Pandemiyadan sonra əmlak bazarını nə gözləyir? - Tələb və təklif qanunu bahalaşmanı qaçılmaz edir
22-08-2020, 09:24

Bütün dünyada koronavirus pandemiyası səbəbindən yaranan durğunluq və qeyri-müəyyənlik öz təsirlərini daşınmaz əmlak bazarında da göstərməkdədir. Lakin Azərbaycanda bu sahə müəyyən xüsusi özəlliklərə sahib olduğundan və xüsusilə də uzun illər daşınmaz əmlakın qeydiyyatı sahəsində mövcud olan bürokratiya səbəbindən gerçək mənzərəni təsvir etmək kifayət qədər çətindir.
Statistikaya görə, bu ilin ilk yeddi ayında Azərbaycanda istifadəyə verilən yaşayış sahələrinin ümumi sahəsi 2019-cu illə müqayisədə 16,8 faiz az olub və kapitala qoyulan vəsaitin həcmi isə 10,4 faiz artıb. Bununla yanaşı, ötən il ölkəmizdə istismara verilmiş yaşayış sahələrində 8,747 milyon kvadratmetr göstərici ilə rekord müəyyən edilib. Ancaq bu rekord mütəxəssislər tərəfindən daha çox mənzil mülkiyyətinə dair sənədlərin qeydiyyatı prosedurunun sadələşdirilməsi tədbirləri ilə əlaqələndirilir. Yəni mənzil qeydiyyatı sahəsindəki asanlaşma insanların kütləvi şəkildə mülkiyyətlərini qeydiyyata salmasına şərait yaradıb. Ötən ilin statistikasındakı kəskin artım da məhz bununla əlaqələndirilir. Bu səbəbdən ötən illə müqayisədə bu il mənzil tikinti seqmentinin özü əhəmiyyətli dərəcədə daralıb və burada koronavirus pandemiyası səbəbindən işə məhdudiyyət qoyulması da əlavə rol oynayıb. Və təbii olaraq, bütün bunlar yaxın gələcəkdə əmlak qiymətlərinə təsir göstərə bilər. Burada bazarın tələb-təklif qanunu həmişəki kimi öz rolunu oynayır vəı oynayacaq. Mütəxəssislər hesab edirlər ki, boş torpaq sahələrinin məhdud olması, torpaqların qiymətinin kəskin artması, tikinti normativlərinin sərtləşdirilməsi və s. bu kimi amillər daşınmaz əmlakın qiymətinin artacağından xəbər verir. Postpandemiya dövründə daşınmaz əmlakın qiyməti arta bilər. Belə ki, pandemiya dövründə daşınmaz əmlakın alqı-satqısı dayandığı üçün bazarda durğunluq yaranıb. Bu dövrdə sahibkarlar zərərlərini postpandemiya dövründə çıxara bilmək üçün əmlak qiymətlərini artıra bilər.
Bununla yanaşı, mütəxəssislərin fikrincə, 2020-ci ilin əvvəlindən başlayan koronavirus pandemiyası əksər dünya ölkələri ilə bərabər Azərbaycan iqtisadiyyatına da çox ciddi mənfi təsir görtərib. Neftin qiymətinin düşməsi, bankların bağlanması və digər sahələrə olan yatırımların riskli olması vətəndaşlarda sabaha inamsızlıq yaradıb. Belə ki, əlində vəsaiti olan hər bir vətəndaş yeni yatırım mənbəyi və alternativlər axtarır. Bu səbəbdən bu gün ölkədə ən etibarlı kapital yatırımı sahəsi məhz tikinti sahəsidir. Belə ki, 2000-ci illərin əvvələrindən inkişaf etməyə başlayan tikinti sahəsi öz pik həddinə çatıb. Tikinti sahəsi dəyərini qoruyub saxlayır. Bununla yanaşı, daşınmaz əmlakın qiymətlərinin artması da sübut edir ki, ən əlverişli gəlir mənbəyi tikinti sektorudur. Praktika göstərir ki, son 20 ildə əmlak bazarında qiymətlər 7-10 dəfə bahalaşıb.
Belə ki, məsələn, 2000-ci ildə Elmlər Akademiyası metrosu yaxınlığında 1 otaqlı "xruşovka" layihəli mənzilin qiyməti 10 min manat idisə, indi bu qiymət 60-70 min manatdır. Tikinti sektoru həm də gəlir gətirən bir sahədir. Belə ki, istənilən əmlak alındığı gündən öz dəyərinin ən azı 0.5 faizi nisbətində icarəyə verilərək, gəlir gətirə bilər. Pandemiya dövründə digər ölkələrlə sərhədlərin bağlı olması isə xaricdən ölkəyə daxil olan tikinti materiallarının da qiymətlərinin artmasına səbəb olur. Məhz bununla əlaqədar 1 ildən çoxdur ki, çoxmərtəbəli binaların tikintisində azalma müşahidə edilir.
Bütün qeyd olunanlar onu deməyə əsas verir ki, daşınmaz əmlak bazarında qiymətlərin düşməsini gözləməyə dəyməz. Çünki daşınmaz əmlakın ucuzlaşmasına səbəb olacaq heç bir amil yoxdur, əksinə, bahalaşması üçün çox səbəb var.
Tahir
“AzPolitika.info”