“Hökumət manatın dəyərsizləşməsini gündəmə gətirəcək” – Ekspert

14-12-2015, 13:28           
“Hökumət manatın dəyərsizləşməsini gündəmə gətirəcək” – Ekspert
Xəbər verdiyimiz kimi, Azərbaycan nefti 1,5 dollar ucuzlaşıb. London birjasında keçirilmiş hərraclarda “AzeriLight” markalı neftin bir barelinin qiyməti 1,52 dollar və ya 3,76% azalaraq 38,90 dollar təşkil edib.
İqtisadçı-ekspert Samir Əliyev aznews.az-a neftin son günlər ucuzlaşmasını şərh edib. O, neftin qiymətinin aşağı düşdükcə, ölkədə narahatçılıq yaratdığını bildirib: “40 dollar bizdə qırmızı xətt sayılırdı. Çünki rəsmi olaraq həm Mərkəzi Bankın rəhbəri, həm də Maliyyə naziri çıxışlarında qeyd etmişdi ki, neftin qiymətinin 40 dollara kimi olması Azərbaycanın tədiyyə balansı üçün problem yaratmır. Manat üçün təhlükə yaratmır. Amma göründüyü kimi neft 40 dollardan da aşağı düşüb. Bu, o deməkdir ki, artıq narahatlıq yaranmağa başlayıb. Belə davam edərsə, düşünürəm ki, bunun əsas təsiri milli valyutanın dəyərsizləşməsi olacaq. Hansı ki, bu barədə ekspertlər proqnozlaşdırıb və qeyd edirdilər ki, bu, baş verəcək”.
S.Əliyev qeyd edib ki, artıq manatı saxlamaq üçün heç bir əsas qalmayıb: “Valyuta ehtiyatları azalır. Ona görə bunun təsiri milli valyutanın ucuzlaşmasına gətirib çıxaracaq. Bunun başqa makro-iqtisadi təsiri də var. Neft gəlirləri azaldığına görə, büdcənin icrasında yenə narahatlıq yaranacaq. 2016-ci ilin büdcəsində neft 50 dollar nəzərdə tutulub. Bu gün isə neft 40 dollardan da aşağı düşüb. Deməli, 2016-cı ilin büdcəsində problem yarana bilər”.
Ekspert 2016-cı ildə yenidən manatın devalvasiyasının gündəmə gələcəyini proqnozlaşdırır: “Hökümət həm neft fondunu, həm dövlət büdcəsini, həm valyuta ehtiyatlarını qorumaq üçün manatın dəyərsizləşməsi məsələsini gündəmə gətirəcək. Ola bilsin ki, bunu daha da tezləşdirsin”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.