''Burada ya ölüm olacaq, ya da heç kim yerindən tərpənməyəcək'' (VİDEO)
22-02-2016, 23:48
“Razin stansiyası” adlanan yerdə təxminən 300 nəfər fəhlə hər gün iş taparlar deyə burada dayanır. Ərazidə 28 ildir buradan çörəkpulu qazanan fəhlələr var. Amma bu gün hökumət qurumları onlara deyirlər ki, daha burada durmaq olmaz. Səbəb kimi abadlıq işlərini göstərirlər. Fəhlələr isə həyatlarının abad olmadığını deyirlər.
Fəhlələr deyirlər ki, əvvəllər polis işçilərinə aya 150 manat verib, burada dayanıblar. Amma indi iş olmur deyə polislərə də pul vermirlər.
Sabunçu rayon icra başçısının köməkçisi Müslüm Mahmudov fəhlələrə görə maşınların dayandığını və bununla ərazidə tıxac yaratdıqlarını deyir. İcranın sözçüsü onlara Kürdəxanı-Zabrat yolunda dayanmağı məsləhət görür.
Sabunçu rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin rəisi Oruc Əhmədovu iş yerində tapmadıq. Katibəsi bildirdi ki, rəis bu gün işə gəlməyib. Onun bizimlə əlaqə yaradacığını desə də, daha sonra zəng edilmədi.
Daxili İşlər Nazirliyi polis işçilərinin fəhlələrdən pul yığmasına münasibət bildirməkdən imtina etdi.
Fəhlələrdən bəzilərinin isə deyir ki, onlara təklif olunan Kürdəxanı-Zabrat yoluna getməyə yol pulları yoxdur.