Tariximizdəki bu erməni tələffüzünü silin! - Alimdən etiraz
6-06-2018, 13:55
Orta məktəblərdə tədris edilən “Qarabağ tarixi” dərsliyində və əksər tarixi kitablarda Beyləqan rayonunun Paytakaran adlanması doğru deyil.
Kult.az xəbər verir ki, bu sözləri tarixçi alim, siyasi elmlər üzrə fəlsəfə doktoru Zaur Əliyev qeyd edib. O bildirib ki, bunu belə yazan tarixçilər Paytakaran sözünün Beyləqan rayonun erməni dilində tələffüz və yazılış forması olduğunu ya unudurlar, ya da bilmirlər:
“Bu gün də erməni mənbələrində “Փայտակարան” – “Pʿaytakara” kimi yazılan bu ərazini qondarma və uydurma “Böyük Ermənistan”ın ərazisi kimi təqdim edirlər. Bizim tarixçilər də sovet dövründə tarixə soxuşdurulmuş bu sözü onlara istinad olaraq yazır. Qədim Albaniyanın üç vilayətindən biri olan bu ərazi türk mənbələrində Balasakan və yaxud Muğan olaraq qeyd edilir. Daha çox Balasakan uyğun gəlir ki, sak tayfalarının bu ərazidə yaşaması ilə bağlıdır”.
Z.Əliyev vurğulayıb ki, Paytakaran və tarix elminə gələn erməni tələffüz və yazılış formalarından imtina etmək lazımdır:
“Bunun üçün isə dilçilər və tarixçilər bir yerdə işləməlidilər”.