Üç ölkə ilə sərhədi bağlanan Azərbaycanı nə gözləyir? – Mikayıl Cabbarovun sınağı…

16-03-2020, 17:40           
Üç ölkə ilə sərhədi bağlanan Azərbaycanı nə gözləyir? – Mikayıl Cabbarovun sınağı…
Azərbaycanın faktiki olaraq üç ölkə ilə sərhədləri bağlanıb: əvvəlcə, koronavirusun tüğyan etdiyi İranla qapılar kilidləndi, sonra Gürcüstan ölkəmizlə sərhədləri 10 günlük qapadı, ardınca Türkiyə analoji addımı atdı.

Buna qədər isə Qazaxıstan Azərbaycanla bərə yolunu bağlamışdı, Ermənistanla əlaqələr məlum məsələdir və beləliklə, ölkəmizin yeganə nəfəsliyi Rusiyadır…

Reportyor.info-nun İqtisadiyyat Şöbəsinin yaydığı xəbərə görə, COVİD 19 pandemiyasının dünyada kataklizmlərə səbəb olması heç şübhəsiz Azərbaycana təsir etməliydi. İqtisadiyyatı neftdən asılı, qeyri-neft sektoru istənilən səviyyədə inkişaf etməyən, daxili istehsalı bazarı ödəməyən, demək olar bütün mal-məhsulları xaricdən idxal edən Azərbaycanın düşdüyü bu vəziyyət heç də ürəkaçan deyil.

Üstəlik, üç qonşu ölkə ilə sərhədlərin bağlanması ölkə iqtisadiyyatına, əhalinin sosial vəziyyətinə ciddi təsir göstərəcək.

Doğrudur, sərhədlər bağlansa da, qida idxalı, TIR-larla malların daşınması dayanmayıb. Amma gecikmələr, yubanmalar, növbələr var. Bu gedişat isə ölkədə bahalaşmanı qaçılmaz edir.

Azərbaycan iqtisadiyyatı onsuz da istehsal üzərində qurulmayıb. Neftdənkənar istehsal çox məhduddur.

Neftdənkənar sektorda ən böyük xüsusi çəki isə ticarət, restoran xidmətləri və turizm sektorudur – 25%.

Ən böyük zərbəni bu sektor alması riski var: bir tərəfdən xaricdən turist axını dayandı, digər tərəfdən bütün mərasimlər və kütləvi tədbirlər dayandı.

Hamımız yaxşı bilirik ki, bizim xidmət sektorumuzun dayağı mərasim – məclis iqtisadiyyatıdır.

Ticarət müəssisələrinin özünün satış dövriyyəsində restoran-şadlıq evi-otel şəbəkəsinin ciddi payı var.

Deməli, ən azından onların istehlakı qədər gündəlik tələbat malları üzrə ixtisaslaşmış ticarət dövriyyəsi kiçiləcək. Bu şəbəkədə ciddi işçi ixtisarları, işçi qazanclarının da azalması qaçılmazdır.

Sərhədlərin vətəndaşlar üçün bağlı olması mallara aid deyil, Gürcüstan üzərindən məhsulların ölkəyə daxil olması davam edəcək, hətta İrandan da TIR-lar gəlr, düzdür, sayı azalıb, amma ordan da daxil olmalar var.

Rusiya ilə sərhəd isə hələ ki, açıqdır, deməli ərzaq və gündəlik təlabat mallarının ölkəyə gətirilməsində ciddi problemlər olmayacaq.

Hökumət qurumları insanlara sadə dildə bunu izah edə bilmirlər deyə vətəndaşlar marketlərə axın edib əllərinə keçən hər şey alırlar. Bu isə o deməkdir ki, həm qiymət artımı ola bilər, həm də ölkədən valyuta çıxışı sürətlənəcək.

Onsuz da manata ciddi basqı var, bir müddət sonra məzənnənı süni şəkildə indiki səviyyədə saxlamaq mümkün olmayacaq, market ajiotajı bu prosesi daha da sürətləndirir, çünki özümüz adi aftafa və tualet kağızı belə istehsal edə bilmirik.

Ölkədə biznes sahələrinə, özəl sektora böyük ziyan dəyir-dəyəcək. Turizm sektoru çöküb, öz gücünə ayaqda qalması mümkün görünmür. Rəsmi rəqəmlərə görə bu sahədə 23 min insan çalışır, amma real rəqəm bundan azı 2-3 dəfə daha çoxdur.

Çünki heç də bütün işləyənlər rəsmi müqavilə bağlamırlar. Bu gedişlə onminlərlə insan bu sahədə işini itirə bilər, ilk addım kimi bütün tirizm obyekt və şirkətlərinə azı 6 aylıq “vergi tətili” verilməli, onlar bütün növ vergilərdən azad edilməlidirlər.

İqtisadçıların, ekspertlərin fikrincə, İqtisadiyyat Nazirliyi fövqəlada rejimdə çalışmalıdır ki, mal qıtlığı yaranmasın, süni qiymət artımına yol verilməsin.

Bakının mağazalarında baş verənlər gözlənilən idi. Başqa ölkələrdə, ABŞ, Avropada da istehlakçılar eyni davranışları nümayiş etdirirlər. Odur ki, mağazalarında piştaxtların malların boşalmağa imkan vermək olmaz.

Boşalan piştaxtalara görə mağazalar dərhal anbar ehtiyatları hesabına zəruri mallarla təchiz edilməlidir. Mal qıtlığı yaradıb, süni qiymət artımına yol vermək olmaz.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən qiymətlər üzərində intensiv monitorinq və yoxlamalar aparılmalıdır ki, şirkətlər mal qıtlığı yaradıb, süni qiymət artımına getməsinlər.

Ona görə də Mikayıl Cabbarovun supernazir kimi ilk sınağıdır – Azərbaycanın koronavirusa görə düşdüyü bu şəraitdən çıxması üçün necə fəaliyyət göstərəcək…












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.