Türkiyədən mal əti gətirilmirdi: bəs qadağa nəyə qoyuldu?
30-11-2015, 22:33
Azərbaycan Türkiyənin bəzi bölgələrindən diri heyvan və heyvandarlıq məhsullarının idxalına müvəqqəti qadağa qoyub.
Dövlət Baytarlıq Nəzarəti Xidməti bununla bağlı əmr imzalayıb. Əmrdə deyilir ki, dabaq xəstəliyinin qeydə alınması səbəbindən Türkiyənin Van, İqdır, Sinop, Kars, Çorum bölgələri və risk zonasına yaxın olan Kastamonu, Çankırı, Kırıkkale, Amasiya, Samsun, Ardahan, Ağrı və Ərzurum bölgələrindən məhsul gətirilməsinə qadağa qoyulub.
Dövlət baytarlıq nəzarətində olan digər yüklərin idxalı isə Türkiyə Dövlət Baytarlıq Xidmətinin arayışı olduğu halda ölkəyə buraxılacaq.
Amma maraqlıdır ki, rəsmi statistik göstəricilərdə Türkiyədən ət və ya ət məhsullarının gətirilməsi ilə bağlı məlumatlar əksini tapmayıb. Buna görə də ölkə mətbuatı ət gətirilməsinə qoyulan qadağaların arxasında siyasi məqsəd axtarışına çıxıb.
Doğrudanmı Azərbaycan Türkiyədən mal əti almadığı halda belə bir əmr imzalayıb? Mal ətinin gətirilməsinə qoyulan qadağa bazarda qıtlıq yarada bilərmi?
Ekspertlər bu sualı cavablayıblar.
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov virtualaz.org saytına bildirib ki, Azərbaycan Türkiyədən diri heyvan, dondurulmuş və ya təzə ət gətirmir: “Heyvanlar arasında dabaq xəstəliyi dünyada geniş yayılıb. Amerika, Afrika, Avropa, Asiya, habelə MDB ölkələrində vaxtaşırı bu xəstəliyin yayıldığı müşahidə olunur. Dabaq xəstəliyinin coğrafiyası çox genişdir, amma yalnız Türkiyənin bölgələrindən diri heyvanların və heyvandarlıq məhsullarının idxalına məhdudiyyət qoyulub”.
Qeyd edək ki, 2013-cü ildə ölkəyə cəmi 5,1 min ton mal əti idxal olunub. Bunun 5 min tonu iki ölkənin (Hindistan 3,2 min ton, Ukrayna 1,8 min ton) payına düşür. Qalan 0,1 min tonu isə Macarıstanın, Belarusun, Avstraliyanın və digər ölkələrin payına düşür. Türkiyənin adı bu siyahıda yoxdur.
Diri iribuynuzlu heyvanların idxalında əsas yerləri Gürcüstan, Rusiya Federasiyası və Ukrayna tutur. Məsələn, 2014-cü ildə Gürcüstandan ölkəmizə 2,1 milyon dollar dəyərində 54,3 min baş diri iribuynuzlu heyvan gətirilib”
V.Məhərrəmov deyir ki, Türkiyədə mal əti gətirilməməsinin səbəbi bahalıqdır: “Türkiyədə diri heyvan, təzə və ya dondurulmuş mal əti bahadır. Buna görə də Türkiyədən mal əti gətirmək sərf eləmir. Türkiyədən Azərbaycana süd və süd məhsulları gətirilir. Süd məhsulları isə yüksək temperaturda qaynadılıb qablaşdırıldığından bu məhsullarda dabaq xəstəliyinin olma ehtimalı yoxdur”.
Azərbaycanın diri heyvan, mal əti aldığı ölkələrdə də dabaq xəstəliyi qeydə alınır. Məsələn, Ukrayna, Rusiya, hətta qonşu Gürcüstanda da heyvanlarda dabaq xəstəliyi müşahidə edilib.
Onu da xatırladaq ki, dabaq xəstəliyinin 7 tipi və 70-ə yaxın növü var. Xəstəlik insana da keçə bilər. Azərbaycanda isə bu xəstəliyə qarşı peyvənd aparılır. Amma dabaq xəstəliyinin daha çox iqtisadi təsirləri var. dabaq məhsuldarlığı aşağı salır.
O ki qaldı ölkə əhalisinin mal ətinə olan tələbatına, adambaşına illik norma 80 kiloqram olduğu halda daxili istehsalla bunun təxminən 38-40 faizi ödənilir. Bu isə təxminən 35 kiloqram ət deməkdir.
V.Məhərrəmov deyir ki, 35 kiloqramın 30 kiloqramı da daxil istehsal, yerdə qalan 5 kiloqramı isə idxal hesabına ödənilir. Yəni Azərbaycan kifayət qədər ət və ət məhsulları istehsal edə bilmir. Nəticədə isə ölkə əhalisi ət məhsulları ilə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi fizioloji normaya uyğun qidalana bilmir.
İqtisadçı Nübar Seyidova isə əmrin qabaqlayıcı məqsədlə verildiyini güman edir: “Beynəlxalq Epizootik Büro xəstəliklərlə bağlı hesabat yayaraq ölkələri məlumatlandırır. Azərbaycan da Türkiyədə təhlükəli vəziyyət olduğundan qabaqlayıcı tədbirlər görüb. Amma Türkiyə və ya xəstəliklərin qeydə alındığı hansısa ölkələrə məhdudiyyət qoymaqla ölkə bazarında qıtlıq yaranmayacaq”.
Qeyd edək ki, hazırda ölkə bazarında mal ətinin 1 kiloqramı 7-7,5 manatadır.