Azərbaycan Respublikası Atçılıq Federasiyasının ünvanına səsləndirilən ittihamlara Federasiya rəsmisindən cavab
21-08-2020, 15:35

Teref.az yazır ki, Respublikada atçılığın inkişafında müstəsna xidmətləri olan bir qrup şəxs redaksiyamız vasitəsilə dövlət başçısına müraciət ünvanlamışdı (http://teref.az/sosial/163027-atciliq-federasiyasi-ona-tapsirilan-saheni-nece-mehve-aparir-.html)
Teref.az-a müraciət edən federasiyanın vitse-prezidenti Elşad Abbasov bu məsələlərlə bağlı öz mövqeyini bildirmişdir.
Atçılıq federasiyasının vitse-prezidenti Elşad Abbasovun mövqeyini təqdim edirik:
"Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) vitse-prezidenti Elşad Abbasov bir qrup şəxs tərəfindən ölkə başçısına ünvanlanmış məktubda səsləndirilən iddialara münasibət bildirib. Vitse-prezidentin açıqlamasını tam şəkildə təqdim edirik.
“1996-cı ildə yaradılmış Azərbaycan Respublikası Atçılıq İdmanı Federasiyasının 2009-cu ildə yenilənmiş nizamnaməsi qeydiyyatdan keçirilmiş və yeni ad ilə - Azərbaycan Respublikası Atçılıq Federasiyası kimi fəaliyyətinə davam etmişdir. Federasiyanın adının dəyişdirilməsində, yeni nizamnamənin təsdiq edilmə¬sində əsas məqsəd atçılıq idman növləri ilə yanaşı unudulmaqda olan atçılıq istiqamətlərinin də inkişaf etdirilməsinə tövhə verməkdən ibarət olmuşdur.
Azərbaycan Respublikasında atçılığın inkişafı və milli at cinslərinin qorunması sahələrində görülən bütün işlərin təməlində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Azərbaycan Respublikasının Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyevanın bu sahəyə göstərdikləri ali dəstək və qayğı durur. Məhz bu dəstək nəticəsində son illər ərzində ölkə ərazisində Ağcəbədi və Ağstafa rayonlarında ən müasir tələblərə cavab verən atçılıq mərkəzləri fəaliyyətə başlamış, milli at cinslərinin identikləşdirilməsi, cinsin yaxşılaşdırılması üçün atların bonitirəsinin aparıması üzrə mühüm işlər görülmüşdür.
Federasiya öz tə¬şəbbüsü ilə atçılığın milli sahələrinin inkişaf etdirilməsi üçün yüksək səylər göstərmişdir. Bu istiqamətdə Federasiya tərəfindən Azər-baycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə sıx əlaqədə fəaliyyət göstərilmiş, atçılıq sahəsində dövlət siyasətinin gerçəkləşdirilməsinə zəruri dəstək verilmiş, müxtəlif təşəbbüslər həyata keçirilmişdir.
2010-cu ilin əvvəllərində Bakı Dövlət Cıdır Meydanı ARAF-ın təşəbbüsü ilə tam təmir olunub və həmin ilin mart ayından etibarən ilk cıdır yarışlarına start verilib.
Cıdır yarışlarının keçirilməsində isə yenə də əsas məqsəd yerli cins atlarımızın beynəlxalq laboratoriylar vasitəsilə DNT analizlərinin məcburi şəkildə aparılmasını təmin etmək və cinslərin yaxşılaşdırılmasına nail olmaqdan ibarət olmuşdur.
Azərbaycan Respublikası Atçılıq Federasiyası ictimai birlikdir. ARAF illik büd¬cəsini yalnız ianələr və sponsorluqlar vasitəsilə formalaşdırır. Yeni sponsor-ların cəlb olunması, mövcud sponsorluqların müddətinin bitməsi və sponsorluq məbləğlərinin dəyişməsindən asılı olaraq federasiyanın hər yeni il ərzində müxtəlif atçılıq idman sahələrinə təyin etdiyi mükafat fondları dəyişə bilər.
Cıdır yarışlarının tərəfimizdən təşkil olunmasına başlandığı tarixdən etibarən hər il mükafat fondu təsis edilmiş və qaliblər arasında bö¬lünmüşdür. Bəzi hallarda sponsorluq vəsaitlərinin federasi¬yaya gec ödənilməsi səbəbindən mükafatların verilməsində gecikmələr olmuşdur. DNT analizlərinin cavabları təqdim olunmayan atların mükafatları müvafiq yoxlama həllini tapdıqdan sonra ödənilmişdir.
Dünya təcrübəsində olduğu kimi bütün qaçışlara atlar yazıldığı zaman mkafat fondunun 1%-i həcmində giriş haqqı tələb olunur. Bunun məqsədi isə at sahiblərinin vaxtında və məsuliyyətli şəkildə atlarını qaçışlara yazmasına və yazılan atın son dəqiqədə yarışdan çıxarılmamasına xidmət edir. Yekunda giriş haqlarından toplanan vəsaitlər yenidən mükafat fonduna qaytarılır.
Azərbaycanda atçılıq klubları, atçılıq mərkəzləri və digər atçılıq təsərrüfatları müstəqil fəaliyyət göstərirlər. ARAF həmin klubların fəaliyyətini təftiş etmək səlahiyyətinə sahib deyildir. Bakı və Bakı ətrafı ərazilərdə müxtəlif səviyyəli, fərqli xidmətlər təklif edən bir neçə azad atçılıq təsərrüfatları fəaliyyət göstərir ki, bu da at sahiblərinə seçim etmək imkanı verir. At sahiblərinin hansı klubda yerləşməsindən asılı olmayaraq ARAF tərəfindən təşkil olunan bütün yarışlarda iştirakı mümkündür. Eyni zamanda bütün təsərrüfatlar qiymət siyasətini azad şəkildə formalaşdırırlar. ARAF-ın bu məsələlərlə bağlı təsərrüfatlara heçbir müdaxiləsi yoxdur.
2010-cu ildən etibarən Çövkən Milli Atüstü Oyunu üzrə ölkə çempionatla-rının və xüsusi kubokların keçirilməsinə start verilmişdir. Ötən 10 il ərzində ümumilikdə 8 çempionat təşkil edilmiş və yüksək məbləğlərdə vəsaitlər bu sahəyə ayrılmışdır. 2018-ci ildə federasiya tərəfindən verilən qərara əsasən çövkən komandalarında 2019-cu ilin sonundan etibarən yalnız yerli cins atların istifadəsinə yol verilir. Bu da milli atçılığın inkişafına yönəlmiş addımlardan biridir.
2009-cu ildən etibarən Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən ümumilikdə 50-dən artıq beynəlxalq, 250-dən çox yerli yarış təşkil olunmuşdur. Avropanın müxtəlif şəhərlərində milli komandaların atçılığın bir neçə növü üzrə yarışlarda iştirakı təmin edilmişdir. Azərbaycanın milli oyunu olan çövkəndən yaradılmış, lakin dünyada yüksək populyarlıq əldə etmiş atçılığın polo növü üzrə qısa vaxt ərzində milli komanda formalaşdırılmışdır.
2015-ci ildə arena polosu üzrə milli komandamız Avropa Çempionu, 2018-ci ildə isə böyük polo üzrə milli komandamız Avropa Çempionatının gümüş mükafatçısı olmuşdur. 2012-ci ildə Atçılıq Federasiyasının təşəbbüsü ilə milli cins atlarımızdan ibarət xüsusi “Süvarilər Dəstəsi” yaradılmışdır. Həmin atçılıq qrupu¬nun dəfələrlə İngiltərədə təşkil olunan tədbirlərdə, İs¬veçrənin müxtəlif şəhərlərində və Türkiyənin paytaxtı İstanbul şəhərində yüksək səviyyəli beynəlxalq tədbirlərdə nümunəvi çıxışları təşkil olunmuşdur.
Ötən 11 il ərzində Azərbaycan Respublikası Atçılıq Federasiyası tərəfindən görülən işlərin, ölkə atçılığının inkişafı üçün aparılan idman siyasətinin, qarşıya qoyulan məqsədlərin və əldə olunan nailiyyətlərin danılmasını qərəzli yanaşma kimi qəbul edirəm.
ARAF ictimaiyyətə açıq və şəffaf qurumdur. Əsaslı tənqidləri biz hər zaman qəbul etməyə hazırıq. Federasiyanın vitse-prezidenti olaraq, bizim fəaliyyətdən narazılığı olan hər bir şəxslə görüşməyə hazır olduğumu bildirirəm və onları bu görüşə dəvət edirəm. Əmin edirəm ki, bütün müraciətlərə ən qısa zamanda baxılacaq və həlli üçün bütün mümkün tədbirlər görüləcəkdir.”