İnsanı yurd-yuvasından təkcə yağı düşmən didərgin salmırmış...

24-05-2021, 07:56           
İnsanı yurd-yuvasından təkcə yağı düşmən didərgin salmırmış...
İndi buraların insanlarının tək sığınacaq yeri o gözəgörünməzdir

Kənddə qapısı açıq evlər az qalıb, halbuki qapıya qıfıl vurmaq buraların adəti deyildi. Daha hər bacadan tüstü çıxmır, bir çimdik duz almağa yan qonşunun qapısını da döyə bilməzsən.

Təbiətin ümidinə qalmaqdan bezən insanlar başqa yerlərə pənah aparıblar. Çünki buralarda tək sığınacaqları özlərinin dediyi kimi “o gözəgörünməzdir”. Onun bəxş etdiyi günəşə isinir, yağış yağanda “yerinə-yurduna yağır” deyib bərəkət umurlar.

Bərəkət demişkən, daha o bərəkət də qalmayıb. Elə bil, nənələr-babalar dünyasını dəyişəndə evlərin bərəkətini, yuvaların istisini də özləri ilə aparıblar. İndi mənə ən qayğısız, şenlikli yer - qonaq qəbul etməyə yeri qalmayan o kiçik qəbiristanlığımız görünür. Bu məzarlıqda elimizi-obamızı yurda çevirənlər uyuyur. Axı torpaq öz-özünə vətən olmur, onu yurda çevirən insandır.

Bir vaxtlar buralarda şən həyat var idi


Bir vaxtlar oğul-uşaqlar ağbirçəklərin, ağsaqqalların ocağının başına toplaşardı. Həyət-bacada oynayan nəvə-nəticələrin səsi dərələrə səs salardı.

O vaxt çayların da suyu bol idi. Bu üzdən o üzə keçəndə çəkmələrimiz islanmasın deyə əlimizə alırdıq. İndi çaylar quruyub, daşları susuzluqdan bomboz bozarıb. Vaxtilə babaların min bir əziyyətlə dağların döşündən çəkdiyi o bulaqların nə gur suyu qalıb, nə da başına toplaşan qız gəlinləri.

Elə hey düşünürəm ki, bizim elin şənliyi hara gedib? Kim bilir, bəlkə bir tikə çörək arxasınca yad ellərə gedən oğullara verdiyimiz qızlarla, ya da şəhərlərə övladları üçün rahat həyat qurmaq niyyəti ilə yola çıxan atalarımızla gedib. Bir sözlə, buralardan gedən çox şey olub - insanı da, bərəkəti də, şenliyi də gedib. Amma kim hara getsə də, üz tutduğu son mənzili yenə bura – bu kiçik, darısqal, hamını qoynuna sığdıran qəbiristanlıq olur.

Təəssüf ki, bu gün kəndimizin insanları kənd həyatının çətinliklərindən, məhrumiyyətlərindən baş götürüb hərəsi bir yana dağılıb. Birdən elə bilərsiniz, buna görə onları qınayıram? Yox, əsla! Günü bu gün də işıq, qaz problemi həllini tapmayan bu yerlərdən gedənləri qınamağa adamın vicdanı əl verməz. Buralarda yaşayış özlərinin dili ilə desək, yaşayış deyil. Nə olsun ki səfalı yerdir, havası, suyu cana dərmandır? Yaxşı iş yerləri, normal şərait olmayandan sonra təkcə hava-su ilə qarın doymaz, insan yetişdirilməz. Buna görə təbiətinə heyran qalan gələn qonaqlara cavabları çox vaxt belə olur ki, buralar iki-üç günlük istirahət üçün yaxşıdır.



İstirahət demişkən, yaxşı turist də qəbul etmək olar. Bunu yalnız o halda etmək olar ki, iki maşın qarşı-qarşıya gəldikdə toqquşacağı torpaqlı, sıldırımlı yollara bir əl gəzdirilsin, göyün üzünə çən gələndə, yağış yağanda bir qədər sərt küləyə dözməyən, əyilmiş işıq dirəkləri düzəldilsin, gündə dörd fəsil yaşanan bu yerlərin soyuğunda isinmək üçün qaz xətti çəkilib başa çatdırılsın.

Tanrı bu yerləri insanın sağlam və məsud yaşaması üçün olduqca zəngin döşəyib. Yerinin altı da, üstü də qızıldır. Onu günümüzün imkanları daxilində komfortlu etmək isə özümüzə, daha dəqiq desək, səlahiyyətli şəxslərə həvalə edilib. Köçən sakinlərin nakamlığından, qalanların isə şikayətindən məlum olur ki, onların hələ də tək ümidi, pənahı “o gözəgörünməzdir”.

Mən də düşünürəm ki, “o gözəgörünməzin” səbiri gendir. Nə bilmək olar, bəlkə özünü görməməzliyə, eşitməzliyə vuranların qəlbinə insaf salar, problemlər həllini tapar, buralarda yaşayış üçün həyat şərtləri yaxşılaşdırılar. Köçənlər də son mənzilə yox, ata-baba ocaqlarında ömür sürmək, səfalı təbiət qoynunda dincəlmək üçün yenidən bu yerlərə üz tutarlar. Yenə dərələri, dağları şən uşaqların səsi ilə sevinər Gədəbəy rayon Əmiraslanlı kəndinin…

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.