Yeni binaların torpaq problemi: sakinlər asudə vaxtlarını keçirə bilmirlər...

23-05-2020, 08:16           
Yeni binaların torpaq problemi: sakinlər asudə vaxtlarını keçirə bilmirlər...
Karantin günlərində bağçalar bağlı olduğundan uşaqların oynamağa yeri qalmayıb - səbəb...
Karantin rejimi olsa da, Bakıda tikinti sektorunda hər hansı bir durğunluq hiss edilmir. Hazırda paytaxtın bir çox yerlərində binalar inşa edilir, içəridə təmir işləri aparılır. Yalnız karantin günlərində alqı-satqı prosesi dayandırılıb ki, hazırda bu məsələdə də problem yoxdur.

Lakin problem ondadır ki, yeni binaların həyətində sakinlərin, uşaqların asudə vaxtlarını keçirmələri nəzərə alınmır. Bu barədə “Yeni Müsavat”a şikayət edən sakinlər bildiriblər ki, pilot layihələr əsasında tikilən binaların həyətində uşaqlar üçün heç bir yer nəzərdə tutulmur. Onların sözlərinə görə, kiçik həyətdə avtomobil də saxlaya bilmirlər. Avtomobili saxlayanda, həyətdə oturmağa belə yer tapmırlar.

Şikayət əsasında bir neçə binanın həyətində olub, mövcud vəziyyətlə maraqlandıq. Müşahidə etdik ki, doğrudan da, yeni binaların həyətində adicə oturacaqları belə tapmaq çətindir.

Sakinlər bildirdilər ki, bağçaların və əyləncə mərkəzlərinin bağlı olduğu karantin günlərində daha çox əziyyət çəkirlər. Nizami rayonunda inşa edilən binalardan birinin sakini Kərim Həsənov bildirdi ki, ev alsalar da, evlərində rahat yaşaya bilmirlər: “Bu binalarda mənzillər bir-bir satılır. Hamısı da təmirsiz formada alınır. Buna görə də mən iki ildir bu binadan ev almışam, direl, çəkic səsi eşitmədiyim gün yoxdur. Həyətə də düşmək olmur. Çünki yer tapılmır. Bu binaların yerində ikimərtəbəli binalar olub. Həmin 2 mərtəbəli binanın sakinlərinə uyğun olan həyət də var. Ancaq indi yanbayan üç dənə 16 mərtəbəli bina tikiblər. Hələ bu mənzillərin çoxu satılmayıb deyə, həyətdə yeriməyə yer tapırıq. Hamısı satılandan sonra avtomobil əlindən binanın həyətində tərpənmək mümkün olmayacaq. Heç bir binanın altında avtomobil saxlamaq üçün yer yoxdur. Bu da əlavə problemlər yaradır. Dəfələrlə demişik ki, həyətdə heç olmasa, bir-iki yelləncək qoysunlar. Ancaq məhəl qoyan yoxdur. Bu ərazilərdə sökülməyən ikimərtəbəli binalar var. Axşamçağı azyaşlı uşağı olan anaların hamısı həmin binaların həyətinə gedib uşaqlarını havaya çıxarırlar. Hələ bir problem də odur ki, bina tikilir, bir il sonra qaldırıcı kranı sökürlər. Olan-qalan yeri də həmin kran tutur”.

Şahidi olduq ki, köhnə binaların həyətlərində uşaqların oynaması üçün müəyyən qədər şərait var. Ancaq yeni tikilən binalarda sakinlərin dediyi kimi, boş yer görmək və tapmaq mümkün deyil. Əksər çoxmərtəbəli binalar elə köhnə binaların həyətində inşa edilir. Tikinti təhlükəsizliyi səbəbindən inşa edilən binanın ətrafı dəmir hasara alınır. Bu isə köhnə binalarda yaşayan uşaqların da istirahətinə mane olur. Uşaqlar əksər hallarda elə bu dəmir qoruyucuların yaxınlığında oynayırlar ki, bu da başqa bir təhlükə və problemdir.

Nəzərə alsaq ki, yay aylarında uşaq bağçaları açılmayacaq, deməli, uşaqlar və valideynlər üçün daha çətin dövr hələ qabaqdadır.

Qeyd edək ki, metro ətrafında (nisbətən baha ərazilərdə) inşa edilən binaların həyətində uşaqlar və böyüklər üçün istirahət yerləri düzəldilməsə də, Bakının mərkəzindən kənar ərazilərdə inşa edilən binaların həyətlərində bu kimi guşələr yaradılıb.

Tikinti üzrə ekspertlər bildirirlər ki, köhnə binanın yerində yenisi inşa edilən zaman nəzərə almaq lazımdır ki, oradakı yollar da genişlənməlidir. Normaya görə, hər bir insana 14 kvadratmetr yer lazımdır ki, o, normal şəkildə yaşaya bilsin. Lakin bu cür şərait, sakinlərin də şikayətlərindən göründüyü kimi, mövcud deyil. Sakinlər bildirirlər ki, həyətdə şərait olmadığı üçün uşaqları məcbur qalıb telefon, kompüterlə daha çox zaman keçirirlər. Bu hal isə əlavə problemlərə səbəb olur...

Əli RAİS,
“Yeni Müsavat”
Fotolar müəllifindir

















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.