Ey Müzəffər Kərəm Həsənov - sən Qalibsən!

12-11-2021, 16:08           
Ey Müzəffər Kərəm Həsənov - sən Qalibsən!
Dörd il bundan əvvəl, yaşım və səhhətimlə bağlı işlərimi qaydasına qoymaq qərarına gəldim. Yeganə əmlakım olan və vərəsəliklə mənə çatmış həyət evimi özəlləşdirmək üçün Əmlak komitəsinə müraciət etdim. Oradan bildirdilər ki, sənədlərin əsli yoxdur və siz həyətdə yox, binada yaşayırsınız. Binanı isə özəlləşdirmək olmaz. Bu iş yalnız məhkəmə yolu ilə həll edə bilər. 1950-ci illərdə hərbiçilər üçün tikilmiş, 1990-cı ildə özəlləşdirilmiş fin həyət evlərinin sənədinin olmaması məni çox təəccübləndirdi. Dövlətin hərbi şəhərcikdə tikdiyi yüzlərlə hərbiçi evlərinin sənədlərinin olmaması məntiqi baxımdan mümkün deyil. Sonradan anladım ki, BTİ bu sənədləri qəsdən gizlədir ki, əvəzində vətəndaşlardan rüşvət alsın. O zaman sirr deyildi ki, bu evlərin özəlləşdirilməsinə şəxsən Əmlak komitəsinin sədri Kərəm Həsənov nəzarət edir və onun "razılığı" olmasa bu evlər özəlləşdirilə bilməz. Mən məhkəməyə müraciət etməli oldum.

Birinci instansiya məhkəməsində hakim Miminat xanım gəlib həyətimizə və evimizə baxdı. Həqiqətən də bizim məhəllənin köhnə fin evlərindən və həyətlərdən ibarət olduğunu görüb, həyətimin özəlləşdirilməsinin qanuni olması qərarını verdi. Lakin BTİ qərarı yerinə yetirməkdən imtina etdi və kassasiya şikayəti verdi. Mən Əmlak komitəsinin məsul şəxslərinin qəbuluna gedib onlarla görüşdüm və 1956-cı ildə verilmiş orderi və s. sənədləri göstərib, məni səhhətimə görə get-gələ salmamalarını xahiş etdim. Lakin xeyri olmadı və mən Prezidentə açıq məktubla şikayət yazdım. Təəsüf ki, bu müraciətin də təsiri olmadı və yeganə ümid Ali məhkəməyə qaldı. Ali məhkəmənin hakimi Sevda Hüseynova, əlində, evimi şəxsən görən hakimin qərarını və həyətimin, məhəlləmizin şəkillərini gözü ilə görməsinə baxmayaraq, nə hakimə, nə də öz gözlərinə inandı və işi appelyasiya məhkəməsinə qaytararaq, mənzil istismar sahəsinin mühəndisinin də şahidliyini bu məhkəmədən tələb etdi. Apellyasiya məhkəməsi iki dəfə də məhkəmə keçirib, sonda mənim həqiqətən də binada yaşadığımı təsdiq etdi. Bütün bu işlərin başında Kərəm Həsənovun qüdrəti və təsiri açıq hiss olunurdu.

Əmlak komitəsi İqtisadiyyat nazirliyinin nəzdninə veriləndə, iki dəfə nazir Mikayıl Cabbarovun qəbuluna düşmək istədim. Lakin o şikayətimin Kərəm Həsənovla bağlı olduğunu öyrənib, məni qəbul etmədi. Vətəndaşı dinləməyə belə qorxan belə insanların hansı "istedadına" görə bir neçə idarəyə rəhbər təyin edilməsi hələ də mənim üçün qaranlıqdır.

Mən həyatımda bircə dəfə özəlləşdirilmiş evimin həyəti ilə bağlı məhkəmələrə müraciət etdim və illər çəkən məhkəmələr məni çox üzdü. Əsas da məhkəmə sisteminə olan inamım tam itdi. Ali və Appelyasiya məhkəmələri mənə sübut etdi ki, mən həqiqətən o çoxmərtəbəli binada yaşayıram. Mənim binada yaşadığımı "görən" bu sistemə görə, digər bəzi qonşularım həqiqətən də həyət evində yaşayır və onların özəlləşdirdiyi həyətlər qanunidir. Mən anladım ki, əgər kimsə Azərbaycanda Kərəm Həsənov kimi "qüdrətli" insanla "dil tapa" bilmirsə, onun saat kimi dəqiq işləyən məhkəmə sistemində və əmlak komitəsində haqq-ədalət axtarması mənasızdır. O sadəcə arzularından imtina etməlidir. Mən artıq nə Ali məhkəməyə nə də heç kimə, heç yerə müraciət etməmək qərarına gəldim və Kərəm Həsənova öz istəyimdəm imtina etdiyimi bildirmək istəyirəm.

Ey “Müzəffər” Kərəm Həsənov! Sən mənə qalib gəldin və "kişi kimi", o dünyaya hazırlaşan bir ziyalı alimin son işlərini qaydasına qoymağına imkan vermədin. Sən fəxr edə bilərsən ki, qalib ölkənin qalib məmurusan. Sənin əmrinlə bütün məhkəmə sistemi və şəxsi əmlak komitən yerdə olanı göydə, həqiqəti yalan, yalanı isə həqiqət görür. Mən məğlubiyyətimi və sənin “müzəffərliyini” etiraf edirəm.

Lakin sən təkcə mənə qalib gəlmədin. Mənim timsalımda bütün qədim dünyaya, onun sahiblərinə, həqiqətlərinə qəlib gəldin. Mən sadəcə bir sufi-batin alimiyəm və işim, Allahımın mənə verdiyi elmi, onu dərk etmək istəyənlərə çatdırmaqdan ibarət olmuşdur. Bu, qədimdə Allahın özünə qulluq üçün seçdiyi haqq əhlinin, batinilərin, ismaili imamlarının işi hesab olunurdu. Sən, həqiqətlə yaşayan və həyatını Allaha, onun elminə həsr etmiş bir Allah quluna qalib gəldin. O qullar nəslinin nümayəndəsinə ki, min illər Allah yalnız onları eşidib, onlar vasitəsilə dünyanı idarə edib. O qullar ki, min illər "Mülkə-Hu"-nun, yəni Allahın yerdəki Mülkünün sahibi olub və qədimdə Albaniyanın Aranşahlar, Gilar-Cəlairilərin Qacar şahları kimi tanınıb. Bu gün sən, Allahımızın Öz Şəxsi Mülkündə, Onun Özünə qulluq üçün seçdiyi qulunun halal mülkünə sahib olmasına imkan vermədin. Bizlər həmişə bütün işlərimizdə Allahımızı köməyə çağırıb, "Allahın köməyi ilə düzələr", "Allaha təvəkkül", "Allah Kərimdir" və s. deyən möminlər olmuşuq. Sən isə sübut etdin ki, bu gün Allah və Onun həqiqətləri yoxdur və bu günün Allahı sənsən. Olsun, mən artıq söz deməyə acizəm. Çünki, sən böyük «qəhrəmanlıq» göstərdin və bunula da bütün nəslin öyünə bilər. Lakin onu bil ki, biz öz Allahımıza ümidi itirməmişik. Bir gün gələrcək ki, sən və sənin bütün allahsızlar ordun törətdiyin haqsızlıqlara görə Allahımız qarşısında cavab verəcəksiniz. İnşaallah o gün mütləq gələcək və biz bunu dəqiq bilirik.

Sufi-batin alimi, Qorqud partiyasının sədri Firudin Kərimov (Firudin Gilar Bəg)












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.