Azərbaycanda iki fərqli vaksinin sınağı, effekti necə olacaq? - HƏQİQƏTƏN DƏ...
29-09-2021, 09:00

Son günlər koronavirusa yoluxma sayında azalmalar müşahidə edilir. Bununla belə, ekspertlər hesab edirlər ki, havalar soyuduqca yenə də xəstələnənlərin sayı arta bilər. Bu gündən etibarən, yəni sentyabrın 29-dan V-XI siniflər də məktəbə gedəsək, eyni zamanda ali təhsil müəssisələrində də tədris başlayır.
Nazirlər Kabinetinin “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvəqqəti Qaydaları”na əsasən təhsil müəssisələri işçilərinin azı 80 faizinin COVİD-19 pasportunun (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olması tələb edilir. Bu tələb təhsil alanların sayı 200 nəfərdən az olan təhsil müəssisələrinə şamil edilməyəcək. Ali və orta-ixtisas təhsili müəssisəsində təhsil alan yaşı 18-dən yuxarı olan bütün şəxslərin COVİD-19 pasportu (COVİD-19-a qarşı peyvənd sertifikatı və ya COVİD-19-a qarşı immunitet sertifikatı) olmalıdır. Dərslərarası fasilələrdə təhsil alanların təmiz havada olmasına şərait yaradılır. Ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir. Müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılır.
İqtisad Universitetinin mətbuat katibi Elnarə Məmmədova deyib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah nə qərar veribsə, dərslər ona uyğun təşkil olunacaq: “Yəni auditoriyaların 70 faizindən istifadə olunacaq, tələbələr sosial məsafə qorunmaq şərtilə maskada gələcəklər. COVİD pasportu olmayanlar universitetə buraxılmayacaqlar. Birinci növbə üçün dərslər saat 8-də başlayacaq”.
Memarlıq və İnşaat Universitetinin mətbuat xidmətinin rəhbəri Nəcibə Mirzəyeva bildirib ki, artıq yeni tədris ilinə hazırdırlar: “Bizdə bu gün yeni dərs ili ilə bağlı qərar verilib. Onsuz da bundan əvvəl rektor tədrisin təşkili ilə bağlı qaydalara uyğun olaraq tapşırıqlar vermişdi. Amma son olaraq yenidən nəticələrə baxıldı. Bizdə tədrisin təşkili qaydaları Nazirlər Kabinetinin son qərarına əsasən qurulacaq. Auditoriyaların 70 faizi istifadəyə veriləcək. Dərslərin keçirilməsində bəzi dəyişikliklər olunub. Belə ki, potok dərsləri onlayn keçiriləcək. Çünki bizdə potok dərslərində çox tələbə olur, yəni o say 70 faizi aşacaq deyə, potok dərslərinin onlayn keçirilməsi qərarı verilib. Potok dərsləri olan gün tələbənin bütün dərsləri onlayn olacaq. Həftədə iki dəfə potok dərsləri olacaqsa, tələbələr həmin gün onlayn qoşulacaqlar. Digər günlərdə isə ənənəvi dərslər olacaq. Tapşırıq verilib ki, universitetin mühafizə xidməti binaya daxil olan tələbələrdən COVİD pasportu tələb etsin. Yaşı 18-dən aşağı olanlara təbii ki, heç bir məhdudiyyət qoyulmayacaq. Dərsarası fasilələrdə dəhlizlərdə məsafə qorunacaq, auditoriyada partalar arasında məsafə gözləniləcək. Eyni zamanda universitetin bütün korpuslarında, pilləkənlər tərəfdə, universitetin girişində, divarlardan dezinfeksiyaedici məhlulu olan xüsusi qablar qurulub ki, tələbələrimiz istifadə eləsinlər”.
Bəs dərslərin başlaması yoluxmanın artmasına təsir edəcəkmi?
Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova “Yeni Müsavat”a bildirib ki, payız mövsümündə havaların soyuması, iqlim şəraitinin qəfil dəyişilməsi ilə əlaqədar, bir qayda olaraq tənəffüs yolları infeksiyaları artır, kəskin respirator virus xəstəlikləri daha çox müşahidə olunur: “Hazırda üstünlük təşkil edən ”Delta" ştammının klinik əlamətləri də demək olar ki, mövsümi qriplərlə çox oxşardır. Bu baxımdan, diaqnoz qoyulmasında çaşqınlıq yarada bilər. Çünki burun axma, öskürək, qızdırma olduqda ilk olaraq soyuqdəymə, zökəm kimi qiymətləndirilir. Diaqnozun dəqiqləşdirilməsində həlledici rolu PZR müayinə oynayır. Qapalı məkanlarda bundan sonra daha çox vaxt keçirməyə məcburiyyətində olduğumuzu nəzərə alıb, vətəndaşlardan daha diqqətli olmağı xahiş edərdim. Qripəbənzər simptomlar olduqda, dərhal sahə həkimi ilə əlaqə saxlayıb simptomları bildirmək və öz sağlamlıq vəziyyətlərinə nəzarət etmək arzuolunandır. Bu çox zaman ağırlaşma ehtimalı və digər fəsadların qarşısını almağa yardımçı olacaqdır. Bununla yanaşı, daima sadaladığımız qorunma tədbirlərinə də riayət etməli olduğumuzu unutmamalıyıq. Qapalı məkanlar tez-tez havalandırılmalı, səthlər çox toxunulan yerlər, dezinfeksiyaedici məhlullarla təmizlənməli, əl gigiyenasına əməl etmək, spirt əsaslı dezinfektantların istifadəsi, maskalardan istifadə və vaksinasiya əsas qorunma yolu kimi başlıca olaraq qalmaqdadır".
Bu arada, Azərbaycanda COVİD-19 virusuna qarşı “AstraZeneca” və “Sputnik Layt” vaksinlərindən birgə istifadə olunub. Rusiya Birbaşa İnvestisiyalar Fondu xəbər verib ki, təcrübələrdə iştirak edən əksər insanlarda virusu neytrallaşdıran antitellərin sayının 4 dəfə artdığı müəyyən olunub. Azərbaycanda keçirilən təcrübə zamanı “AstraZeneca” vaksini vurulduqdan 29 gün sonra “Sputnik Layt” vaksininin ilk komponenti vurulub. 2021-ci ilin fevralından aparılan təcrübələrdə 100-ə qədər könüllü iştirak edib.
Könül İsmayılova yeni vaksinlərlə bağlı suala da cavab verib: ““Sputnik-layt” vaksinini Rusiyanın Hamaleya Mikrobiologiya Epidemiologiya Elmi- tədqiqat mərkəzində hazırlanıb, “Sputnik V”nin daha sadələşdirilmiş versiyasıdır. Burada yalnız bir dozanın istifadəsi kifayət edir, bu halda qoruyuculuq faizinin aşağı düşməsi ehtimalı çox olsa da, alimlərin fikirlərinə görə, bu vaksin istehsal cəhətdən daha sərfəli olacaq və vaksinasiyada daha çox insan iştirak edə biləcəyindən, pandemiya zamanı daha uğurlu mübarizə yolu olması düşünülür. Qeyd edim ki, bu vaksin Rusiya Səhiyyə Nazirliyində 2021-ci ilin mart ayında qeydiyyatdan keçib".
Həkim-infeksionist Nicat Əzimli də mövzu ilə bağlı fikir bildirib: “İki dozada fərqli vaksinlərdən istifadənin effektinin daha yüksək olduğu artıq bizə bəllidir. Doğrudur, bir neçə ay əvvəl Ümumdünya Səhiyyə Təşkilatının rəhbərliyi bu cür vaksinasiyanın insan orqanizmində hansısa əks təsirlərinin olacağı haqda məlumat çatışmazlığı olduğunu bildirsə də, Kanada kimi bəzi ölkələr artıq milyonlarla insan üzərində bunu tətbiq etdi və nəticələr uğurlu alındı. ”AstraZeneca" və “Sputnik” vaksinləri quruluş və təsir mexanizminə görə bir-birinə çox bənzərdir. Bizdə kiçik bir əhali üzərində aparılan bu təcrübədə adlarını çəkdiyimiz həmin iki fərqli vektor vaksinindən istifadə olunub. Bundan daha effektiv metod 2 vektor vaksinindənsə, “mRNA + vector” metodudur. Yəni məsələn, “Pfizer” və “Sputnik” və ya “Pfizer” + “AstraZeneca”nın birlikdə tətbiq olunmasıdır.
Yoluxmaların artması ehtimalına gəldikdə isə bu ehtimal qarşıdakı aylarda təbii ki, var. Lakin COVİD-ə qarşı tətbiq olunan vaksinasiya və əhalidə yaranan xəstələnmələrdən sonrakı təbii immunitet yoluxmaların kritik həddə çatmasının qarşısını ala bilər. Hər halda, buna ümid etmək indiki halda mümkündür".
“Yeni Müsavat”