Sahibkarlar hökumətdən yeni - GÜZƏŞTLƏR İSTƏYİRLƏR - SİYAHI

26-02-2021, 09:21           
Sahibkarlar hökumətdən yeni -
Azərbaycanda biznes təmsilçiləri və sahibkarlar yerli istehsalı gücləndirmək, ixracı artırmaq və rəqabətə davamlı olmaq üçün hökumətdən vergi güzəştləri istəyirlər.

FED.az xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyasında (ASK) aparılan müzakirələr zamanı sahibkarlara problem yaradan əsas məqamlar müəyyən edilib. Məlum olub ki, bəzi vergiləri fərqli tətbiq etməklə iş adamlarının ciddi problemlərinin bir hissəsini həll etmək olar.

İdxal üçün xammal ƏDV-dən azad edilsin

İş adamlarının əsas istəklərindən biri yerli istehsalın təmin olunması və qurulması üçün idxal olunan xammalın ƏDV-dən azad edilməsi ilə bağlıdır. «Məsələ bundadır ki, xammal gətiriləndə ƏDV-nin tətbiqi yerli malın maya dəyərini artırır və bu da nəticə etibarı ilə yerli məhsulun rəqabətdə uduzmasına səbəb olur»-deyə ASK-dan bildirilib.

Qeyd edək ki, ixraca təşviq sənədi alan sahibkarlar üçün belə güzəştlər var. Amma iş adamları onun təkcə ixracla məşğul olanlara deyil, bütün yerli istehsalçılara tətbiq edilməsini istəyirlər. «Əslində bu güzəştlər təşviq sənədi ilə mümündür, amma təşviq sənədi hamıda yoxdur. Biz də istəyərdik ki, həmin üstünlük yerli istehsalla məşğul olan bütün iş adamlarına şamil olunsun».

Vergilərin fərqli dərəcə ilə tətbiq edilməsi

Digər təklif vergilərin diferensiallaşması ilə bağlıdır. İş adamları təklif edir ki, uşaq geyimləri, uşaq qidaları və trikotaj mallarına aid olan sahələrdə vergilər daha aşağı dərəcələrlə tətbiq edilsin. Həmin üsulun elektrikli avtomobil istehsalı sənayesinə də aid olması təklif edilir.

Sərmayəyə yönəldilən vəsait vergidən ahad edilsin

İş adamları ümumiyyətlə, Vergi Məcəlləsinin prinsiplərinə yenidən baxılmasını və onun investisiya yönümlü olmasını istəyirlər. Məsələn, sahibkarlar təklif edir ki, ilin sonunda əlavə qalan mənfəət, əgər yenidən investisiyaya cəlb olunursa, mənfəət vergisindən azad olunsun. Sahibkarlar düşünür ki, bu üsul investiya yatırımına marağı artıra bilər.

İş adamlarına əmlak amnistiyası verilsin

Sahibkarların daha bir təklifi uçotun təkmilləhdirilməsi ilə bağlıdır. Əslində uçotun təkmilləşməsi, yəni bütün avadanlıq və malların qeydiyyata alınmasında İqtisadiyyat Nazirliyi və ümumiyyətlə bütün iqtisadi icması maraqlıdır. Amma bu sahədə əngəllər var: «Tutaq ki, hər hansı dövrdə sahibkar uçota almadan müəyyən avadanlıq və mal-məhsul əldə edib, amma indi uçota sala bilmir, çünki ondan böyük məbləğdə vergilər tələb olunacaq».

Təklif edilir ki, bu qərar – faktiki olaraq amnistiya - verilsin və əvvəllər alınmış avadanlıq və mal-məhsulu uçota salmaq mümkün olsun. Bundan sonra isə uçot təkmilləşdirilsin.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.