Binəqədidə belə işlər də var – ŞİKAYƏT
14-12-2015, 21:34
Bir neçə gün öncə Binəqədi kəndi, “Gülüstan 15” ünvanında yaşayan vətəndaşlar ərazidəki daş karxanasından redaksiyamıza şikayət məktubu göndərmişdilər.
Sakinlərin Modern.az saytına yazdığına görə, onlar neçə illərdir ki, daş karxanasından havaya buraxılan toz-dumanı udmaq məcburiyyətindədirlər. Kimlərsə milyonlar qazanır, sadə vətəndaş isə onun milyonlarının müqabilində xəstəlik qazanır.
Təsəvvür edirsiniz, daş karxanası insanların yaşadığı ərazidə quraşdırılıb.
Narahatlığa əsas səbəb karxanadan ətraf mühitə atılan toz-dumanla yanaşı, normal hava şəraitinin pozulması, nəticədə tənəffüs sistemi xəstəliklərinin, xüsusilə azyaşlılarda astma riskinin yüksəlməsidir.
Məsələ ilə bağlı Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzindən Modern.az saytına bildirilib ki, vətəndaşlar hər hansı məsələ ilə bağlı rəsmi şəkildə müraciət etməlidirlər: “Yalnız bu halda mərkəzin həkimləri əraziyə baxış keçirə və müvafiq qərar çıxara bilər. Əks halda, həkimlərin əraziyə baxış keçirməsi qanunsuzdur”.
Bu məntiqlə Binəqədi Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin davranışı, problemə yanaşması başa düşülən deyil. Belə çıxır ki, insanlar müraciət etməsələr, bu qurum heç bir problemlə məşğul olmayacaq.
Bəs, kənddən bazara bir toyuq gətirib satamaq istəyənin başının üstünü əzrail kimi kəsən bu qurumun təmsilçiləri deyillərmi? Allah sizə insaf, bir az da millət üçün işləmək gücü versin.
Rayon İcra Hakimiyyətini isə məsələ ümumiyyətlə maraqlandırmır.
P.S. Mövzunu davam etdirəcəyik.