"Bu gün ən böyük təhlükə radikal-inqilabçı müxalifət yox, xalqdan oğurladığı pulun əsirinə çevrilən məmur oliqarxlardır"

18-10-2019, 09:10           
"Bu gün ən böyük təhlükə radikal-inqilabçı müxalifət yox, xalqdan oğurladığı pulun əsirinə çevrilən məmur oliqarxlardır"
“Hər bir zəngin oliqarx məmur, özlərindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyinə böyük təhlükəyə və şantaj alətinə çevrilib“

Tanınmış iqtisadçı alim, professor, keçmiş maliyyə naziri Saleh Məmmədov prezident İlham Əliyevin iki gün öncə hökümətin iclasında səsləndirdiyi sensasion fikirləri Moderator.az-a şərh edib.

Əməkdaşımızın professora ünvanladığı "Bir komanda üzvünün digərini şantaj etməsi sizin işlədiyiniz dönəmdə də vardımı?" sualına S. Məmmədov aşağıdakı cavabı verib:

"Əlbəttə, idarəçilikdə hər şey ola bilir, bizim vaxtımızda da rastlaşmaq olurdu. Amma, şantajistlərin sayı və şantajın miqyası, xarakteri min dəfələrlə fərqlənir. Prezident haqlı olaraq bunu qeyd etdi və prosesin ölkənin müstəqilliyinə ağır zərbə vuracağını nəzərə alaraq açıqladı. Media buna dərhal reaksiya verdi və yorumlar başladı. Amma, bu şantaj təhlükəsi bizim qiymətləndirdiyimizdən çox daha qorxulu vəziyyətə gəlib. Çünki, əvvəla, bu proses əsasən böyük oliqrx (dövləti-inzibatı gücdən istifadə edərək yaranan) kapitalı ilə əlaqədardır. Komandanın üzvlərinin əksəriyyəti böyük kapital, əmlak sahibidi, demək, “təsir” və hətta, işdən uzaqlaşdırılanlar zərərsizləşdirilə bilmirlər. Ağır həyat şəraitində yaşayan ölkəni bir milyardla yerindən oynatmaq olar. ABŞ-ın bu məsələ üzrə tədqiqatçılarının verdiyi məlumata görə əsas oliqarxlardan birində artıq 8 milyard dollar toplanıb, demək yalnız bu ölkəni 8 dəfə yerindən oynada bilər. Digər tərəfdən, ən qorxulusu odur ki, bu böyük kapital Azərbaycanın və hətta, həmin oliqarxların nəzarətindən çıxıb və özü şantaj vasitəsinə çevrilib. Qərb ölkələri (mütəxəssisləri) bu sahədə çox ağıllı davranırlar, əvvəl, sərbəst buraxırlar, məbləğlər Qərb banklarında toplanır, zəruri səviyyəyə çatanda “stop” işarəti qoyulur. Elektron maliyyə şəraitində hər şeyin uçotu aparılır. Bizim nazirlərin əksəriyyətinin böyük biznesi var, vəsaitlər qərb banklarında toplanır, bütün axın qeyri leqaldı, hətta zəruri qanunvericilik olmadığına görə, halal iş adamları da ofşorlar vasitəsilə qeyri qanuni köçürmələr edirlər və dərhal leqal biznes də qeyri leqal hala gəlir. Əvvəlcədən, beynəlxalq konvensiyalar hazırlanıb, bizim hökümət də imzalayıb. On min dollardan artıq köçürmə məbləğinin leqallığı haqqında bəyənnamə olmalıdı. Yoxdursa, demək, qara pullardı. Belə olduğu halda təsir altına düşür və oliqarxlar həmin kapitalın əsirinə çevrilir. Digər hökümət üzvlərini şantaj edənlər özləri real xarici şantaja uğrayır. Bu oliqarxlar, yəni qərblə, biznes əlaqələri quran məmurlar, yalnız maliyyə deyil, həm də məcburən ölkəni şantaj etmək üçün qorxulu alətə çevrilirlər. Həm böyük pullar bata bilir, həm də korrupsiya sxemi açılır. MDB ölkələri üzrə üzə çıxarılan və qərb banklarında saxlanılan qara pulların məbləği təqribən 1,7 trilyon dollardı, bunun təqribən 1%-i Azərbaycanın payına düşür. Bu işlə məşğul olan mütəxəssislərin çoxu yəhudi və erməni əsillidi. Yəhüdilər adətən Azərbaycanla tarixi dostluğa görə çalışırlar kömək etsinlər (baxmayaraq ki, hər fərdin öz marağı var), ermənilər isə tam əksinə, hər bir oliqarxı, şantaş və ölkənin müstəqilliyinə ağır zərbə vasitəsi kimi istifadə edir. Bu şansı bir an da əldən vermirlər. Hər bir zəngin oliqarx məmur, özlərindən asılı olmayaraq, Azərbaycanın müstəqilliyinə böyük təhlükəyə və şantaj alətinə çevrilmişdi. Bu gün ən böyük təhlükə, radikal-inqilabçı müxalifətdən, mitinqlərə çıxan kütlədən, əlində əsa ilə oliqarxın üstünə gələn əlillərdən deyil, məhz xaricdən idarə olunan, xalqdan oğurladığı pulun əsirinə çevrilən məmur oliqarxlardandı. Bunu prezident görür və dilə gətirdi. Mən inkişaf etmiş ölkələrdə (xüsusilə ABŞ -da) bu kampaniya başlananda SOS xəbərdarlığı etdim ki, aministiya qanunu qəbul edərək bu pullardan nə imkan varsa ölkəyə gətirək, heç olmasa ölkədə qalsın. Sonra gec olacaq və bu pullar həm də böyük təhlükəyə çevriləcək. Reaksiya olmadı. Prezidentə yanlış informasiya verildi və indi artıq hər bir məbləğ uçota alındı, müəyyən olundu. Təhlükə, şantaj böyükdür, xaricdən təsir çox güclüdü, olqarx asılılığı çox yüksəkdi. Təcili tədbirlər alınmasa, məmur-oliqarx potensialı tam zərərsizləşdirilməsə, nəticələri ağır ola bilər. Həm iqtidarın, həm müxalifətin sağlam vətənpərvər qüvvələri bu ortaq həyati təhlükəni nəzərə almaları lazımdır".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.