“Yeni Müsavat”ın əməkdaşı təxribata məruz qalıb
31-07-2018, 08:30
Elşən Balaxanski: “İstək və xahişim budur ki, mənə qarşı aparılan mənəvi terrorun, böhtan kampaniyasının arxasında duranları cəzalandırsınlar”
“Yeni Müsavat” qəzetinin əməkdaşı Elşən Balaxanski (Elşən Məmmədəliyev) kiber hücuma məruz qalıb. Belə ki, ona qarşı facebook üzərindən böhtan xarakterli məlumat yayılıb. Jurnalist həmçinin təhqir olunub. E.Məmmədəliyevin musavat.com-a bildirdiyinə görə, onun haqqında ilk böhtan xarakterli məlumatı “Agridag İrevan” adlı profil yayıb: “Mənim profilimə oxşar saxta profil yaradılıb.
Həmin saxta profilin üzərindən isə hansısa erməni ilə yazışma aparılıb. Sonradan isə saxta profillə aparılan yazışma ”screen" edilərək “İrevan Agridag” adlı istifadəçi tərəfindən ortaya atılıb. Orada iddia edilir ki, guya həmin yazışmanı mən aparmışam. Bir balaca diqqət edənlər görürlər ki, həmin yazışma saxtadır. Sadəcə olaraq, mənim şəklimdən istifadə olunaraq bir profil yaradılıb. Bu saxta profil üzərindən də yazışma aparılıb".
Balaxanski bildirib ki, ona qarşı böhtan xarakterli məlumatlar yayılmazdan öncə “İrevan Agridag” adlı profildən mesajlar alıb:
““İrevan Agridag” adlı profil iyulun 29-da facebookdan mənə yazıb müxtəlif suallar verdi. Soruşdu ki, “siz “Yeni Müsavat” qəzetində işləyən E. Hüseynovsuz?”, “Axı siz 2015-ci ildə E. Hüseynov idiz” - kimi suallarla müraciət etdi. Doğrusu, bu cür müraciətlər çox olduğu üçün əhəmiyyət vermədim. Sonra da istirahət günü olduğu üçün telefonu söndürüb, kənara qoydum. Axşamçağı mənə dostlar yazdılar ki, belə bir yazışma var, nə məsələdir? Bu vaxta qədər məsələdən xəbərsiz idim. Dostlar deyəndən sonra baxdım ki, doğrudan da bu cür yazışma yayıblar. Dostlardan xahiş etdim ki, “İrevan Agridag” adlı profili şikayət etsinlər ki, barəmdə aparılan böhtan kampaniyası dayandırılsın".
Balaxanski söyləyib ki, məsələ ilə bağlı müvafiq qurumlara müraciət edib: “İyulun 30-da redaksiyaya gəlib, rəhbərliklə məsləhətləşmə apardım. Daha sonra isə daxili işlər naziri Ramil Usubova, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Mədət Quliyevə müraciət etdik. Məsələnin araşdırılmasını istəyirik. Bir məqamı da qeyd edim ki, Gəncə hadisələri baş verdikdən sonra bu hadisələrlə bağlı ”Yeni Müsavat" qəzetində ardıcıl olaraq yazılar yazmışam. Elmar Vəliyevin sağlıq durumundan tutmuş, ümumiyyətlə, bu hadisələrin başvermə səbəbləri, mahiyyəti və digər bu kimi məsələlərlə bağlı redaksiyaya daxil olan, rəsmi qurumlardan yayılan məlumatlarla əlaqədar materiallar hazırlamışam. Mənə maraqlı gələn odur ki, “İrevan Agridag” da daxil olmaqla, onun mənim barəmdə yazdıqlarını “like” edənlərin əksəriyyəti Elmar Vəliyevə güllə atılandan sonra ona şəfa diləyənlərdir. Nə hesab, nə iddia, nə də ittiham etmirəm ki, mənə qarşı hücumu təşkil edənlər Elmar Vəliyevlə əlaqəli şəxslərdir. Sadəcə olaraq, belə başa düşdüm ki, bu adamlar məni o tərəfə yönəltmək istəyirlər. Bir daha qeyd edirəm ki, heç bir iddia etmirəm və hüquq-mühafizə orqanlarının rəhbərlərindən xahiş edirəm ki, məsələni araşdırsınlar. Peşə fəaliyyətimlə əlaqədar, mənə qarşı aparılan mənəvi terrorun, böhtan kampaniyasının arxasında duranları cəzalandırsınlar".