BDU-nun 350 milyonluq problemi: Dünyanın ən yaxşı universitetləri siyahısına yolu bağlayır

17-10-2019, 16:59           
BDU-nun 350  milyonluq problemi: Dünyanın ən yaxşı universitetləri siyahısına yolu bağlayır
Uzun müddətdir ki, Bakı Dövlət Universitetində yataqxana problemi həllini tapmır.

Xatırladaq ki, Maliyyə və Təhsil nazirlikləri 2011-ci ildə yataqxana probleminin tezliklə həll ediləcəyini açıqlamış, BDU-nun keçmiş rektoru Abel Məhərrəmov da o zaman verdiyi açıqlamada yeni yataqxananın 2019-cu ildən istifadəyə veriləcəyini demişdi. Lakin 100 illiyini qeyd edən universitetin yataqxanası hələ də yoxdur. Bununla bağlı bir neçə dəfə BDU-nun Mətbuat Xidmətinə suallar ünvanlasaq da , cavab almaq mümkün olmayıb.

Məlumat üçün bildirək ki, Bakı Dövlət Universitetinin əvvəllər 5 yataqxanası olub. Lakin Qarabağ müharibəsi zamanı yataqxanalarda məcburi köçkünlər məskunlaşdırılıb. Onlar köçürüldükdən sonra isə yataqxanalardan 4-ü sökülüb. Digər bir yataqxana isə hazırda təmirsizdir. Buna baxmayaraq, yataqxananın 2 və 3-cü mərtəbəsində qızlar, 4-5-ci mərtəbəsində isə oğlanlar qalır.

Maraqlıdır, BDU-nun daima müzakirə olunan yeni yataqxanasının istifadəyə verilməməsinin səbəbi nədir?

Məsələ ilə bağlı Cebhe.info-ya açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, Azərbaycan universitetləri də xaricdə geniş yayılan özəl yataqxana təcrübəsini ölkəmizdə tətbiq etməyə çalışmalıdır:

“Artıq uzun illərdir ki, ali məktəbə qəbul olan tələbələrin problemi onların tələbə adı qazanması ilə bitmir, əksinə yeni və daha ciddi problemlər yaranmağa başlayır ki, onların da başında kirayə evlər və ya yataqxanalar dayanır. Düzdür, yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri də öz tələbələrinin qayğısına qalaraq yataqxanaları təmir edib, müasirləşdirib. Lakin yataqxana ehtiyac hər il olduğu kimi bu il də qalır. Hesab edirəm ki, bu məsələdə xarici təcrübədən bəhrələnmək lazımdır. Bunlardan biri də özəl yataqxana təcrübəsidir. Həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur”.

Ekspert vurğulayıb ki, təhsilin əlçatan olması yalnız bilik verməklə olmur, təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır:

“Təhsil siyasətimiz təhsilin hər kəs üçün əlçatan olmasına yönəlib. Bu istiqamətdə addımlar da atılır. Məsələn, ali məktəbə qəbulda iki dəfə şans verirlər, universitetlərin tərkibində hazırlıq kursları yaradılır. Bütün bunların hamısı təhsilin əlçatan olmasına xidmət edən addımlardır. Ancaq təhsilin əlçatan olması yalnız bilik verməklə deyil. Təhsil almaq üçün tələbəyə mühit də yaradılmalıdır. Sovet vaxtı tələbələrin böyük qismi yataqxana ilə təmin olunurdu. Bununla da kirayə haqqından azad olurdular. Amma məlum Qarabağ hadisələrindən sonra yataqxanalara qaçqın və məcburi-köçkünlər yerləşdirilirdi. Sonradan tələbə yataqxanası problemi özünü qabarıq şəkildə göstərməyə başladı. Nəzərə alaq ki, dünyanın məşhur universitetlərinin reytinqlərdə ilk sırada olmalarının bir səbəbi də tələbələr üçün yaradılan mühitdir. Dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib pul da qazana bilərlər. Kampus şəraitində tələbənin heç bir problem ola bilməz”.

Kamran Əsədov qeyd edib ki, yataqxana probleminin aradan qalxmasına üçün iş adamları da tikintiyə dəstək olmalıdırlar:

“Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Eyni zamanda, bir sıra universitetlərin şəhərdən kənara köçürülməsi gündəmə gəlib. Bu istiqamətdə işlər gedir. Ümumiyyətlə, təhsilin əlçatan olması abuturiyentin ali məktəbə daxil olması ilə məhdudlaşdırıla bilməz. Odur ki, bu məsələ dövlət səviyyəsində həll olunmalıdır. Tələbənin əsas işi oxumaq olmalıdır. Düşünürəm ki, iş adamları yataqxana tikib tələbələrin ixtiyarına verə bilər. Dövlətin də bu işdə onlara yardımçı olması lazımdır. Məsələn, torpaq sahələri pulsuz verilə bilər. Tələbə qayğı ilə oxumamalıdır. Sosial problemlər təhsilin keyfiyyətinə təsir göstərən amildir. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə və ordan universitetlərə gəlir gələ bilər. Bu yolla tələbələr üçün yaranmış bir neçə ciddi problem öz həllini tapa bilər”.

Həmsöhbətimiz Bakı Dövlət Universitetinin böyük bir yataqxana problemi olduğunu və bu problemin xarici tələbələrin seçiminə mənfi yöndə təsir göstərdiyini diqqətə çatdırıb:

“Vacib bir məqamı qeyd edim ki, yataqxana problemi həll olunsa, Bakı Dövlət Universiteti dünyanın ən yaxşı 300 ali təhsil müəssisəsi sırasına daxil ola bilər. BDU hazırda dünyanın ən yaxşı 2000 universiteti sırasındadır. Ali təhsil müəssisəsinin reytinqində yataqxanaya 30% qiymət verilir və BDU bu reytinq siyahısına yalnız təhsili ilə daxil olub. BDU-nun tələbə yataqxanasının olmaması xaricdən gələn tələbələrə də təsir göstərir. Hər bir tələbə təhsil üçün başqa bir yerə gedəndə yataqxanası olan universiteti seçir. Beləcə yataqxananın olmaması ucbatından hər il Bakı Dövlət Universiteti nə qədər tələbəni itirir. Düşünürəm ki, 100 yaşı olacaq BDU-ya ən böyük töhfə onun ən ciddi problemini həll etmək olardı”.

Kamran Əsədov qeyd edib ki, BDU-nun minimum 6-7 yataqxana binasına ehtiyacı var və bu binaların inşa edilməsi üçün təxminən 350 milyon manat vəsait lazımdır. İndiyədək inşa edilmə səbəbi isə məsul şəxslərin səhlənkarlığıdır:

“BDU-nun köhnə tələbə şəhərciyinin yerində azı 6-7 hündürmərtəbəli yataqxananın tikilməsi lazımdır. Bu həm universitetin tələbələrinin, həm də xarici ölkələrdən gələn tələbələrin problemini həll etməyə imkan verəcək. Bu qədər binanın inşa edilməsi üçün ilk növbədə azı 350 milyon manat vəsait və müvafiq dövlət orqanlarından icazə lazımdır. Görünən odur ki, indiyə qədər tikilməli olan yataqxanaların eskizi hazır deyil. Universitetin büdcəsi bu maliyyəni qarşılamağa imkan verməsə də, özəl sektoru cəlb etməklə bu məsələni həll etmək olar. İndiyə qədər yataqxana probleminin həll olunmaması bu işi görməli olanların məsələyə səhlənkar yanaşdıqlarını göstərir”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.