“Şəki-İpək” ASC nəhayət ki dizini yerə qoydu - ASC-nin təkcə elektrik enerjisinə görə 32 min manat borcu var
15-12-2015, 10:56
Şəkidə çıxan “İpəkçi” qəzeti yazdığına görə artıq bir-neçə gündür ki, “Şəki-İpək” ASC-nin baş müəsisəsinə elektrik verilməsi dayandırılıb.
Səbəb olaraq elektrik enerjisinə görə yaranmış 32 min manat borcun ödənilməməsi göstərilir.
“Nəticədə baş müəssisənin fəaliyyətini davam etdirən yeganə istehsalatında – Pambıqəyirici istehsalatında da iş dayanmış, baş müəssisənin müfafizə xidmətinin işçiləri gecəni şam işığında keçirməyə başlamışlar” – yazır qəzet.
Son aylarda “Şəki-İpək” ASC-nin problemlər yaşadığı barədə xəbərlər çoxalıb.
Ötən avqustda rəhbərlik müəssisənin dayandırılması və 600 işçinin ödənilməyən məzuniyyətə göndərilməsi barədə media məlumatlarını təkzib edirdi.
Turan agentliyinə göndərilən təkzibdə deyilirdi ki, müəssisənin tam dayanması xəbəri əsassızdır:
“Belə ki, “Şəki İpək”ASC-də yalnız burucu və toxucu sexlərinin fəaliyyəti xammal çatışmazlığı səbəbindən dayandırılıb. 150 nəfər növbəti ödənişli məzuniyyətə, bəziləri isə müvəqqəti olaraq ödənişsiz məzuniyyətə buraxılıb”.
ASC-nin Facebook səhifəsi ötən ilibn dekabrından bəri təzələnməyib.