«İDEAL» MÜŞTƏRİLƏRİNİ AÇIQ AŞKAR SOYMAQLA MƏŞĞULDUR
15-02-2016, 23:12
Mağazanın rəhbərliyi ölkə başçısının süni qiymət artımı ilə bağlı səsləndirdiyi tənqidlərdən hələ də nəticə çıxarmayıb
Yadınızdadırsa, bir müddət əvvəl prezident İlham Əliyev süni qiymət artımı məsələsinə toxundu və qiymətləri qəsdən bahalaşdıran müəssisə rəhbərlərinin ən sərt şəkildə cəzalandırılacağını bildirdi. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, bəzi iri mağazalar şəbəkəsinin sahibləri hələ də süni qiymət artımına yol verirlər. Artıq neçə illərdir ki, ətir və kosmetika məhsulları bazarında özünə yer etmiş «İdeal» mağazalar şəbəkəsi ilə bağlı maraqlı faktlar üzə çıxıb. Aparılan araşdırma nəticəsində məlum olub ki, «İdeal» rəhbərliyi 13-14 fevral tarixlərində satdığı bir sıra məhsulların qiymətini heç bir səbəb olmadan qaldırıb. Belə ki, fevralın 7-də 165 manata satışa çıxarılmış ətir artıq fevralın 13-də 197 manata müştərilərə təklif edilib. Məlumat üçün bildirək ki, qeyd olunan müddətdə manatın və dolların məzənnəsində elə də ciddi dəyişiklik baş verməyib. Maraqlıdır, bəs onda nəyə görə «İdeal» qiymətləri birdən-birə 30-40 faiz bahalaşdırıb? Bu suala aydınlıq gətirmək üçün mağazalar şəbəkəsinin rəsmisi ilə əlaqə saxladıq. Onun cavabı isə belə oldu: «Qiyməti rəhbərlik müəyyən edir. Başqa heç nə deyə bilmərəm». Bir sözlə, «İdeal»ın rəhbərliyi ölkə başçısının süni qiymət artımı ilə bağlı səsləndirdiyi tənqidi fikirlərdən hələ də bir nəticə çıxarmayıb. Odur ki, İqtisadiyyat Nazirliyinin aidiyyəti şəxsləri sözügedən ticarət şəbəkəsində dərhal yoxlamalar aparmalı və süni qiymət artımının qarşısı alınmalıdır. Əks halda, bu mağazanın rəhbərliyi vətəndaşları aldatmaqda davam edəcək. \gundelik-baku.com/