Rauf Arifoğlu: "Arxamızda iqtidar dayansaydı, dairəmiz ləğv olunmazdı"

15-02-2020, 09:34           
Rauf Arifoğlu: "Arxamızda iqtidar dayansaydı, dairəmiz ləğv olunmazdı"
35 saylı Xətai üçüncü Seçki Dairəsindən deputatlığa namizədliyini verərək, qalib olmuş Rauf Arifoğlunun Seçki Qərargahının İşçi Qrupu toplantı keçirdib.

Teref.az musavat.com-a istinadla xəbər verir ki, toplantıda dairənin nəticələrinin ləğv olunması ilə bağlı MSK-nın qərarı müzakirə olunub. Bundan başqa, gələcək fəaliyyət proqramının hazırlanması ilə bağlı məşvərət aparılıb.

Rauf Arifoğlu çıxış edərək, bildirib ki, o və komandası çox ağır şərtlər altında möhtəşəm bir kampaniya apararaq, qələbə qazanıblar. Lakin rəqib və onun havadarları sosial mediada əks-təbliğat kampaniyası quraraq, bu qələbəni ləkələməyə, onun üzərindən də dövlətin seçki və islahat kursuna münasibətdə şübhə yaratmağa çalışıblar. Məhz bu səbəbdən də onun özü müraciət yayaraq, dairə üzrə yeni seçkinin keçirilməsini tələb edib:

"Mənim tələbimlə MSK-nın dairə ilə bağlı qərarı üst –üstə düşüb. Doğrudur, orada göstərilən səbəbləri əsassız hesab edirik və bizim oradakı iddiaların hamısı ilə bağlı cavabımız, əks sübutlarımız var. Lakin əsas olan nəticədir. Hesab edirəm ki, hadisələrin bu cür cərəyan etməsi bizim ünvanımıza olan bütün ittihamları sıfırlayır. Bizim guya dövlət layihəsi olmamızla bağlı əks-təbliğat kampaniyasını da çürüdür. Biz dövlətin layihəsi olsaydıq, arxamızda iqtidar dayansaydı, dairəmiz heç bir halda ləğv olunmazdı. Hətta mənim "nəticələr ləğv edilsin", müraciətimə də məhəl qoyulmaz, nəyin bahasına olursa-olsun, Milli Məclisə üzv kimi təsdiqlənərdim. Necə ki, 5 il öncə, Araz Əlizadədə elə oldu..."

Rauf Arifoğlu deyib ki, özü və komandası bundan sonra ancaq irəliyə baxır: "Bu mərhələ bizim üçün artıq keçmişdir. Rəqibimizin ətrafının apardığı çirkin kampaniyaya da baş qoşmayın. Çünki o, artıq bizim rəqibimiz deyil. Biz 35 saylı Xətai üçüncü Seçki Dairəsində yenidən seçkilərə qatılmağı planlayırıq. Seçki elan olunana qədər, kimsə ilə mübarizə, söz savaşı, dueli aparmayacağıq. Bütün bunlar bizim sürətimizi yavaşladar. Biz, önümüzə çıxan, rəsmiləşən rəqiblərlə mübarizə aparacağıq. Məqsədimiz İqbal Ağazadə, ya da başqası ilə savaşmaq deyil, məqsədimiz 35 saylı dairədə ikinci dəfə, daha möhtəşəm qələbə əldə etmək, nəticəni legitimləşdirməkdir. Bunun üçün mənim təkliflərim var".

Bundan sonra təkliflər müzakirə olunub, qərara alınıb ki, nəticələri ləğv olunan 35 saylı Xətai üçüncü Seçki Dairəsində təkrar seçkilər elan olunan kimi kampaniyaya start verilsin: "Biz bu dairədən ikinci dəfə, daha ciddi fərqlə və daha möhtəşəm qələbə qazanmağa hazırıq. Bunun üçün daha ciddi hazırlaşacağıq, dairə və seçicilərlə əlaqələrimizi davam etdirib, genişləndirəcəyik",- deyə, Seçki Qərargahının rəhbəri Çingiz Özgür toplantıya yekun vurub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.