ANS-də ixtisarlar başladı... - BÖHRAN
14-10-2015, 16:40
Milli Televiziya və Radio Şurasının ard-arda ANS telekanlı ilə bağlı qərarları, kəsdiyi böyük məbləğdə cərimələr şirkətdə vəziyyəti gərginləşdirib. Modern.az saytına daxil olan məlumatda bildirilir ki, baş verənlər telekanalda kütləvi ixtisarlara səbəb olub. İş o həddə çatıb ki, hətta xadimələrdən bir qrupunu yola salıblar.
Modern.az saytı məsələ ilə bağlı ANS şirkətlər qrupunun mətbuat müşaviri Mayıs Məmmədovla əlaqə saxlayıb. O, məsələyə münasibət bildirməkdən boyun qaçıraraq “Siz özünüz hər şeyi məndən yaxşı bilirsiniz. Mən bu haqda heç nə deməyəcəm. Ən yaxşısı Mir Şahinə zəng vurun” deyərək dəstəyi asıb.
ANS şirkətlər Qrupunun vitse-prezidenti Mir Şahin Ağayev isə dəfələrlə zəng vurmağımıza baxmayaraq telefonu açmayıb.
Qeyd edək ki, MTRŞ ilk olaraq ANS televiziyasının efirində yayımlanan “Sən tək deyilsən”, “Xoşqədəmlə axtarıram səni” proqramlarının bağlanması haqda qərar çıxardı, daha sonra telekanalı bir neçə verilişə görə 54 min manat məbləğində cərimələdi. Şuranın növbəti qərarı kanalın efirində gedən bir neçə filmin reklamla kəsilməsinə görə 25 min manat oldu. Həmçinin MTRŞ serial çəkilişi üçün dövlət büdcəsindən ayrılan vəsaitdən düzgün istifadə edilməməsinə görə ANS-in 160 min manat cərimə olunması ilə bağlı məhkəməyə müraciət etdi. Şura ANS-dən 160 min manat vəsaitin dövlət büdcəsinə geri qaytarmağı tələb edir.