Sərnişin avtobuslarında havalandırma problemi: Camaat boğulur

28-05-2021, 06:06           
Sərnişin avtobuslarında havalandırma problemi:
Ekspert: “Daşıyıcı şirkətlər kondisionerin işə salınmasında sürücülərə sərbəstlik verməlidir”
BNA sözçüsü: “Mayın 26-dan bütün daşıyıcı şirkətlərə təlimat verilib ki...”

Şəhərimizin müasir görünüşlü, kiçik pəncərəli avtobuslarında hava isinəndə hər il kondisioner problemi yaşanır. İstidən, sıxlıqdan yaranan boğanaq havada nəfəs almağa çətinlik çəkən yorğun yolçular sürücüyə üz tutub havalandırmanı işə salmasını, kondisioneri yandırmasını istəsələr də, adətən onlar buna məhəl qoymurlar. Səbəb kimi də əsas gətirirlər ki, bu onların ixtiyarında olan məsələ deyil.

May ayının əvvəlindən bəzi günlərdə hava çox isti keçdi. Və avtobuslarda da eyni mənzərə. Bəs niyə eyni problem hər il təkrarlanır? Həll yolu nədir?

AYNA-nın suallarını cavablandıran nəqliyyat eksperti Elməddin Muradlı da sözügedən problemin hər il yaşandığını deyib: “Sərnişin avtobuslarında kondisionerin işə salınması məsələsi demək olar ki, hər il problemə çevrilir. Nədənsə bəzi daşıyıcı şirkətlər kondisionerləri iyun ayının 15-dən sonra işə salırlar. Amma mən düşünürəm ki, artıq may ayının əvvəllərindən bu prosesə başlamaq lazımdır”.

Ekspert vurğulayıb ki, kondisionerlərin işə salınmasında sürücülərə sərbəstlik vermək lazımdır: “Bu, gündəlik tələbata görə olmalıdır. Daşıyıcı şirkətlər kondisionerin işə salınmasında sürücülərə sərbəstlik verməlidir. Hansı günlərdə hava isti keçirsə, həmin günlərdə də tələbata görə sürücülər kondisionerləri işə salmalıdırlar. Bunun üçün konkret tarix qoymaq düzgün deyil. Elə günlər olur ki, yay mövsümü başlamasa da, hava çox isti olur”.

“Bu baxımdan problemin həlli üçün daşıyıcı şirkətlərə göstəriş vermək lazımdır ki, sürücülər hava şəraitinə uyğun olaraq avtobuslarda kondisionerləri işə salsınlar. Bu, problem eyni ilə qışda da isitmə sistemi ilə bağlı yaşanır. Bunu da eyni qaydada tənzimləmək lazımdır”, - deyə Muradlı söyləyib.

Mais Ağayev ailəsi ilə birgə koronavirusa yoluxdu » Sfera.az Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı

Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat Xidmətinin rəhbəri Mais Ağayev AYNA-ya bildirib ki, may ayının 26-dan daşıyıcı şirkətlərə kondisionerlərin işə salınması ilə bağlı göstəriş verilib: “Sürücülər kondisioneri yandırıb-söndürə bilməzlər. Kondisionerlər qarajda yandırılıb-söndürülür. Nəzərə alsaq ki, yay mövsümü iyun ayının 15-də başlayır, havanın temperaturu yüksək olduğundan artıq bütün daşıyıcılara, o cümlədən də “Bakubus”-a istismarlarında olan avtobuslarda sərinləndirmə, havalandırma və soyutma sistemlərini işə salmaları ilə bağlı 26 mayda rəsmi xəbərdarlıq məktubu göndərilib”.

“Bundan əlavə kondisioner sistemi olmayan avtobuslarda da pəncərəni açmaqla havalandırmanı təmin etməkləri ilə bağlı göstəriş verilib. Hər il qış və yay mövsümündən əvvəl daşıyıcı şirkətlərə mövsümə hazırlıqla bağlı məktub ünvanlanır. Ola bilər, hansısa avtobusda texniki səbəbdən sərinləndirmə sistemi işləmir. Bu da texniki məsələdir və həll edəcəklər”, – deyə Ağayev əlavə edib.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.