Saatlıda qaz üsyanı: ƏHALİ İCRA HAKİMİYYƏTİNİN QARŞISINA TOPLAŞIB
11-12-2015, 14:23
Camaat qazpulunu ödəsə də, rəsmiləşdirilməyib; Siraqəddin Cabbarov: «Nardarandakı kimi sizin də qazınız kəsiləcək»
Saatlı rayonunda əhali üzləşdiyi təbii qaz problemi ilə əlaqədar yerli İcra Hakimiyyətinin binasının qarşısına yığılmağa başlayıb. JAM.AZ-a verilən məlumata görə, səhər saat 11:00-dan etibarən rayon camaatı evlərdə «mavi yanacağın» kəsilməsinə etiraz edirlər.
Hazırda 100-dən artıq insanın Saatlı İcra Hakimiyyətinin binası qarşısında toplaşıb və onlar istifadə etdikləri qazın pulunu ödəmələrinə rəğmən, onun kəsilməsinin səbəblərini öyrənmək istəyirlər.
JAM.AZ-a daxil olan məlumata görə, camaat pulu ödəmələrinə dair qəbzləri yerli Qaz İstismarı İdarəsinə təqdim etsələr də, məlum olub ki, həmin pullar kompyüterə vurulmayıb. Yəni, əldə möhürlü qəbzin olmasına rəğmən, onların ödənişləri həyata keçirilməyib. Qaz İstismar İdarəsinin yeni müdiri Sadiq isə deyib ki, məsələ onluq deyil. Onu qeyd edib ki, yaranmış problemin səbəbini icra başçısı ilə aydınlaşdırmaları lazımdır.
Rayondan gələn xəbərə görə, camaat icra başçısı Siraqəddin Cabbarovla görüşərək, ondan problemin həlli üçün yardım istəyirlər. Lakin icra başçısı onları qəbul etməkdən qəti şəkildə imtina edib. Hətta etirazçıları İcra Hakimiyyətinin binasına buraxmamağı tapşırıb. Üstəlik, ismarıc da göndərib ki, camaatın qazı kəsiləcək. «İcra başçısı camaatı qəbul etməkdən imtina edir. Aşağıda növbətçiyə də xəbər göndərib ki, kimsəni içəri buraxılmasın. Həmçinin camaata xəbərdarlıq edib ki, Nardaranda olduğu kimi, pullar ödənilməsə Saatlıda da hamının qazı kəsiləcək».
Mövzunu diqqətdə saxlayacağıq. Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.