Deputat kürəkənini rektor təyin etdirmək istəyib - Amma alınmadı...

25-12-2015, 12:56           
Deputat kürəkənini rektor təyin etdirmək istəyib - Amma alınmadı...
Ağacan Abıyev millət vəkili seçildikdən sonra “Dövlət Qulluğu Haqqında” qanuna əsasən Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru vəzifəsindən azad edildi.

Faktinfo.az saytına məlumat verən şəxsin bildirdiyinə görə, Ağacan Abıyev ADBT və İA rektoru vəzifəsindən çıxsa da, həmin vəzifəyə kənar şəxsin təyin olunmasını istəmirmiş. Bu səbəbdən çalışıb ki, Dövlət Gömrük Komitəsində işləyən kürəkənini öz yerinə rektor təyin etdirsin. Bu məsələyə dair müəyyən işlər də aparıb.

Faktinfo.az saytına məlumat verən mənbəmiz bunu onunla izah edir ki, ADBT və İA-na plan yerinə əsasən hər il 870 tələbənin oxuması üçün qəbul yeri verilir. 230 tələbə qiyabi, 640 tələbə isə akademiyanın əyani şöbələrində oxuyur. Ümumilikdə 870 tələbənin hamısı qabiliyyət imtahanı verib akademiyaya qəbul olur. Ölkə vətəndaşlarına sirr deyil ki, qabiliyyət imtahanlarından keçmək üçün aşağısı 4 min manat, yuxarısı isə 5-6 min manat rüşvət verilməlidir. Demək, təkcə orta hesabla 3-4 milyon manata yaxın vəsait qabiliyyət imtahanlarından keçən abituriyentlərdən yığılır. TQDK tərəfindən keçirilən imtahanlarda iştirak edib keçid balını toplamaq istəməyən pullu abituriyentlərin valideynləri isə 10-15 min manat arasında pul verib uşaqlarını bron yerlərinə də yerləşdirə bilirdilər. Akademiyaya ayrılan vəsaitlərin və büdcədənkənar daxilolmaların proqnozlaşdırılması və icrasına dair məsələlərdə də kifayət qədər vəsait əldə etmək olur. Hətta, 2000-2009-cu illərə qədər yüzlərlə tələbə qabiliyyət imtahanlarına buraxılmaq üçün TQDK-nın müəyyən etdiyi keçid ballarını toplaya bilməyəndə də Ağacan Abıyev onları akademiyaya qəbul etməkdə çətinlik çəkməyib. Bütün bu hallara görə, akademiyada külli miqdarda qazanc əldə etmək mümkün olub. Həmçinin, sessiya imtahanlarında da qazanılan yüz minlərlə vəsait Ağacan Abıyevin işinə yarayıb. O səbəbdəndir ki, neçə illərdir ADBTvə İA rektoru işləmiş Ağacan Abıyev dəyəri milyonlarla ölçülən biznes sahələrinə sahib olub. Təbii ki, o bu milyonları rektoru olduğu akademiyadan qazanıb, biznes sahələrinə yatırıb, sənədləşmələri də nəvələrin adına rəsmiləşdirib. İndi bu qədər sərvəti toplamağa səbəb olan ADBT və İA-na kənar şəxsin rektor təyin olunmasını heç kim istəməzdi, o cümlədən Ağacan Abıyev.

Məlumat üçün bildirək ki,23.12.2015-ci il tarixində ölkə prezidenti İlham Əliyevin imzaladıgı sərəncama əsasən Fuad Hacıyev ADBTvə İA rektor təyin edilib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.