MSK 16-cı dairədəki pozuntulara niyə diqqət ayırmır? – Erkin Qədirli müəmması davam edir

15-02-2020, 08:23           
MSK 16-cı dairədəki pozuntulara niyə diqqət ayırmır? – Erkin Qədirli müəmması davam edir
Seçkini Facebook statusları ilə yola verən namizədin qələbəsi şübhəli görünür

Mediaxeberleri.Az xəbər verir ki, növbədənkənar parlament seçkisi indiyə qədərki seçkilərdən bir çox cəhətlərinə görə fərqləndi. Bu seçki bir tərəfdən müasir texnologiyaların, sosial şəbəkələrin və s. gücünü, cəmiyyətə, hətta siyasi proseslərə təsir imkanlarını üzə çıxardısa, digər tərəfdən də az qala “istəmirəm” deyənə zorla mandat verilməsi kimi unikal bir hadisə ilə yadda qalacaq. Söhbət 16 saylı Yasamal birinci seçki dairəsindən REAL-çı namizəd Erkin Qədirliyə mandat verilməsindən gedir...

Bu məsələdə kimin mandata layiq olub-olmadığı, yeni parlamentdə E.Qədirlinin təmsil olunmasının faydası, yaxud ziyanı barədə yürüdülən mülahizələri bir kənara qoyaraq, əvvəlcə prosesin sırf hüquqi tərəfinə nəzər yetirmək lazımdır. Sözügedən dairə yeganə seçki dairəsidir ki, qalib elan olunan namizədin özü seçkinin saxtalaşdırıldığı barədə MSK-ya rəsmi şikayət ünavanlayıb. Adam özü etiraf edir ki, dairədə seçki günü ciddi qanun pozuntuları baş verib. Heç uzağa getməyək, onunla bir hərəkatda olan digər namizəd Natiq Cəfərli etiraf edir ki, şəxsən onun atası 16 saylı dairədə E.Qədirlinin xeyrinə təşkil olunan saxtakarlıqda iştirak edib və qutunun dəyişdirilməsi prosesini şəxsən müşahidə edib.

Nəhayət, “sosial media bizim ən etibarlı köməkçimizidir” deyən MSK sədri Məzahir Pənahov 16 saylı dairədəki saxtakarlıqla bağlı yayılan çoxsaylı videogörüntüləri izləməmiş deyil. Bu dairə ilə bağlı saxtakarlıq videogörüntülərinin, müşahidəçilərin açıqladıqları pozuntu faktlarının sayı və miqyası artıq nəticələri ləğv olunmuş məlum dörd dairədəki faktlardan çoxdur ki, az deyil. Videogörüntülərin birində müşahidəçi deyir ki, təkcə bir məntəqə üzrə E.Qədirlinin xeyrinə Dairə Seçki Komissiyası tərəfindən 300-ə yaxın əlavə səs yazılıb. Məntəqələrdəki protokollarla dairənin MSK-ya təqdim etdiyi protokollar arasında fantastik fərqlər var.

Bir sözlə, hüquqi baxımdan 16 saylı dairədən E.Qədirlinin qalib gəldiyini ciddi şübhə altına alan və bu dairə üzrə nəticələrin ləğv olunmasına əsas verən istənilən sayda danılmaz faktlar və hətta qalib elan olunan şəxsin özünün rəsmi şikayəti ortadadır! Daha nə lazımdır ki, MSK bu dairə ilə bağlı lazım olan qərarı versin? MSK-nın əl-qolunu bağlayan nədir və nədən seçkinin əvvəlindən onun obyektivliyinə inanmadığını bəyan edib, “16-cı dairədə qələbə qazanmaq ayıbdır” deyən, sonradan da saxtalaşdırıldığını bildirən bir namizədi ciddi cəhdlə qalib elan edir?

Difgər bir məsələ 16-cı DSK-nın inzibati resurslarının E.Qədirlinin qələbəsi üçün səfərbər edilməsidir. Əgər doğrudan da E.Qədirli öz gücü və seçicilərin dəstəyilə qalib gələ bilərdisə, nədən bu dairədə belə total saxtakarlığa əl atıldı? Deməli, seçki günü vəziyyətin heç də E.Qədirlinin xeyrinə olmadığı üzə çıxıb ki, bu da gözlənilən idi. Adam nə samballı seçki kampaniyası aparıb, nə seçicilərin qarşısına çıxıb, nə hərtərəfli təbliğat-təşviqat işi görüb. O, seçki prosesini əvvəldən axıra qədər Facebook statusları ilə yola verdi. Sanki bir arxayınlığı, “onsuz da mən qalib elan olunacam” rahatlığı var idi. Sıravi seçicilərinsə böyük əksəriyyəti onun adını heç indi də bilmirlər, nəinki seçkidən əvvəl. Deməli, bütün bunları yaxşı bilənlər E.Qədirlinin özünün dediyi kimi, “halal yolla” seçilməsinin mümkün olmadığını gözəl anlayırdı. Elə seçki gününün sonunda seçici sayının və E.Qədirliyə verilən səslərin miqdarının şişirdilməsi də sübut edir ki, bu dairənin gerçək qalibi E.Qədirli olmayıb. Bəs bütün bunlar MSK-nın həmin nəticələrlə bağlı hüquqa söykənən ədalətli qərar çıxarması üçün kifayət deyilmi?

Məsələnin siyasi və mənəvi dəyərlər tərəfinə gəlincə, burada vəziyyət hüquqi tərəfindən də acınacaqlıdır. Təəssüf ki, az qala dünya malında gözü olmayan, kristal dərəcədə təmiz, təmənnasız, bütün fəaliyyəti xalqın gələcəyinə fokuslanan düşüncə adamı kimi təqdim olunan E.Qədirli elə ilk sınaqdaca ona inananları xəyal qırıqlığına uğratdı desək, yəqin ki, bizi qınamazlar. Əvvəlcə belə bir dairədə qalib gəlməyin ayıb olduğunu deyib, sonradan “qələbəsinin halal olduğunu” söyləməsi və mütləq parlamentə gedəcəyini bildirməsi onun barəsində formalaşdırılan imiclə daban-dabana ziddir və seçicilərin doğrudan da tanıdığı, səs verdiyi digər namizədlərin haqqına girməkdir.

Hələ fevralın 8-də, yəni seçkidən bir gün öncə E.Qədirli belə bir paylaşım etmişdi: “Seçki təşviqatı dönəmi rəsmən bitdiyinə görə, bu kontekstdə olan bütün paylaşımlarım (yazılar, videolar, şəkillər) aktuallığını itirdi. Hamısını sildim.” Əslində, elə həmin paylaşımla da hər şey bəlli olmuşdu. Bu, həm də izlərin silinməsi, yəni həmin paylaşımlardakı seçkinin obyektivliyi və özünün deputatlığa münasibəti barədə fikirlərindən imtinası anlamı daşıyırdı.

Və nəhayət, Erkin Qədirli müəllimdir. Sosial şəbəkədə də bəzi gənclər ona “müəllim” deyə müraciət edir. Ancaq bu cür, bu yolla deputat mandatı almaqla, təəssüf ki, Erkin müəllimlə bu gün sosial şəbəkələrdə haqlı qınaq və tənqid hədəfinə çevrilən saxtakarlıqarın əsas iştirakçıları olan müəllimlər arasındakı fərq itmiş olur...

Məzahir Pənahov nəyi gözləyir?
/mediaxeberleri.az/












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.