NAZİR RAMİL USUBOVUN 70 İLLİK YUBİLEYİDİR - Təbrik məktubu
22-12-2018, 06:22

Azərbaycan Mətbuat Şurasının icraçı katibi, Daxili İşlər Orqanlarının sabiq əməkdaşı, polis polkovniki Şəmsəddin Əliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubova 70 illik yubileyi münasibətilə təbrik məktubu ünvanlayıb. Məktubda deyilir:
“Çox hörmətli Ramil müəllim!
Cənab Nazir!
Daxili İşlər Nazirliyinə uzun müddət rəhbərlik etməyiniz, xalqın vahidliyini təcəssüm etdirən əbədiyaşar Heydər Əliyevin, onun layiqli davamçısı, qurucu Prezident Zati-aliləri cənab İlham Əliyevin cinayətkarlıqla mübarizə siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində səyləriniz, şərəflə, layiqincə çalışmağınız hər bir Azərbaycan vətəndaşı tərəfindən minnətdarlıqla qarşılanır.
Sevinir və qürur duyuruq ki, məhz Sizin rəhbərliyiniz dövründə cinayətkarlıqla aparılan qətiyyətli mübarizə nəticəsində respublikamız MDB ölkələri arasında öncül yerdə qərar tutur, əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayına görə də sonuncu sıralardadır. Bütün bunlar Sizin, hər bir zabitin, sıravi heyətin, eyni zamanda, polislə birgə çalışan digər hüquq-mühafizə orqanları əməkdaşlarının narahat gecələrinin, fədakar xidmətlərinin nəticəsidir.

Sevinirik ki, ali və şərəfli xidmətiniz Azərbaycan dövləti tərəfindən də yüksək qiymətləndirilir, ölkənin ali mükafatlarına layiq görülmüsünüz. Xoş ovqatla yazdığım sözlərin ürəkdən və şəxsiyyətinizə məhəbbət hissləri ilə ərsəyə gəldiyini də qəbul edin.
Tərifəlayiq insanlar barədə həqiqəti söyləməmək ədalətə xələl gətirər. Siz yüksək vəzifə kürsüsündə, sabitliyin cəfakeş qoruyucusu, insaf, təmkin və mürüvvət sahibi kimi, cinayətkarlığa, dövlətçiliyə və konstitusion quruluşa təhlükə yaradanlara qarşı mübarizədə barışmaz mövqedə duran, vətəndaşların təhlükəsizliyini təmin edən yolun yorulmaz mücahidi olaraq hər zaman xalqımızın diqqət mərkəzindəsiniz.
Azərbaycan Polisi cinayətkarlıqla mübarizə siyasətinin həyata keçirilməsi zamanı kriminal ünsürlərə qarşı barışmaz mövqedədir. Bu əlamətdar gündə Sizin şəxsinizdə çoxminli kollektivi də təbrik etmək, şərəfli xidmətdə onlara uğurlar arzulamaq yerinə düşür. İnşaallah, Uca Tanrı Azərbaycan xalqının yaradılış cövhərinin ayrılmaz hissəsi olan əmniyyətin, vətəndaş həmrəyliyinin təminində həmişə köməyinizdə olacaqdır.
Allahdan arzum budur ki, dövlətimizin qalası, xalqın gələcəyi və səadət sevincinin zirvəsi olan konstitusion quruluşumuz möhkəm və əbədi olsun. Zəhmətinizin əvəzini Uca Rəbbimiz versin!
Cənab Nazir!
Əlamətdar hadisə, 70 illik yubileyiniz münasibətilə Sizi bir daha səmimi-qəlbdən təbrik edir, şərəfli missiyanızın yerinə yetirilməsində yeni-yeni uğurlar arzulayıram. Allah Sizi qorusun, şərəfli ömrünüz uzun olsun!
Dərin hörmət və ehtiramla,
Şəmsəddin Əliyev,
Azərbaycan Mətbuat Şurasının icraçı katibi”.