Nardaran sakininin “Azərişıq”-a olan borcu göz qamaşdırdı: 5394 manat 18 qəpik - Dövlət başqa yerdə bu qədər səbirli olmayıb
1-12-2015, 15:48
Son günlər ölkə mediasında və sosial şəbəkələrdə Nardaran əhalisinin istifadə etdiyi elektrik enerjisi borclarına görə qəsəbəyə verilən işıqların kəsilməsi bir sıra söz söhbətlərə səbəb olub. Bəzi qruplar “Azərişıq”ın belə bir addım atmasını bu qəsəbədə yaşanan son olaylarla əlaqələndirir. Bir sıra insanlar isə aidiyyatı qurumun Nardarana verilən enerjinin dayandırılmasını sırf burada yaşayan abonentlərin borcuna görə, olduğunu deyir.
Hafta.az-ın əməkdaşı bu gün Nardaran qəsəbəsində olarkən işıq sayğaclarının önündə yerə atılmış ödəniş qəbzlərinə rast gəlib. Ələmdar Bünyatov adlı qəsəbə abonentinin “Azərişıq”-a olan borcu isə gözümüzü qamaşdırdı. Nardaran sakininin borcu 5 min 394 manat 18 qəpik idi. Qəbzin üstündə yazılan son ödəmə tarixi isə 2015 – ci ilin yanvar ayının yeddisini göstərir. Axırıncı ödənilən məbləğ isə 11 ay bundan əvvəl olub və 30 manat təşkil edib.
\
Sadə bir vətəndaşın aidiyyyatı dövlət qurumuna olan bu qədər borcu bir sıra mətləblərə aydınlıq gətirir. Adıçəkilən sakin isə hafta.az-a açıqlamasında bildirib ki, bu borc illərə yığılıb qalan pullardır və ödəmək imkanı olmayıb.
Məsələyə münasibət bildirən “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev hafta.az-a açıqlamasında deyib ki, Nardarandakı abonentlər vaxtında istifadə etdikləri enerjini pullarını ödəsəydi heç bu qədər borc da üst-üstə yığılmazdı:
“Sizin əlinizdə olan fakt hər şeyi deyir. Ümumiyyətlə Nardaran qəsəbəsində ümumi ödəniş iki faizdir. Əgər ümumi qəsəbə iki faiz istifadə etdiyi elektrik enerjisinin pulunu ödəyirsə deməli, Nardaranda “Azərişıq”a borcu olmayan yoxdur. Təsəvvür edin, sadə bir abonentin bizə olan borcu 5300 manatdan çoxdur. Bunlar illərlə yığılıb qalıb”.
Tanrıverdi Mustafayev borclu abonentlərlə bağlı görüləcək tədbirlərdən də danışıb:
“Həmişə xəbərdarlıqlarımızı edirik. Sonuncu bildirişimiz isə noyabrın 20-də olub. Həmin gün edilən xəbərdarlıqda vurğuladıq ki, 23 noyabr saat 12:00-a qədər bütün borclar ödənməlidir. Borclu olan abonentlərin məhkəməyə veriliməsi məsələsini mən öz hüquqşunasımıza ünvanlayacağam. Hələlik Nardaran abonentlərinin borcu tam təsdiq olunub. Ödəmənin 2 faiz olduğu tam təsdiqlənib”.
Qeyd edək ki, “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti artıq beş gündür ki, Nardaran əhalisinin külli miqdarda olan elektrik enerjisi borclarına görə, əraziyə enerji verilişini dayandırıb.