Suriya yenidən qan çanağına döndü

5-09-2018, 08:37           
Suriya yenidən qan çanağına döndü
Rusiya Tehran görüşünü gözləmədən İdlibin Türkiyə ilə sərhədini bombalamağa başladı, 30 min silahlının və 3 milyondan çox əhalinin yerləşdiyi İdlib nədən bu qədər əhəmiyyətlidir?
Sentyabrın 4-də gündüz saatlarında Rusiya Hərbi Hava Qüvvələri Suriyanın İdlib vilayətində müxalifləri bombalayıb. Bombardman İdlibin qərbində, şimalda Türkiyənin Hatay vilayəti və qərbdə isə Suriyanın Laziqiyyə rayonu ilə həmsərhəd Cisr əş-Şuğur rayonunda həyata keçirilib. Maraqlıdır ki, 3 il əvvəl 2015-ci il noyabrın 24-də Rusiyaya məxsus SU-24 bombardmançı təyyarəsi məhz bu ərazidə Türkiyə qırıcıları tərəfindən vurulmuşdu.

Rusların bu nöqtədən başlamasının dəqiq səbəbi bilinməsə də, Cisr əş-Şuğur bir sıra səbəblərə görə mühüm əhəmiyyət daşıyır. Bu rayonda terrorçu qruplar mövqe tutub, buradan bir neçə dəfə Rusiyanın Tartus və Xmeymim hərbi bazaları dron hücumuna məruz qalıb, eləcə də Suriyanın ən sakit iki şəhərindən biri olan Laziqiyyə zaman-zaman məhz buradan atəşə tutulur, terror hücumuna məruz qalır. Nəhayət, Cisr əş-Şuğur Hatayla həmsərhəddir, buranı vurmaqla terrorçuların Türkiyə sərhədindəki mövqeləri zəiflədilir.

Maraqlıdır ki, Kremlin mətbuat katibi Dmitri Peskov İdlib bombardmanı barədə Rusiya mediasına açıqlama verməkdən imtina edib, Müdafiə Nazirliyinə müraciət etməyi tövsiyə edib. Maraqlıdır ki, sentyabrın 7-də Rusiya, Türkiyə və İran prezidentləri Tehranda bir araya gələcək. Əsas mövzu Suriya münaqişəsinin həlli, Astana-Soçi prosesinin gedişatı və təbii ki, İdlibin taleyi olacaq.

Ancaq belə görünür ki, ruslar sentyabrın 7-ni gözləməyə ehtiyac duymayıblar. Burada iki maraqlı detal var. Birincisi, hər kəs İdliblə bağlı Türkiyənin reaksiyasının necə olacağını gözləyir. Məsələ ondadır ki, Astana razılaşmasına əsasən, İdlibdə atəşkəsə Türkiyə ordusu nəzarət edir. Hazırda da İdlibin kənarlarında Türkiyə ordusunun gözətçi məntəqələri fəaliyyət göstərir. Türkiyə eyni zamanda İdlibdə hərbi əməliyyatların dinc əhaliyə zərər vuracağını bəyan edib və artıq başlamadan əvvəl, bir neçə ay qabaq bu əməliyyatı pisləyib, ancaq maraqlıdır ki, bir neçə gün əvvəl Türkiyə İdlibdə mövcud olan əsas silahlı güclərdən biri olan Təhrir əş-Şam (Şamın Azadlığı) qruplaşmasını prezident sərəncamı ilə terror təşkilatları siyahısına əlavə edib.


Daha bir maraqlı detal ondan ibarətdir ki, bir gün əvvəl ABŞ prezidenti Tramp sosial şəbəkədə İdliblə bağlı Suriya prezidenti, İran və Rusiyanı təhdid edən açıqlama yayıb. Tramp İran və Rusiyanı ehtiyatlı olmağa, İdlibdəki faciəyə şərik olmamağa çağırıb. Ruslar isə məhz Trampın mesajından bir neçə saat sonra İdlibi vurmağa başlayıb.

BMT isə bəyan edib ki, hazırda İdlibdə 30 min silahlı olduğu güman edilir ki, onların 10 minə yaxını “əl-Qaidə” üzvüdür. Ancaq hazırda əsas narahatlıq İdlibdəki mülki əhalinin taleyidir. Doğrudur, bəzi mənbələr İdlibdə hazırda 3 və ya 4 milyon əhali olduğunu bildirir. Bunun bir hissəsi Suriyanın digər vilayətlərindən son illərdə bura köçürülmüş insanlardır. Müharibəyə qədər İdlib əyalətində 1,5 milyona yaxın insan yaşayıb. Ancaq son illərdə Suriyanın digər bölgələrində məğlub olan müxalif qruplar ailələri ilə birlikdə İdlibə köçüb. Bu isə İdlibdə əhalinin sayının artmasına səbəb olub. Ancaq 4 milyon rəqəmi şübhə ilə qarşılanır.

İdlibin taleyi həm də 2011-ci ildə başlayan Suriya müharibəsinin dönüş anı ola bilər. Suriya hökuməti İdlibin azad edilməsini Suriyada terrorçuların təmizlənməsi, Rusiya da terrora qarşı mübarizənin bir hissəsi hesab edir.

Ancaq ABŞ və Türkiyə rəsmiləri İdlib əməliyyatını fəlakət risklərini nəzərə alaraq dayandırmağa çağırıb. Və paralel olaraq bütün tərəflər İdlibə son həftələrdə sürətlə ordu toplamağa başlayıb. Bundan başqa, Suriya ordusu havadan İdlibdəki əhaliyə vərəqələr atıb. Vərəqələrdə silahlıların təslim olması tələb olunur.

İlk olaraq Suriya ordusu ölkənin cənubunu azad etdikdən sonra əməliyyat qüvvələrini İdlib ətrafına daşımağa başlayıb. Eyni zamanda ruslar da aviasiya güclərini səfərbər etməyə başlayıb. Bundan başqa, Rusiya hərbi dəniz qüvvələrinə məxsus 10 hərbi gəmi və iki sualtı qayığı Aralıq dənizinin şərq sahillərinə, Suriya sərhədinə göndərib. Bu, 2015-ci ildəki hərbi gərginlikdən sonra bölgəyə yeridilən ən böyük dəniz gücüdür.

Türkiyə isə İdlib ətrafında silahlı qüvvələrin sayını artırıb. Türkiyə ordusu İdlib vilayətinin kənarlarda quraşdırılan 12 gözətçi məntəqəsinə əlavə qüvvələr göndərib.

ABŞ da Suriyada İdlib əməliyyatına hazırlaşır. Ancaq amerikalılar Suriya ordusunu vurmağa hazırlaşırlar. Belə ki, Vaşinqton bəyan edib ki, Bəşər Əsəd İdlibdə kimyəvi silahdan istifadə etməyə hazırlaşır və belə olarsa, ABŞ, eləcə də digər bir neçə Avropa ölkəsi Suriya ordusuna zərbələr endiriləcəyi ilə hədələyib.

Moskva isə bəyan edib ki, Qərb Suriyada fəaliyyət göstərən “ağ dəbilqəlilər” vasitəsilə növbəti kimyəvi silah şousunu hazırlayır və bunu bəhanə edib Suriya hökumət qüvvələrini bombalayacaq.

Qeyd edək ki, İdlib Suriya və Türkiyə sərhədinin qərb hissəsində yerləşən və hazırda böyük əksəriyyətinin müxaliflərin nəzarətində olduğu yeganə Suriya vilayətidir. Vilayətdə əsas silahlı güc “əl-Qaidə”yə aid olan “Fəth Ordusu” qruplaşmasıdır. “Fəth Ordusu” 2015-ci ildə ən-Nusra və Əhrar əş-Şam qruplaşmalarının birləşməsi nəticəsində yaranıb.

Hazırda İdlibin böyük hissəsi, təxmini rəqəmlərə görə, 60 faizi ən-Nusra Cəbhəsi, yaxud da indiki adı ilə Heyət Təhrir əş-Şam qruplaşmasının nəzarətindədir. Suriyada ən güclü və İŞİD-dən sonra ən böyük silahlı qruplaşma hesab olunan HTŞ döyüş taktikası və qəddarlığına görə İŞİD-dən geri qalmır. Qruplaşmanın lideri tibb təhsilini yarımçıq buraxıb müharibəyə qoşulan suriyalı Əbu Məhəmməd Colanidir. İdlibdə mövcud olan 30 min nəfərlik salahlının da əsas müqavimət göstərəcək hissəsi məhz Colaniyə tabe olan qruplaşmalar olacaq.


Bundan başqa, İdlibdə HTŞ-yə daxil olan Suriya Qurtuluş Cəbhəsinin üzvləri Əhrar əş-Şam, Ceyş əl-Əhrar, Şukur əş-Şam, Nurəddin Zingi qruplaşması da var.

Rusların Tehran görüşündən bir neçə gün əvvəl İdlibi bombalaması onu göstərir ki, hansısa şərtlərdə Türkiyə ilə bu əməliyyat artıq razılaşdırılıb. Çünki İdlib Rusiya və Bəşər Əsəd üçün həyati əhəmiyyət kəsb edir. Hazırda Suriyanın 60 faizdən çox ərazisinə nəzarət edən Bəşər Əsədin nəzarətindən kənarda qalan əsas müxalif bölgə İdlibdir. Doğrudur, hazırda kürdlər təxminən 25 faiz Suriya ərazilərinə nəzarət edir. Ancaq kürdlər Əsədlə danışıqlara gedib və üstəlik, Suriyada hakimiyyətə iddialı deyil. Ancaq hazırda xeyli zəiflədilsə də, müxaliflər Bəşər Əsədin devrilməsi üçün çalışır və birbaşa Suriya hakimiyyətini təhdid edirlər. Bu səbəbdən də İdlib və orada cəm olunmuş silahlılar mərkəzi Suriya hökuməti üçün daha böyük təhdiddir. İdlibin azad edilməsi Bəşər Əsədə Suriyanın böyük bir hissəsinə, o cümlədən Türkiyə ilə sərhədlərin bir qisminə nəzarət etmək imkanı verəcək. Eyni zamanda hazırda müxaliflərin əlində qalan yeganə böyük ərazi olaraq itirildikdən sonra faktiki olaraq Bəşər Əsədin silahlı müxalifətinin sıradan çıxarılması demək olacaq. Yəni bundan sonra müxaliflər yalnız partizan kimi fəaliyyət göstərməyə məcbur olacaq. Bu isə müharibənin gedişində dönüş nöqtəsi hesab oluna bilər. Ancaq bu həm də o deməkdir ki, müxaliflər və onları dəstəkləyən ölkələr İdlibdə ciddi müqavimət göstərəcək. Yəni İdlibin azad edilməsi elə də asan olmayacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.