İdman ölkəsində idman psixoloqu qəhətə çıxıb

25-03-2021, 07:16           
İdman ölkəsində idman psixoloqu qəhətə çıxıb
Peşəkar idman psixoloqları olmadığı üçün bu missiyanı məşqçilər özləri yerinə yetirməyə məcbur olurlar

Azərbaycanda idman psixoloqlarının sayı barmaqla sayılacaq qədər azdır. Peşəkar idmançılar psixoloqa müraciət etməkdə çətinlik çəkirlər. Halbuki, hər idman komandasının özünün peşəkar psixoloqu olmalıdır.

Dünyada inkişaf etdiyi halda, niyə Azərbaycanda bu sahədə boşluq var? AYNA sualın cavabını mütəxəssislərdə axtarıb.

Psixoloq Nüşabə Nağıyeva deyib ki, Azərbaycanda psixologiya son illərdə məşhurlaşmağa başlayıb: “Amma digər ölkələrdə psixologiya elminin tarixi olduğundan onlarda diferensiya olunma prosesi baş verib. Bir çox ölkələrdə qrup terapiyaları, idman psixologiyası və s. kimi psixologiya növləri inkişaf etdiyi halda, bizdə hələ müraciət edən pasiyentlərlə fərdi formada psixoloqlar məşğul olur”.

“Psixologiyanın bir çox sahələri var. Sadəcə bizdə hələlik fərdi və ailə-uşaq terapiyasına təlabat olduğundan digər sahələr inkişaf etməyib. Çünki Azərbaycan bazarında idman psixoloquna ciddi şəkildə ehtiyac yoxdur və bu səbəbdən inkişaf getmir”, - ekspert bildirib.

Nağıyevanın sözlərinə görə, Vətən müharibəsindən sonra müharibə iştirakçılarının psixoloji yardıma ehtiyacları olduğundan bu sahədə inkişaf başlayıb: “Amma normalda kişilər qadınlara nisbətən daha az psixoloqa müraciət edirlər. İdman psixologiyası isə idmançıların müraciət etmədiyindən aktual olan sahədir. Düşünürəm ki, bu sahənin bizdə inkişaf etməsi vacibdir”.

“Hətta, Bədən Tərbiyəsi və İdman Akademiyasında psixologiyanın ayrıca qolu olaraq idman psixologiyası ixtisası yaradılmalıdır. Çünki, o sahədə daha yaxşı idman incəliklərini bilən psixoloq öz sahəsinin peşəkarı ola bilər”, - deyə mütəxəssis əlavə edib.

Peşəkar boksçu, məşqçi Rafiq İsmayılov qeyd edib ki, uşaq yaşlarından idmançını yetişdirən məşqçi tələbəsinin pisixologiyasını daha yaxşı bilir: “Yaxşı məşqçi həm də yaxşı psixoloqdur. Çünki məşqçi illərlə idmançılarla işlədiyi üçün o qədər idmançılar yetişdirir ki, o, artıq idmançının dilini yaxşı bilir. Amma bu, o demək deyil ki, psixoloqa ehtiyac yoxdur. Təbii ki, psixoloqa ehtiyac var. Amma təəssüflər olsun ki, peşəkar idman psixoloqlarımız yoxdur”.

“Onu da qeyd edim ki, idman psixoloqu özü peşəkar idmançı olmalıdır. O, idmançı olmasa, idmançını hiss edib, ona yardım edə bilməz. Yaxşı olardı ki, İdman Akademiyasında idman psixologiyası fakültəsi açılsın və bu sahə üzrə peşəkarlar hazırlansın. Hətta, idman növləri üzrə psixoloji problemlər və yardım yolları da dəyişir. Məsələn, güləş, cüdo ilə futbol idman növünə edilən psixoloji yardım fərqlidir. Bunu bilmək üçün o sahələri də dərindən bilmək lazımdır. Əks halda bu problem hələ çox olacaq”, - deyə idmançı vurğulayıb.

İsmayılov onu da diqqətə çatdırıb ki, bu gün peşəkar idman psixoloqu olmadığı üçün bu missiyanı məşqçilər özləri yerinə yetirməyə məcbur olurlar: “Məşqçi əlindən gələni edir. Amma yenə də psixoloqun olması mütləqdir. Ümid edirəm ki, yaxın gələcəkdə bu problem də öz həllini tapacaq”.

Karate üzrə milli yığmanın məşqçisi Nuranə Əliyeva isə heç vaxt psixoloqa ehtiyacı olmadığını söyləyib: “Əslində, hər şey idmançının özündən asılıdır. İdmançı hər zaman pozitiv olmalıdır, məşqlər ağır olsa da, beynində o məşqləri yüngülləşdirməlidir”.

“İdmançının karyerasında məşqçisinin də böyük rolu var. Psixoloq döyüş zamanı idmançının yanında olmur, amma məşqçi olur. Məşqçinin motivasiyası idmançı üçün mütləqdir”, - deyə xanım idmançı fikrini yekunlaşdırıb.

Müəllif: Təranə Xudabaxşiyeva












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.