Bu məktəb mal təzəyi ilə qızınır - Müəllimədən şok müsahibə+Fotolar
16-12-2015, 15:32
Şamaxı rayonunun Hacıqədirli kənd tam orta məktəbində müəllimə işləyən Günel İsmayılova modern.az saytına müsahibə verib.
“Qafqazinfo” xəbər verir ki, müəəlimə XXİ əsr olmasına baxmayaraq məktəbin hələ də gərmə ilə qızdırıldığını deyib: “Məktəbdə şərait heç də ürəkaçan deyil, məktəb yanacaqla təmin olunmayıb. Qış aylarında belə şəraitdə dərs keçmək daha da çətinləşir. Siniflər çox soyuq olur. Problemlə bağlı məktəb direktoruna müraciət etmişik, o isə məktəbə odun verilmədiyini deyir. Məktəbdə yalnız bir neçə sinifdə soba var. Odun olmadığından həmin siniflərdə soba yalnız səhərlər yanır. Məktəbi gərmə və az miqdarda odunla isidirik. Əvvəllər kənddə iki məktəb var idi. Birində ibtidai sinif şagirdləri, digərində isə yuxarı sinif şagirdləri oxuyurdular. Yağış və güclü külək nəticəsində ibtidai sinif şagirdlərinin oxuduğu məktəb uçdu, məcburən dərslər digər məktəbdə iki növbə olaraq keçirilməyə başladı. Məktəbdə ingilis dili, fizika, kimya və biologiya dərslərini tədris edə biləcək müəllimlər yoxdur. Ucqar kənd olduğundan hər müəllim bura işə gəlməyə razı olmur. Bu da birbaşa dərsin keyfiyyətinə mənfi təsir göstərir. Dövlət tərəfindən maliyyə ayrılmasına baxmayaraq, bu, məktəbdə problem olaraq qalır”.
- Odun olmadığından məktəbi gərmə ilə isidirik. Müəllimlər öz aralarında 20 manatdan pul yığaraq odun və soba almağa çalışırlar.
- Məktəbdə neçə müəllim çalışır?
- Ümumilikdə 16 müəllim. Bu il imtahanla 5 müəllim işə başlayıb. Yerlilərdən isə məktəbdə 6 qadın və 5 kişi müəllim işləyir.
- Şagirdlərin dərsə davamiyyəti necədir?
- Davamiyyət sinfə görə dəyişir. Ümumilikdə, aşağıdır, qış aylarında isə xüsusilə.
- Dərsə davamiyyətin bu qədər aşağı olmağına səbəb sizcə nədir?
- Səbəb ilk növbədə məktəbdə dərs keçmək üçün lazımi şəraitin olmaması və valideynlərin məktəbə inamsızlığıdır. Dərs dediyim siniflərdə davamiyyət olduqca aşağıdır. 5-ci sinifdə 7 şagird var, onlardan 3-4 nəfər dərsə gəlir. 7-ci sinifdə 10 şagird oxuyur, onlarda davamiyyət normaldır. 10-cu sinifdə isə 2 şagird oxuyur.
- Aylıq maaşınız ehtiyaclarınızı ödəməyə yetirmi? Yəqin ki orada kirayə qalırsınız...
- Aylıq maaşım 500 manatdır. Onun 143 manatı dövlətin bizə ayırdığı kompensasiyadır, qalanı isə dərsimin puludur. Şərait yaxşı olsa, maaşım ehtiyaclarımı ödəməyə yetər. Bura ilk dəfə anamla gəlmişdim, mənimlə birgə qalırdı. Ancaq şəraitin olmamağı və evlərin kirayə haqqının bahalığı səbəbindən qaldığım evi dəyişməli oldum. Şərait olmamağı səbəbindən anam geri qayıtdı. Hazırda isə yaşadığım evin vəziyyəti heç də ürəkaçan deyil. Nə döşəməsi var, nə də tavanı. Öz imkanımla tavana çadır vurdurmuşam, evi qızdırmaq üçün qızdırıcıdan istifadə edirəm, o da heç bir nəticə vermir.
- Bu seçiminizi ailəniz necə qarşıladı?
- Ailəm öz rayonumuzda müəllim işləməyimi istəyirdi. Məlum məsələdir ki, işə düzəlmək üçün ya tanışın olmalıdır, ya da pulun. Mən isə biliyim və öz gücüm hesabına nəsə əldə etmək istəyirəm. Bu səbəbdən də ailəm istəyimə qarşı çıxmadı və mənə dəstək oldu.
- Gənc xanım kimi belə bir şəraitdə yaşamaq sizə çətin deyil?
- Əlbəttə çətindir. İlk növbədə şəraitin olmamağı, digər yandan kənddə təhsilli qadınlara münasibət heç də yaxşı deyil. Qızları 9-cu sinifdən çıxardıb evdə saxladıqları mühitdə mənə münasibət necə ola bilər ki?... Artıq 4 aydır burada işləyirəm, özümü 19-cu əsrdə yaşayan biri kimi hiss edirəm. Çalışıram ki, insanlara hər hansı bir faydam olsun. Ancaq kənddə müəllimin sözü keçərli deyil, xüsusilə də qadın müəllimlərin. Belə kəndlərdə qadınlar sadəcə ərə getmək və kişinin dediklərini etmək üçündürlər.
- Nə vaxta qədər bu cür şəraitdə işləməyə davam edəcəksiniz?
- Artıq bu şəraitə tab gətirə bilmirəm, hiss edirəm ki, gücüm tükənir. Bu ili başa vura bilsəm sevinərəm.