edib. Bəzilərimiz hətta çox uzağa gedərək, sevincək halda bunu Rusiya-Ermənistan qovğası kimi qiymətləndirməyə çalışdıq. Ancaq daha sonra Rusiyanın XİN-nin saytında həmin rusiyalı diplomatın sözləri korrektə edildi. Bu bizim xoşumuza gəlmədi və dedik ki, “yox o belə deməmişdi, saytdakı xəbəri düzəldin!”.
Həmin diplomatın nə deməsindən asılı olmayaraq onun rəhbəri işçisinin sözlərinə düzəliş verdi və Ermənistana işarə edə biləcək tənqidi fikirlər çıxardıldı. Son söz hər yerdə rəhbərindir. Həmin diplomat da rəhbərinin düzəlişinə etiraz etməyib. Bununla məsələyə nöqtə qoymaq olardı. Ancaq yenə tutmuşuq ki, “yox e sən birinci belə deməmişdin, xəbəri düzəldin”. Əşi düzəltmir, kefi belə istəyir. Rusiya rəsmiləri və diplomatları Ermənistana dəstəkdən əl çəkmək istəmirlər, zorla bunu dəyişəsi deyilik ki? Rusiya önəmli ölkədir və bölgəyə təsir imkanları böyükdür, ancaq bu o demək deyil ki, boynumuz bütün günü şimala doğru istiqamətlənərək bütün günü “görəsən indi nə deyəcəklər” sualı üzərində baş sındırmalıyıq.
Elxan Şahinoğlu