Koronavirus ölkələrin qapısını “döyür” - Bakıda daha bir nəfər xəstəxanaya yerləşdirildi
15-02-2020, 08:40
Mərkəzdə karantində olanların isə müddəti bitdi; ÜST-dən qorxunc proqnoz - dünya əhalisinin 2/3-i virusa yoluxa bilər...
Kliniki Tibbi Mərkəzinin yoluxucu xəstəliklər şöbəsində hazırda 2 nəfər var. “Yeni Müsavat” xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.
Pekində təhsil alan 1994-cü il təvəllüdlü Azərbaycan vətəndaşı barədə məlumat verilib. Xəstəxanaya yerləşdirilən ikinci şəxs 1998-ci il təvəllüdlü Azərbaycan vətəndaşıdır. Pekin şəhərində işləyib. Fevralın 5-i Pekindən Moskvaya, Moskvadan İstanbula, bir neçə gün İstanbulda qaldıqdan sonra isə təyyarə ilə Tiflisə uçub. Azərbaycana avtomobillə gəlib. Hərarəti normadan bir qədər yüksək olduğu üçün Kliniki Tibbi Mərkəzin yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
Hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində ciddi problem yoxdur. Həkim müşahidələri davam edir. Xəstəlik alovlanan ərazidən gələnlər isə xüsusi ayrılmış tibb müəssisəsində saxlanılır.
Xəstəxanada saxlanılanların səhhətində hər hansı bir problem aşkarlanmayıb. Bir nəfər istisna olmaqla, qalanları evlərinə buraxılacaq. Qalan bir nəfərin karantin müddəti fevralın 18-i bitir.
Təbii üsullarla müalicə edən həkim Seyfəddin Əsəd “Yeni Müsavat”a bildirdi ki, ümumiyyətlə, viruslardan qorunmaq üçün maskadan istifadə lazımdır. O, tövsiyə edir ki, gündəlik sarımsaq və soğan yemək virusları məhv edir: “Əgər görsəniz ki, burun qıcıqlanır, onda soğan tökəndə düzəlir. Bundan başqa, bal, çiçəktozu qəbul etmək, zəncəfil çayı içmək lazımdır”.
S.Əsəd vacib hesab edir ki, hər gün bir neçə dəfə əllər yuyulmalı, spirtlənməlidir: “İnsanlar bir-biri ilə görüşəndə öpüşürlər, bundan uzaq durmaq lazımdır. Həmçinin, zoğal, moruq mürəbbəsi yemək yaxşıdır. Dünyada virusların yayıldığı bir vaxtda qidalanma ev şəraitində olmalıdır”.
“Şərq”ə danışan terapevt Aqil Axundovun sözlərinə görə, virus da insanlar, məməlilər, suda- quruda yaşayan heyvanlar kimi Allahın yaratdığı həyat formalarından biridir: “Bunu deməkdə məqsədim əhalini koronavirus təşvişindən uzaq tutmaqdır. Səbəbsiz yerə yaşadığımız qorxu və stress sonradan hansısa ağır bir xəstəliyə gətirib çıxara bilər. Koronavirus da bir çox yoluxucular kimi insandan - insana ötürülmə xüsusiyyətinə malikdir. İnfeksiyaya yoluxma halının ilk əlamətləri soyuqdəymə və qripə bənzəyir. Qeyri-adi bir virus deyil”.
Terapevt deyib ki, koronavirusun simptomları eynən qrip virusunda olduğu kimidir. Bu virusa yoluxan insanlarda yüksək hərarət, burunda axıntı, halsızlıq əlamətləri özünü göstərir: “Sosial şəbəkələrdə, mediada yayılan həyəcanlı xəbərlər insanlarda qorxu yaratmaqdan başqa bir işə yaramır. Mövsümü xəstəliklər zamanı da ölüm faktları qeydə alınır. Təsəvvür edin ki, bizim avtomobil qəzasına düşüb ölmək ehtimalımız koronavirusa yoluxub ölməyimizdən daha yüksəkdir. Təşvişi bir kənara qoyun. Koronavirus və digər qrip viruslarına yoluxmamaq üçün maksimal şəkildə xəstə insanlarla kontakda olmayın. Xəstələndiyiniz halda evdən çölə çıxmayın. Bol maye qəbul edib, qida rejiminizə xüsusi diqqət edin. Maskalardan istifadə edin, vaksinasiya olunun”.
*****
“Çini bürüyən və rəsmi olaraq COVİD-19 adlandırılan koronavirusa Yer kürəsi əhalisinin üçdə ikisi yoluxa bilər”. Belə qorxunc proqnozla Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) müşaviri, biostatist və epidemioloq Ayra Longini çıxış edib. Longinin hesablamalarına görə virus hər xəstə adamdan orta hesabla 2-3 sağlam adama keçir. Üstəlik, ekspress-testlərin olmaması da virusun yayılmasına imkan yaradır. “Təcridetmə və karantin virusu dayandıra bilməz” - o bildirib.
Bu arada Çinin dövlət səhiyyə komitəsinin açıqladığı son məlumata görə bu ölkədə koronavirusdan ölənlərin sayı 1500-ə çatıb, yoluxanların rəsmi sayı isə 65 minə yaxınlaşır. Ölüm halları son sutkalar ərzində kəskin artıb və indi hər gün orta hesabla 250-300 nəfərin bu virusdan öldüyü bildirilir. 33 mindən çox pasiyent hazırda xəstəxanalardadır.
Virus Çindən başqa daha onlarla ölkədə qeydə alınıb. Azərbaycanda isə səhiyyə rəsmiləri əmin edirlər ki, koronavirusa yoluxma halları baş verməyib. Aralarında azərbaycanlıların da olduğu Türkiyənin Çindən təxliyə etdiyi 42 nəfərin heç birində koronavirus aşkarlanmayıb. 14 günlük karantin bitdikdən sonra onlar evə buraxılıblar.
Fevralın 1-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus ambulans təyyarəsi Çinin Vuhan şəhərindən 42 nəfəri təxliyə etmişdi. Onlardan 6-sı azərbaycanlı idi. Şimali Koreyada koronavirusa yoluxduğu ehtimal edilən nazirlik əməkdaşı güllələnərək edam edilib. Kim Çen İnin Çinə səfəri zamanı nümayəndə heyətinin tərkibində olan İqtisadiyyat Nazirliyinin əməkdaşı ölkəyə qayıtdıqdan sonra koronavirus şübhəsi ilə karantinə alınıb. Daha sonra onun qaydaya əməl etməyərək karantindən çıxdığı və ictimai hamama getdiyi bəlli olub. Hüquq-mühafizə orqanları tərəfindən yaxalanan şəxs dərhal güllələnib.
Məlumatlara görə, 20 min nəfərə yaxın çinli həkim ölümcül koronavirusa (COVID-19) yoluxub. Bu barədə “South China Morning Post” nəşri Çinin Dövlət Gigiyena və Səhiyyə Komitəsinin sədr müavini Tszen İsinə istinadən məlumat yayıb. O, qeyd edib ki, tibb işçiləri arasında da yoluxma faktları durmadan artır: “11 fevral tarixində olan məlumata əsasən, Çində tibb işçiləri arasında 1716 virusa yoluxma faktı qeydə alınıb. Onlardan 6 nəfəri vəfat edib. Tibb personalı arasında yoluxma halları durmadan artmaqdadır” - T. İsin bildirib.
Bir qədər əvvəl Çin həkimlərinin koronavirusun səbəb olduğu pnevmoniyanın müalicəsində effektiv üsul hazırladıqları xəbər verilmişdi. Bildirilirdi ki, xəstələrə bu virusdan sağalan donorların qan plazması vurulacaq. Çin hökumətinin koronavirusla mübarizəyə ayırdığı vəsaitin həcmi məlum olub. Çinin Maliyyə nazirinin köməkçisi Ou Venxan bildirib ki, koronavirusla mübarizəyə 80,5 milyard yuan (11,5 milyard dollar) məbləğində vəsait ayrılıb. O qeyd edib ki, epidemiya ilə mübarizədə faktiki xərclər 41 milyard yuan (5,87 milyard dollar) təşkil edib.
Emil SALAMOĞLU,
“Yeni Müsavat”